Ağdamın işğaldan azad olunmasından 6 il ötür...
00:05 20.11.2026
0
0
0
NAXÇIVAN :
20 Noyabr 2026, Cümə
“Şərq qapısı” qəzeti onlar üçün ilk qələm təcrübələrinə işıq salan, yaradıcılıq yollarına istiqamət verən, sözə və sənətə sevgi aşılayan doğma bir ocaq, sözün əsl mənasında, həyat məktəbi olub. Bu qocaman söz çinarının kölgəsində ilk yazılarını çap etdirən qələm sahibləri zaman keçdikcə püxtələşib, özünəməxsus üslubları və sanballı yazıları ilə oxucuların rəğbətini qazanıblar. İllər ötdükcə onların qəzetə bağlılığı daha da möhkəmlənib. Bu bağlılıq o qədər dərin olub ki, mətbuat ocağı onların yalnız yaradıcılıq taleyində deyil, şəxsi həyatlarında da silinməz izlər buraxıb. Hətta gələcək ailə həyatlarının təməli də məhz burada qoyulub. Söhbət ömürlərinin ən məhsuldar, ən mənalı illərini “Şərq qapısı” qəzetinə həsr edən, talelərini həm jurnalistika sənətində, həm də ailə həyatında birləşdirən jurnalist Məmmədovlar cütlüyündən – Afət müəllim və Xuraman xanımdan gedir. Bir həftəsonu onlarla telefon vasitəsilə əlaqə saxlayaraq həmsöhbət olduq. Qəzetimizə böyük sevinc və şövqlə müsahibə verən jurnalist cütlük yaddaşlarını təzələdi, ötən illərə nəzər salaraq xatirələrini bizimlə bölüşdü.
Respublikanın Əməkdar mədəniyyət işçisi Afət Məmmədov söhbətə “Şərq qapısı” qəzetinin onun həyatındakı yerindən bəhs etməklə başlayır: “Şərq qapısı” qəzeti bizim üçün böyük məktəbdir. Hər şeydən əvvəl, bu qəzet bizim üçün bir ailə olub. Gənclik illərimizdən başlayaraq ömrümüzün ən məhsuldar çağlarını bu qəzetə həsr etmişik. İlk qələm təcrübələrimiz çap olunanda çox gənc idik, mətbuata yenicə qədəm qoymuşduq. Buna baxmayaraq, “Şərq qapısı” bizi böyük doğmalıqla qarşıladı, öz səhifələrində bizə yer verdi. Məhz bu qəzetdə jurnalistikanın sirlərinə yiyələndik, mətbuatda öz yolumuzu tapdıq, peşəkar qələm sahibləri kimi formalaşdıq. Qəzetin kollektivi, oradakı yaradıcı mühit o qədər doğma və səmimi idi ki, “Şərq qapısı”nda fasiləsiz olaraq 24 il çalışdım. Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan “Nuh yurdu” qəzetinin ilk baş redaktoru oldum. Bir sözlə, qələmimi, bütövlükdə, Naxçıvana, onun inkişafına və tərəqqisinə həsr etdim. Ailəlikcə Bakıya köçənədək burada fəaliyyət göstərdim”.
Afət müəllim həyat yoldaşı Xuraman xanımla birlikdə muxtar respublikanın ictimai-siyasi, sosial və mədəni həyatının işıqlandırılmasında, onun təbliğində mühüm xidmətlər göstərib. Bakıya köçdükdən sonra isə fəaliyyətlərini paytaxt mətbuatında davam etdiriblər. Afət müəllim Bakıda keçirdikləri illərdən danışarkən deyir: “Bakıya köçdükdən sonra hər ikimiz mərkəzi mətbuatda çalışmağa başladıq. Həyat tərzimizin bir anda dəyişməsi, təbii olaraq, yaradıcılıq fəaliyyətimizə də təsir göstərdi. Mən əvvəlcə “Respublika” qəzetində şöbə müdiri və redaktor müavini, daha sonra “Azərtac”da müxbir, ardınca isə “Xalq qəzeti”ndə baş redaktor müavini vəzifələrində çalışdım. Ümumilikdə, mətbuat sahəsində 50 ilə yaxın səmərəli fəaliyyət göstərdim. Siyasi mövzularda, xüsusən də Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinə dair bir neçə kitab və yüzlərlə məqalə qələmə aldım. Mətbuat sahəsindəki fəaliyyətim dövlətimizin diqqətindən kənarda qalmadı. Mənə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, həyat yoldaşım Xuraman xanıma isə Azərbaycanın “Əməkdar jurnalist”i fəxri adları verildi. Dövlətimizin xüsusi diqqət və qayğısı sayəsində mənzillə də təmin olunduq. Bundan böyük xoşbəxtlik nə ola bilər ki?”
Həyat yoldaşı ilə çiyin-çiyinə, fədakarlıqla mətbuat sahəsində çalışan Xuraman xanım ömrünün 50 ildən çoxunu jurnalistikaya həsr edib. Bu illərin 35 ili Naxçıvan mətbuatında, 24 ili isə mərkəzi mətbuatda keçib. Jurnalistlik fəaliyyəti boyunca iki qəzet onun üçün doğma ünvana çevrilib: ilk yazılarının çap olduğu “Şərq qapısı” və 24 il çalışdığı “İki sahil” qəzetləri. Xuraman xanımın sözlərinə görə jurnalistikaya sevgisi hələ uşaqlıq illərində atasından qaynaqlanıb: “Mətbuata və jurnalistikaya duyduğum sevgini mənə atam İsmayıl Sadıqov aşılayıb. O, uzun illər “Şərq qapısı” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Yaxşı xatırlayıram, atam yazı makinasının arxasında əyləşib işləyərkən mən də onun yanına keçər, iri düymələri taqqıldadardım. Elə o vaxtlardan qəlbimdə mətbuata, jurnalistikaya sevgi yaranmağa başlamışdı. Mən də atam kimi jurnalist olmağı, onun istifadə etdiyi yazı makinasında yazılar yazmağı arzulayırdım. Məktəbi əla qiymətlərlə başa vurub Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul olunanda və “Şərq qapısı” qəzetində ilk əmək fəaliyyətimə başlayanda arzumun gerçəkləşdiyini hiss etdim”.
Xuraman xanım və Afət müəllimin gənclik illəri Azərbaycanın ən çətin və təlatümlü dövrlərindən birinə təsadüf edib. Ötən əsrin 90-cı illərindən etibarən ölkədə baş verən mürəkkəb siyasi proseslər mətbuatdan da yan keçməyib. Belə bir şəraitdə xalqın maarifləndirilməsi, həqiqətlərin ictimaiyyətə çatdırılması və milli maraqların müdafiəsi kimi mühüm vəzifələr jurnalistlərin üzərinə düşüb. Həmin illərin canlı şahidləri olan Xuraman xanım və Afət müəllim də qələmlərini mübarizə vasitəsinə çevirərək dövrün mürəkkəb siyasi mənzərəsini öz yazılarında əks etdirməyə çalışıblar.
Xuraman xanım o dövrün çətinliklərindən, jurnalistlərin üzərinə düşən məsuliyyətdən, xalqın milli birlik və həmrəylik nümayiş etdirdiyi tarixi məqamlardan söz açaraq deyir: “Ötən əsrin 90-cı illərindən başlayaraq ölkəmizdə baş verən siyasi proseslər, təbii olaraq, mətbuata da təsir göstərdi. Bizim kimi yüzlərlə jurnalist qələmini silaha çevirərək xalqımızı yaşadığı ağır vəziyyətdən xilas etmək üçün çalışır, Ümummilli Lider Heydər Əliyevin ətrafında yumruq kimi birləşərək mübarizə aparırdı. Həmin illəri xatırlamaq çox çətindir. Yadımdadır, Heydər Əliyevə təzyiq göstərmək məqsədilə Naxçıvana bir təyyarə dolusu adam göndərmişdilər. Lakin naxçıvanlılar böyük birlik və həmrəylik nümayiş etdirərək bir yumruq kimi birləşdilər. Gecədən səhərə qədər hava limanında keşik çəkdilər ki, dahi şəxsiyyətə qarşı hər hansı təxribat baş verməsin”.
Xuraman xanımın xatirələrində həmin dövrün ağır sınaqları ilə yanaşı, milli həmrəyliyin və siyasi iradənin təcəssümü də xüsusi yer tutur: “1991-ci ildə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildikdən sonra muxtar respublikada baş verən siyasi proseslər tədricən öz məcrasına düşməyə başladı. Xatırlayıram, 1991-ci ildə Naxçıvan şəhərində, indiki Ali Məclis binasının qarşısında naxçıvanlılar Ulu Öndər Heydər Əliyevin ətrafına toplaşmışdılar. Həmin mitinqdə görkəmli şəxsiyyət çox qiymətli fikirlər səsləndirdi. Onun dilindən eşitdiyim hər bir kəlmə bu gün də yaddaşımdadır. Hətta söylədiyi bir fikir mənim üçün həyat amalına çevrilib. Ulu Öndər yanımızda gətirdiyimiz körpə uşaqlara işarə edərək dedi ki, övladlarınızı qucağınıza alıb havaya qaldırın, çünki onlar bizim azadlıq bayrağımızdır. Bu sözlər ömürlük yaddaşıma həkk olundu”.
Xuraman xanımla Afət müəllimin ailə bağları da “Şərq qapısı” qəzetində yaranıb. Eyni ildə qəzetdə əmək fəaliyyətinə başlayan bu cütlük burada tanış olub və sonradan ailə həyatı qurub. Onlar bu ailədə üç övlad böyüdüblər. Təəssüf ki, qızları Şəfa Məmmədova 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi zamanı həyatını itirib.
“Şərq qapısı” qəzeti ilə bağlı xatirələrini ürəkdolusu bölüşən Məmmədovlar cütlüyü qəzetin 105 illiyini də unutmayıb, təbriklərini böyük sevinc və səmimiyyətlə çatdırıblar: “Şərq qapısı” qəzeti bizim üçün olduqca doğma və əzizdir. Biz bu qəzet vasitəsilə yaradıcılıq yoluna qədəm qoymuş, məhz burada özümüzü, öz imzamızı tapmışıq. Doğma qəzetimiz 105 ildir ki, öz ziyası ilə neçə-neçə jurnalistin həyat yoluna işıq tutur. Bu münasibətlə bütün yaradıcı kollektivi təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayırıq. Sağ olun ki, bizi yad etmisiniz!”
Xuraman xanım da, Afət müəllim də həyatlarını qəzetə, qəzetçiliyə həsr edən mətbuat fədailəridir. Onların həyatında mətbuat heç vaxt, sadəcə, iş yeri olmayıb. Bu sahə həm yaradıcılıq məktəbi, həm mənəvi bağlılıq mənbəyi, həm də ailə tarixlərinin başlanğıcı olub. Bizdə müsahibəyə görə peşəkar qələm sahiblərinə təşəkkür edir onlara uzun ömür, can sağlığı arzu edirik.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər