Təyyarə qəzasında vəfat edənlərdən biri futbolçu o...
18:19 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Dünyada insan sayının artıb, insana da lazım olan bütün faydalı təbii nemətlərin sürətlə azaldığı bir dövrdə ölkələrin bitməyən biznes yarışı, soyumayan müharibə qisası və siyasi ambisiyalarının yerinə hər kəs üçün yaşıl dünya naminə həmrəy olması bütün bəşəriyyətin gələcəyini xilas edə biləcək ən düzgün seçimdir. Bu mənada, yaşadığımız “Yer” adlı kiçik planetdə dövlətlərin iqtisadi və hərbi gücündən, yaxud sosial-mədəni inkişaf səviyyəsindən asılı olmayaraq, hamını eyni dərəcədə maraqlandıran yaşıl dünyaya yenidən qovuşmaq üçün bu gün ölkəmizin öz liderliyini ortaya qoyması ümumbəşəri məqsədlərə xidmət edən ən nəcib təşəbbüsdür.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməyə həmişə hazır olduğunu, özünün, bilavasitə, qlobal ekoloji problemlərdən və ekosiddən əziyyət çəkdiyi halda belə məsələlərin yalnız planetar miqyasda həllinə çalışdığının əyani sübutudur. Bu qərar elə bir vacib zamanda verilmişdir ki, artıq ekoloji vəziyyət bəşəriyyətin müasir inkişaf mərhələsində onun varlığı üçün ən mühüm problem dərəcəsinə çatmış, yaşamaq üçün təkcə təmiz ərzaq məhsulları deyil, hətta təmiz hava, su belə ən qıt nemətə çevrilmişdir. Buna görə də insan ayağının dəydiyi hər yerdə müəyyən dərəcədə ekoloji böhranın mövcud olduğunu nəzərə alsaq, dünyada hər kəsin yaşıl gələcək üçün məsuliyyət daşıdığını göstərmək mümkündür.
Ekoloji böhranın isə müxtəlif səbəbləri vardır. Planetdə insan sayının çoxalması ilə sənaye və kənd təsərrüfatı məhsulları istehsalının da artması, plansız və qeyri-rasional təsərrüfat fəaliyyəti, nəqliyyat, hasilat, həmçinin hərbi əməliyyatlar nəticəsində təbiətə atılan tullantılar ekoloji vəziyyəti gərginləşdirən səbəblərdəndir. Yeri gəlmişkən, bu mənada, çoxları haqlı olaraq sənaye, nəqliyyat, yaxud kənd təsərrüfatında havaya və suya atılan zəhərli qarışıqlardan tez-tez danışdıqları halda, nədənsə iri hərbi güclər yağış kimi səpələdikləri ballistik raketlərin və partlatdıqları bombaların havaya nə qədər tullantı atdıqlarından bəhs etmək istəmirlər. Lakin istənilən halda ekoloji böhranın dərinləşməsi təbiətin ibtidai görüntüsündən uzaqlaşması, biomüxtəlifliyin məhv olması, landşaftın öz əvvəlki görkəmini itirməsi ilə müşahidə olunur. Beləliklə də ekoloji böhranı çox zaman yaşıl təbiətin yox olması ilə izah etsələr də, əslində, bu, dənizlərin dibindən tutmuş kosmosun dərinliklərinə qədər planetin hər yerində insanlığı narahat edən, bütün canlı və cansız təbiətin gələcəyini düşündürən məsələdir. Burada ən son fəlakət isə qeyri-adi xəstəliklərin yayılması və insan ömrünün qısalmasıdır. Ona görə də cəmiyyətdə iqtsadi-mədəni inkişafla paralel olaraq ekomədəniyyətin də formalaşması və onun cəmiyyətin hər bir təbəqəsinə, hər bir fərdə aşılanması, bəşəriyyətin “ətrafımızdakı dünya ilə sülh şəraitində yaşamaq” zərurətinin dərk olunması günün tələbidir.
Yaşıl dünya naminə həmrəylik hərəkatı ölkəmizin məruz qaldığı ekoloji təhdidlər və onların qarşısının alınması üçün apardığı mübarizə və qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilə sıx bağlıdır. Azərbaycanın təbii sərvətlərini çapıb-talamış işğalçı Ermənistanın regionda səbəb olduğu ekoloji disbalansın aradan qaldırılması, uzun illər sənayedə mövcud olmuş sovet texnologiyasından yeni ekoloji təmiz üsullara və avadanlıqlara keçilməsi, karbohidrogen enerji ehtiyatlarından alternativ enerji mənbələrinə keçid, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurdakı dağıdılmış ərazilərdə ağıllı yaşayış məntəqələrinin yaradılması və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. Azərbaycan Respublikası bu sahədə dünya birliyi ilə daha sıx əməkdaşlıq etməklə yaxın gələcəkdə daha sağlam bir ekosistem yaradılması, bunun dayanıqlı bir müstəviyə qaldırılması üçün öz gücünü məhz bu vacib sahədə də ortaya qoymaq niyyətindədir.
Dünyaya verilən yaşıl vədlər bu sahədə qəti müəyyən olunmuş hədəflərin və görüləcək işlərin sayəsində mümkün ola bilər. Bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın dünyada qazandığı güclü mövqedən, müsbət imicdən və göstərilmiş böyük etimad və hörmətdən xəbər verir. Planetar miqyasda hamının eyni məqsəd altında həmrəy olub bir araya gələ bildiyi ən böyük beynəlxalq birliyin növbəti sammitinin bu dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin indiyə qədər bu sahədə qazandığı nüfuza əsaslanır. Dünya inanır ki, Azərbaycan dövləti özünün həyata keçirdiyi ədalətli siyasəti ilə bir çox problemləri kökündən həll edə bildiyi kimi ən azından Cənubi Qafqaz regionunda da yığılıb qalmış ətraf mühit problemlərini də həll edə biləcək gücdədir.
Azərbaycan güclü neft ölkəsidir və özünün quruda və dənizdə sahib olduğu karbohidrogen ehtiyatlarının istismarı və dünya bazarına çıxarılmasında yeni texnologiyaların tətbiqi və etibarlı əməkdaşlıq baxımından dünyada nüfuz sahibidir. Bu baxımdan 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması təkcə ənənəvi enerji mənbələrindən yaşıl enerji mənbələrinə keçidlə deyil, eyni zamanda həyatın bütün sahələrində planetin gələcəyi üçün düşünmə və bərabər hərəkət etmə vərdişlərinin gündəlik yaşayış normasına çevrilməsi üçün əlverişli fürsət ili olacağını göstərmək mümkündür. Bunun üçün isə cəmiyyətin hər bir fərdinin hər hansı bir işin, yaxud konkret layihənin ekoloji təhlükələri haqqında təsəvvürə malik olması, təbiətin mühafizəsi sahəsində hüquq və vəzifələrin həyata keçirilməsində məsuliyyəti tələb olunur. Bu mənada, “Yaşıl dünya naminə həmrəylik ili”ndə görüləcək işlərin işıqlandırılması, təbliğat və maarifləndirmə tədbirləri baxımından da qarşıda ciddi vəzifələr dayanır. Hesab etmək olar ki, insanın bütün fəaliyyəti boyunca sanitar tələblərə əməl olunması, cəmiyyətdə ekoloji təfəkkürün inkişaf etdirilməsi, yaşıllıqlara qayğı və onların sahəsinin artırılması, torpağın və suyun mühafizəsi, tüstüsüz nəqliyyata keçid, hətta inşaat işlərində düzgün məkanın seçilməsi kimi məsələlər qarşıdakı günlərdə təhlil olunacaq, hər bir insanın fərdi istehlakında, işində, turizm səyahətində və adi istirahətində yaşıl dünyaya hansı töhfələr verə bildiyini dəyərləndirməsi mümkün olacaq. Çünki yaşıl dünya məqsədinə çatmaq hər kəs üçün də eyni düşüncə və eyni yanaşmanı tələb edir.
Əli CABBAROV
Digər xəbərlər