Çernobıl AES-də baş verən qəzadan 39 il ötür...
00:20 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
İndiki kimi xatırladığım və hər xatırladıqca həyəcanlandığım 1999-cu ilin oktyabr ayının bir payız günü həyatıma qürurla yazılan və heç zaman silinməyən bir ömürlük ən dəyərli xatirəyə çevrildi. Bəli, sadəcə, bir neçə saniyəlik görüş... Hələ onda cəmi 9 yaşım var idi. Atam bir neçə gün əvvəl “Heydər babanı görmək istəyirsən?” – deyə soruşdu. Biz Onu “Heydər baba” olaraq tanıyırdıq axı. Lap balaca uşaqkən atam bacımla mənə Heydər babaya aid şeirlər, mahnılar öyrədərdi, uzun-uzun ondan danışardı bizə. Atamın bizə aşıladığı bu əziz sevgi uşaqlıqdan canımıza hopmuşdu sanki... Düşünürəm ki, Naxçıvanda bu ənənə təkcə bizim evdə deyildi. Uşaqdan-böyüyə hər kəsin o böyük şəxsiyyətə tükənməz məhəbbəti var idi. Etiraf edim ki, Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirini nə zaman eşitsəm, Heydər baba canlanardı gözümdə. İndi düşünürəm ki, qismən də olsa, yanlış düşünməmişəm. Çünki Heydər Əliyev də vüqarlı bir dağ idi, böyük bir zirvə idi Azərbaycan xalqına. Şəhriyarın bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etdiyi Heydərbaba dağından daha uca, daha ülvi, daha əzəmətli idi Heydər Əliyev dühası… Necə ki Arazın o sahilində yaşayan soydaşlarımız üçün Heydər baba dağı nicat rəmzi, səadət nişanəsi idi, Azərbaycan üçün də Heydər Əliyev xalq olaraq güvənlə yaslandığımız əzəmətli dağ, böyük dayaq idi.
Biz uşaqlar onu şəkillərdə görüb, şəkillərdə əzizləyib, şəkillərdə sevmişdik. Onun adı keçən şeirləri, mahnıları həvəslə əzbərləyib, qürurla səsləndirmişik. Onu gerçəkdən görməyi xəyal etdikdə ürəyim sürətlə döyünməyə başlayırdı. Atam söz vermişdi axı Heydər babanı görməyə gedəcəkdik. Nəhayət, o gün çatdı. Heç ağlımdan silinməyən o tarix – 13 oktyabr 1999-cu il... Atam demişdi ki, bu gün Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı olacaq, açılış mərasimində Heydər Əliyev iştirak edəcək. Həmin gün səhər saat 9-da ailəlikcə Heydər babanı qarşılamaq üçün yola düşdük. Ancaq indiki İmişli binasının yanına qədər gedə bildik. Çünki şəhərdə böyük izdiham var idi. Hər kəs qəlbində aşıb-daşan sevgi ilə öz xilaskarını şüarlarla, bayraqlarla, güllərlə, çiçəklərlə qarşılamağa gəlmişdi. İnsanlar “Heydər baba”, – deyə qürurla öz dövlətinin qurucusunu, memarını səsləyirdi. Böyük fərəh hissi ilə mən də onlara qoşuldum, bilmirəm sevincdənmi gözlərim yaşla dolurdu, içimdə çağlayan, coşub-daşan qəribə hisslər var idi, bütün qəlbimlə mən də səsləndim: “Heydər baba, Heydər baba!” Bir neçə dəqiqə sonra aramla bizə doğru gələn qara maşının arxa oturacağında əyləşən o ülvi insan xoş təbəssümlə əl sallayaraq önümüzdən keçdi. Sanki qəlbimdə ona qarşı hiss etdiyim bu doğma hissi, bu böyük sevgini hiss etmişdi, üzümə baxaraq mənə gülümsədi, o an özümü saxlaya bilmədim, məni bir hönkürtü tutdu. Bu Onu bir neçə addım yaxınlıqdan görə bilməyin sevinc, qürur, fərəh, fəxarət göz yaşları idi. O xoş baxış, xoş təbəssüm bir ömür yaddaşıma həkk olundu.
Uşaqlıqdan indiyədək qəlbimdə o dahi insana qarşı uca və möhtəşəm bir məhəbbət yaşayır. Heydər Əliyev məhəbbəti… Bənzərsiz həyat yaşamış, xalqımın tarix kitabının qızıl səhifələrini yazmış Ulu Öndər, dahi Heydər Əliyevə olan ülvi məhəbbətimi, hüdudsuz sevgimi ifadə edə bilməyə sözlər aciz qalır. Ürəyimin dərinliklərində coşub-çağlayan duyğuları tərənnüm etmək sözlərə, kəlmələrə, cümlələrə sığmır.
Bu gün hər bir azərbaycanlı yaxşı dərk edir ki, Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş Tanrı payıdır. Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük düha, güclü və müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş ölkəmizin qurucusudur.
Heydər Əliyev tarixin özüdür. Tarix isə yalnız böyük dühaların parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Deyirlər: “Elə yaşa ki, öləndən sonra da ölməyəsən”. Ölməzlik, həmişəyaşarlıq isə ancaq dahilərə, böyük şəxsiyyətlərə nəsib olan xoşbəxtlikdir. Xalqımızın böyük oğlu Heydər Əliyev də məhz belə şəxsiyyətdir. Bir bahar günündə dünyaya göz açan dahi şəxsiyyət Azərbaycana nemət olaraq bəxş olunan Tanrı payı idi. O öz gəlişi ilə Azərbaycana əbədi bahar gətirib, öz ömür kitabını şərəfləndirən uğurlara imza atıb. Zirvələr fatehi Heydər Əliyev ömrü boyu xalq üçün, Vətən üçün, yurd üçün, torpaq üçün, dövlət üçün çalışıb. Azad, suveren böyük Azərbaycanı yaradıb, üçrəngli istiqlal bayrağımızı başımızın üstündə yenidən dalğalandırıb. Onun misilsiz xidmətləri sayəsində Azərbaycan yenidən müstəqil siyasi varlığa çevrilib.
Heydər Əliyev azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə hər zaman özünü xoşbəxt, bəxtəvər sayıb. Xalq hər zaman Heydər Əliyev və onun siyasətinə güvənib, ona arxalanıb. Xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımız bir çox bəlalardan xilas olub. İllər ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı möcüzələr daha aydın görünür. Zaman keçdikcə Ulu Öndərimizin böyüklüyünü daha çox hiss edirik. O, Azərbaycanın yalnız bu gününü düşünməyib, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünüb. Mənalı ömrünü öz xalqına həsr etmiş Ulu Öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilib. Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır. Təbii ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb. Heydər Əliyev ocağının qılınc kimi kəsərli sözü, “dəmir yumruğ”u olan İlham Əliyev, Tomris qeyrətli, Sara xatın siyasətli Mehriban Əliyeva kimi varisləri olduqca biz sabahımızın bu günümüzdən də gözəl olacağına əminik. Heydər Əliyev irsi, siyasəti, yolu var olduqca bəxtəvər Azərbaycan xalqı da var olacaq. Necə ki Azərbaycan var olduqca, Heydər Əliyev də daim yaşayacaq!
Elə dahi şəxsiyyətin dediyi kimi: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” O, həmişə bizimlədir! Yüz il deyil, yüzlərlə il keçsə də, əsrlər, qərinələr dolansa da, Azərbaycanın adı Heydər Əliyevlə qoşa çəkiləcək! Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən Vətənimizin hər guşəsində onun abidəsi ucalır, ucalacaq! Dahi şəxsiyyətin ən böyük abidəsi isə ona əziz olan xalqın ürəyindəki məhəbbət taxtı, sevgi sarayıdır! Bu sonsuz məhəbbət, bu əbədi sevgi xaqlmızın qəlbində daim var olacaq!
Gülcamal TAHİROVA
Digər xəbərlər