Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
...1918-ci ilin mart hadisələri vaxtı Hüseyn Cavid Bakıdakı köhnə Nikoloyevski küçəsindəki “Təbriz” otelində yaşayırmış. 1918-ci ilin mart hadisələrinin ikinci günü bir dəstə daşnak əsgəri otelin qapısını qırıb içəri girir və altmış nəfəri əsir götürürlər. Onlar yolda hər tinbaşı atəş açaraq əsirləri güllələyirlər. Altmış nəfərdən iki nəfər qalana qədər onları öldürürlər. XX əsrin uzaqgörən romantiki Hüseyn Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini elə bu acı təsirlər altında yazıb. Əsəri oxuduqca insanların taleyində müharibənin yaratdığı vəhşiliklər, eyni zamanda xain, ikiüzlü, iblis xislətli ermənilərin əsrlərdən bəri xalqımızın başına açdığı müsibətlər göz önündə canlanır. Hüseyn Cavidin düşüncəsinə görə, İblis bu sarsıntılı tarixi mühitin mərkəzində dayanan, onu inkişaf etdirən və bütün təzadları özündə daşıyan bir surət kimi göstərilir.
Əsərdə vəhşiliklərə, xainliklərə qarşı duran surət Arifdir. Arifin simasında saf bir sevgi tərənnüm edilir və bu sevgini qorumağa çalışan qüvvə kimi şər qüvvələrin, iblislərin hədəfinə çevrilir. Mədəni vəhşəti, zülmü, cinayəti, fəlakəti, xainliyi pisləyən, vicdanlı olmağı məsləhət bilən Arif axırda özü İblisə qul olur. O, imtahandan keçə bilməyib, nəfsinin köləsinə çevrilir. İblisin əsiri olan Arif İblisə uyub, bir çox cinayətlərə bais olur.
“İblis” əsəri, eyni zamanda insanın daxilindəki xeyir və şərin mübarizəsinə həsr olunub. Müəllif bu əsərdə iblis obrazının simasında insan konsepsiyasının qloballığını, əsərin genişliyini və aktuallığını açıb göstərib. Cavid əfəndiyə görə, insan dramatik bir varlıqdır, bu varlığın daxilində xeyir və şər, müharibə və sülh, qılınc və qələm arasında mübarizə gedir. Ən əsas cəhət də odur ki, bu mübarizədə yüksələn, qələbə çalan insandakı insanilikdir.
Pyesdə maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti də təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğrayıblar. Bu əsərdə insanlığa sevgi, vicdan, mərhəmət, əxlaq aşılanır. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir.
Ədib çılğın və qorxunc İblisin hər ölkədə, hər diyarda, hər evdə olduğunu, hər kəsin İblisi dinlədiyini, lakin ona nifrət də etdiyini bildirir. İnsanlara rəhbərlik edən qan püskürən, atəş savuran kinli kralları, şahları, ulu xaqanları, qızıl və qadın düşkünü olanları, min hiylə quran tülkü siyasətçiləri, hər an məzhəb çıxaran, yol ayıran din xadimlərini, xalqı soyan əyanları, bütün fitnəkar şərləri, zülmü, xəyanəti yer üzünün həqiqi İblisi sayır. Faciənin əsas ideyası, qayəsi əsərin sonunda İblisin dili ilə şərh edilən bu misralar sanki insanın özünü yenidən kəşf etməsinə, dərk etməsinə kömək edir.
“İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis!..
Gülcamal TAHİROVA
Digər xəbərlər