NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

İctimai Birlik sədri: ICMP-nin təşəbbüsləri və Dövlət Komissiyası ilə əməkdaşlığı itkin ailələrinin ümidlərini artırır

...

İtkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin təşəbbüsü ilə 2023-cü ildə "Qarabağ İtkin Ailələri” İctimai Birliyi təsis edilib və Ədliyyə Nazirliyi tərəfindən müvafiq qeydiyyata alınıb. Bu birlik Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düsmus, əsir-girov göturulmüs şəxslərin və onların ailələrinin hüquqlarının müdafiəsini qarşısına əsas məqsəd kimi qoyub

"Şərq qapısı" xəbər verir ki, bunu "Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, bir çox ölkələrdə itkin düşmüş şəxslərin axtarışı, itkindüşmə hallarının qarşısının alınması və bu sahədə beynəlxalq iddiaların qaldırılması işinin itkin ailələrinin təsis etdiyi ictimai birliklər tərəfindən aparılması təcrübəsi geniş yayılıb. Nüfuzlu beynəlxalq təsisatlar, o cümlədən BMT-nin müvafiq təsissatları da bu tipli qeyri-hökumət təşkilatları ilə daimi məsləhətləşmələr aparır, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin humanitar, sosial və ictimai aspektləri ilə bağlı onların rəyinə önəm verir:"Bu baxımdan, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi ilə bağlı təşəbbüsləri və Dövlət Komissiyası ilə əməkdaşlığı itkin ailələrinin ümidlərini bir az da artırır. İnanırıq ki, ICMP itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin aydınlaşdırıması işində daha yaxından və sistemli şəkildə iştirak edəcək. Prezident İlham Əliyevin itkin düşmüş doğmalarımızın taleyinə aydınlıq gətirilməsi sahəsində həyata keçirdiyi tədbirlər, səsləndirdiyi fikirlər, şəhid və itkin ailərinə göstərdiyi diqqət və qayğı, həmçinin Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən axtarış və qazıntı işləri, meyit qalıqlarının ekshumasiyası və eyniləşdirmə işlərinin aparılması itkin ailələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. İnanırıq ki, dövlətimizin başçısının rəhbərliyi ilə aparılan zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətiriləcək və bizim intizarımıza, uzun illərdir çəkdiyimiz iztirablara son qoyulacaq".

Nəşr edilib : 30.06.2026 13:24