NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Heydər Əliyev Naxçıvanı qorudu

...

Prezident İlham Əliyev: "O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu.

 Bura Vətəndir, bura Nəqşicahandır

O Naxçıvan ki hər daşında ox nişanı, şəhid qanı var. O Naxçıvan ki dəfələrlə düşmən hücumuna sinə gərib, yüzlərlə övladını Vətən yolunda qurban verib, amma mətanətini itirməyib. Məğrur Əlincəsi, tarixə naxış salan Əcəmisi, dünyaya dövlətçilik dərsi verən Atabəyləri ilə anası Azərbaycanın döyünən ürəyi, tarixboyu türk-İslam aləminin alınmaz qalası, tarixin uzun bir dövründə Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olub. Bu şanlı missiya bu gün də davam etməkdədir. 
Elə məhz buna görədir ki, bu müqəddəs Nuh məkanının dəyəri düşmənlərimizə də əyan olub. Bu səbəbdəndir ki, yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Doğma yurdumuz tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğrulub. Odur ki, qədim Nuh yurdunun tarixinin hər səhifəsində min-min salnamə var. Bu salnamələr bir yerə toplananda isə qədim diyar haqqında ümumi bir fikir formalaşır: Bura VƏTƏNDİR! Bura Nəqşicahandır! 
O Nəqşicahan ki uzun illər boyu buradan yolu düşən dosta qürur, düşmənə gözdağı, tarixboyu Azərbaycanın yenilməz, ərən qalası, vətənsevərliyi, dönməzliyi ilə nümunə olub. Tarixin bütün dövrlərində öz cəsarətləri, Vətən sevgiləri ilə seçilən naxçıvanlılar dəfələrlə qədim yurda qarşı olan hücumlara sinə gərmiş, onu anası Azərbaycandan ayırmaq istəyənlərlə mətinliklə mübarizə aparıb, qalib gəliblər. 
Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı illərdə mənfur, məkrli qonşusu ermənilərin ərazi iddiaları ilə üz-üzə gələn naxçıvanlılar öz qəhrəmanlıq salnaməsində daha bir səhifə açdı. Həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Naxçıvan əhalisi, yerli ziyalılar erməni daşnaklarına qarşı inadla mübarizə apardı və mənfur düşmən öz arzusunu reallaşdıra bilmədi. Erməni quldurları kənd­lərimizə hücumlar edib tarixdə görülməmiş soyqırımlar törətsələr də, sakinlər öz canları bahasına onları qovub yurdumuzdan çıxardılar. Həmin illərdə naxçıvanlıların qəhrəmanlığı haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndəsi Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi: “İgid naxçıvanlılar, şərurlular bütün çətinliklərə özləri qalib gəldilər, onlar həyatlarını, ailələrinin şərəfini, var-dövlətlərini riskə qoyaraq doğma torpağa, Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra naxçıvanlıların qanuni hüquqlarını danmayacaqlar”.   
Ən çətin dövrlərindən birini 1918-ci ildə yaşayan Naxçıvan torpağı sovet əsarətinə keçəndən sonra torpaqları keçmiş sovet rejiminin rəhbərlərinin əli ilə hissə-hissə düşmənə verilib Azərbaycandan coğrafi cəhətdən ayrılsa da, yenə də öz ana Vətəninin alınmaz qalası olaraq qaldı. 

Burada müasir Azərbaycanın təməli atıldı

70 il sovet əsarətində qalan Naxçıvan Türk dünyasının qapısına vurulan böyük bir zənciri xatırladırdı. Ta ki həmin günə kimi. Həmin gün 70 illik əsarət zəncirini öz yalın əlləri ilə söküb atan naxçıvanlılar Turanın başı üstündəki qara buludu da dağıtdılar. Amma SSRİ-nin dağılması nəticəsində yaranmış hərc-mərclikdən istifadə edən məkrli düşmənlərimiz yenə öz çirkin əməllərini işə saldılar. Vaxtilə Zəngəzuru işğal edənlər indi də Naxçıvana girişməyə cəhd etdilər. Amma naxçıvanlılar yenə mətanətini itirmədi. Həmin illərdə muxtar respublika ağır sınaqlar, məhrumiyyətlər qarşısında qalsa da, Ulu Öndər Heydər Əliyev kimi dünya siyasətinin korifeyi Naxçıvanda yaşayırdı və muxtar respublikaya rəhbərlik edirdi. Məhz Heydər Əliyev amili bölgəni labüd fəlakətdən xilas etdi. Bu həmin vaxtlar idi ki, Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına müqavimət göstərir, torpaqlarımız igid oğulların şücaəti, canı-qanı bahasına qorunurdu. Digər tərəfdən isə qədim yurdumuzun blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində, ölüm-dirim mübarizəsi də deyə bilərik. Nə mavi yanacaq var idi, nə də işıq. Sərhədimizə amansız hücumlar edildiyi həmin illərdə çox çətin sınaqla müharibə və ondan da betər olan aclıqla üzləşmişdi naxçıvanlılar... Bütün bunlara baxmayaraq, qazandığımız müstəqilliyi itirməməyə səy göstərir, torpağımızı qoruyur, bir addım belə geri çəkilmirdik. Görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, bütün məsələlərin öz həllini tapacağına inanırdılar. Onun xalqının, xalqın isə Onun yanında olması Naxçıvanı və Azərbaycanı qorudu.  Bu il martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində ölkə başçısının dediyi kimi: 
“Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular”.
Bəli, həmin illərdə  Naxçıvan sakinləri ilə bərabər qazsız, işıqsız, soyuq, şaxtalı günlərdə çıraq işığında yaşayıb gərgin əmək sərf edərək böyük nailiyyətlərin təməlini atdı yurdumuzun dahi oğlu. Dərin zəkası, uzaqgörənliyi, tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantların ən düzgününü seçib gərginliyi aradan qaldırsın. Qaldırdı da. Həm düşmənin qarşısı alındı, həm də Naxçıvanın haqq səsi dünyaya yayıldı. Ümummilli 
Liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı illərdə mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib. O, gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Təkcə muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail olundu. Naxçıvanlılar Ulu Öndərini daim uca tutub onun hər gəlişində küçələrə, meydanlara çıxır, böyük məhəbbət hissi ilə qarşılayırdılar.  Həmin görüşlərdən birində Ulu Öndər deyirdi: “Sizinlə məni bağlayan təkcə bu torpaqda doğulmağım, böyüyüb həyata atılmağım deyil. Sizinlə məni bağlayan Azərbaycan Respublikası, o cümlədən muxtar respublika üçün çox ağır bir dövrdə – 1990-cı ildən sizinlə bir yerdə yaşamağım, Naxçıvanı sizinlə birgə qorumağımdır”.
Bəli, həmin illərdə  burada bu qədim Azərbaycan torpağında müasir Azərbaycanın təməl daşı qoyuldu. Naxçıvanı qorumaqla Azərbaycanın gələcəyi qorundu. Bu həmin Azərbaycan idi ki, iki əsrdən çox bir vaxtda parçalanır, hissə-hissə pay verilirdi. Bu gün həmin parçalanmaq istənilən Vətənin yerində qalib dövlət, əhalisi sürgünə, köçə məcbur edilən xalqın yerində isə qalib, başı dik, alnıaçıq azərbaycanlılar var. Vətən oğlunun iradəsi və siyasi gücündən doğulan müasir, qalib Azərbaycan.  

Naxçıvan türk-İslam dünyasına bir qapıdır

Vətən savaşı – Azərbaycan tarixinə qızıl qanla yazılan şanlı günlər.  Azərbaycan tarixboyu ən böyük qələbəni məhz 44 gündə qazandı. Azərbaycan deyiləndə ayağa qalxdı bu günə kimi bizə xor baxanlar. Ordumuz döyüş meydanında, xalqımız öz evində elə bir rəşadət və igidlik nümayiş etdirdi ki, bütün dünya heyran qaldı bir xalqın igidliyinə, bir ordunun cəsarətinə. Evi düşmən mərmisi ilə xarabaya dönən sakinlər “Var-dövlətimiz Azərbaycan əsgərinə qurban olsun”, – dedilər. Gəncədə  ağır silahların zərbəsi ilə dağılan evin xarabalığı altından çıxarılan 6 yaşlı oğlan uşağı üz-gözü qan içində olsa da, gülümsəyib “Biz varıq və var olacağıq”, – dedi. Və biz müharibə meydanında qələbə qazanıb bu qələbəni siyasi masada qələbəyə də çevirdik. 
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil yollarının tikintisi gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə yanaşı, həm də Naxçıvanı Türk dünyası üçün qapıya çevirəcək. Bəli, Ulu Öndərin arzuladığı günə,  həmin günə az qalıb.  Qədim türk yurdunun türk-İslam dünyasına qapı olmasına az qalıb. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 17.03.2025 11:15