NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Hər əl işində bir zəhmət hekayəsi, hər naxışda bir insanın dünyası gizlənir

...

İlmə-ilmə toxunan naxışlarda, rənglərin ahəngində, kiçik bir bəzək əşyasında, yaxud evdə hazırlanmış bir əşyada insanın öz dünyasından, duyğularından, həyata baxışından izlər var. Bu izlərin bir araya gəldiyi məkan isə bu günlərdə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayıdır. Oktyabrın 26-dan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkasının qapıları ziyarətçilərin üzünə açılıb. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir 10 gün ərzində istedadlı insanların əməyini ictimaiyyətə təqdim etməklə yanaşı, onların bacarıqlarını gəlir mənbəyinə çevirmələrinə də imkan yaradır.

Yarmarkanın son günlərində biz də bu rəngarəng əl işləri dünyasına qonaq olduq. Sərgi-satışa daxil olub stendlər arasında gəzdikcə hər birinin öz hekayəsi olan nümunələrlə qarşılaşırıq. Təbii daşlardan hazırlanmış qolbaqlar, boyunbağılar, sırğalar, milli naxışlarla bəzədilmiş çantalar... Xuraman Səfərovanın əl işlərindən ərsəyə gətirdiyi stendin yanındayıq. Göz nuru ilə düzəldilən bu əşyaların hər biri özünəməxsus görünüşü və incə işləməsi ilə seçilir. Söhbət zamanı öyrənirik ki, Xuraman xanım 2017-ci ildən bu sərgi-satış yarmarkasında iştirak edir. İllərdir, davam etdirdiyi sənətə marağı onu hər dəfə yeni nümunələrlə sərgi salonuna gətirir. Bu il isə yaradıcılığında milli üsluba daha çox yer ayırıb. Qərbi Azərbaycan naxışlarından ilhamlanaraq hazırladığı çantalar, milli ornamentlərlə işlənmiş boyunbağı və sırğalar stendinin seçilən nümunələrindəndir. Beləcə, qədim naxışlarımız müasir əl işlərində yeni formada yaşadılır, milli irsimizin incəlikləri bir daha göz önünə gəlir.

Xuraman xanımla sağollaşıb digər stendlərə doğru irəliləyirik. Sərgi-satışda təkcə əl işlərini hazırlayanların deyil, onları maraqla nəzərdən keçirən, hər nümunənin yaranma tarixçəsini öyrənmək istəyən ziyarətçilərin də çox olduğunu görürük. Müxtəlif qurumların nümayəndələri, kollektivlər və şəhər sakinləri bu rəngarəngliyi yaxından izləyirlər.  Naxçıvan Voleybol Klubunun üzvləri də sərgi ilə tanış olur, stendlərdəki əl işlərinə maraqla baxırdılar.

Komanda üzvlərindən Fatimə Mirzəyeva ilə söhbətimiz zamanı o, xüsusilə fiziki imkanları məhdud şəxslərin hazırladıqları əl işlərinin diqqətini çəkdiyini bildirir. Onun fikrincə, belə tədbirlər həmin insanların bacarıqlarını daha geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Elsevər Həsənov və Rübabə Məmmədova isə artıq 10 ilə yaxındır ki, bu sahə ilə məşğuldurlar. Onlar üçün əl işi hazırlamaq həm sevimli məşğuliyyət, həm də duyğu və düşüncələrini fərqli formalarda ifadə etmək imkanıdır. Stendlərindəki nümunələrdə də bunu aydın sezmək mümkündür. Müxtəlif daş və duz parçaları üzərində Azərbaycanın memarlıq incilərini əks etdirən təsvirlər, kətan üzərində akril boya ilə işlənmiş rəsmlər diqqətimizi çəkir. Bir qədər irəlidə qolbaqlar, təsbehlər, üzərində zövqlə işlənmiş güllərlə bəzədilən güldanlar və müxtəlif işıq nümunələri sərgilənir. Hər biri fərqli rəngi, naxışı və işlənmə üslubu ilə seçilir. Onlar bu əl işlərini yalnız sərgilərdə nümayiş etdirmir, sifariş əsasında da hazırlayır.

Sərginin digər guşələrinə üz tutduqca bu dəfə məhdud fiziki imkanlı şəxslərin əl əməyinin bəhrəsi olan nümunələrlə qarşılaşırıq. Burada hər ilmədə, hər rəngdə, hər kiçik detalda böyük səbir, əzm və yaratmaq həvəsi var.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarı Rəqsanə Ələsgərova ilə söhbətimiz zamanı məlum olur ki, Naxçıvanda belə sərgilərin təşkil olunması və onların hazırladıqları əl işlərinin burada nümayiş etdirilməsi sevindirici haldır. Hazırladığı əl işlərinin xüsusiyyətlərindən danışan Rəqsanə xanım qeyd edir ki, zərif parçalardan, iplərdən, saplardan və lentlərdən istifadə edərək müxtəlif nümunələr ərsəyə gətirir. Bəzi işlərin hazırlanması digərlərinə nisbətən daha çox vaxt və zəhmət tələb etsə də, o, bütün bunları böyük həvəslə, sevərək edir.

Sərgidə stendlərə baxdıqca, insanlarla söhbətləşdikcə bir daha anlayırıq ki, burada nümayiş olunanlar, sadəcə, əl işləri deyil. Hər bir əşyanın arxasında bir insanın sevgisi, zəhməti, saatlar və hətta günlərlə davam edən əməyi dayanır. Kimisi sevdiyi məşğuliyyətlə özünə yeni bir dünya qurur, kimisi bacarığını başqaları ilə bölüşür, kimisi isə hazırladığı nümunənin insanların marağına səbəb olmasından sevinc hissi duyur. Ən əsası isə bütün bu istedad və zəhmət eyni məkanda bir araya gəlir, müəlliflərinə öz bacarıqlarını göstərmək, əməyinin qarşılığını görmək imkanı yaradır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 04.11.2026 17:51