NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

İgid şəhidlərimiz qəlbimizdə yaşayır

...

Bababəy Şamil Nazim oğlu

(04.01.1994-07.10.2020)

Şamil balaca vaxtından sakit təbiətli bir uşaq idi. Məktəbdə əlaçı olduğundan müəllimləri, sinif yoldaşları onu çox sevirdilər. Birinci sinfi Çənnəb kənd tam orta məktəbində oxumuşdu. Sonra mənim işimlə bağlı Ordubada köçməli olduq. Burada internat məktəbində oxumağa başladı. O, müddətdə keçirilən bütün idman yarışlarında iştirak edirdi. Həmişə də mükafatlandırılırdı. Dərslərini də yaxşı oxuyurdu. Test-sınaq imtahanlarında da fəallıq göstərir, yüksək nəticələr qazanırdı. Yoldaşlarına qarşı çox mehriban idi. Daha sonra isə Heydər Əliyev adına Hərbi Liseydə oxudu. Liseyə onu görməyə gedəndə müəllimləri razılıq edirdilər. Qəlbim dağa dönürdü. Oranı da bitirdikdən sonra Bakıya qəbul oldu. Bir gün mənə zəng etdi ki, ata, mən arzuma çatdım. Tankçı olacağam. Balaca vaxtından “Dədə Qorqud”, “Uzaq sahillərdə”, “Babək” və bu kimi filmlərə baxar, mən də onlar kimi olacağam deyirdi. Onda Həzi Aslanova sevgi yaranmışdı. Deyirdi ki, ata, mən də istəyirəm Həzi Aslanov kimi tankçı olum. Onun yolunu davam etdirim. Mən də Qarabağı erməni işğalçılarından azad edənlərdən olum. Şamil bu ruhda yetişmişdi. Vətəninə, torpağına çox bağlı idi. Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Şamildən başqa üç oğlum da var. Onlardan biri də tankçıdır. Qardaşının yolunu davam etdirir. Şamillə axırıncı dəfə 28 sentyabrda danışdıq. Dedi ki, ata, hər halda biz də müharibəyə gedəcəyik. İnşallah, sağ-salamat çıxarıq. Ağdərə istiqamətində döyüşlər zamanı şəhid oldu. Neytral ərazidə qaldı nəşi. Oktyabrın, dəqiq xatırlamıram, ya 24-ü, ya da 25-i Daxili İşlər Nazirliyindən çağırdılar. Ayın 28-i Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn olundu. Doğum və şəhadətə ucaldığı günlər gedib məzarını ziyarət edirik. Övlad itkisi ağırdır. Ancaq nə etmək olar? Şəhid övladlarımızın qisməti belə imiş. Şirin canlarından Vətən yolunda keçdilər. Ruhları şad olsun. Torpaqlarımızı özümüzə qaytardılar. Torpaq namusumuzdur. Bugünkü gənclərə örnək olan igid şəhidlərimiz hər birimizin qəlbində yaşayır. Onlar bu sevgini özləri qazanıblar.

Nəşr edilib : 30.08.2024 09:48