NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Haqqın var, Məmməd Araz, haqqın var yaşamağa!

...

Azərbaycanın şeiriyyət ümmanından vətən müqəddəsliyi, xalq məhəbbəti, həqiqətpərəstliyi ilə əbədiyyən coşub şağlayası bir Araz axır qəlbimiziə, ruhumuza. Fitrəttən vətən sevgisi ilə yoğrulan bu haqq aşiqi çoxcəhətli və zəngin ədəbi irsi, sənətkarlıq qüdrəti ilə zamana meydan oxuyan, Vətən sevgisi, yurd təşnəliyi ilə bütün sədləri, sərhədləri aşaraq həmişəyaşarlıq qazanan böyük şairimiz Məmməd Arazdır. O, hər sətri, hər misrası ilə vətən müqəddəsliyi, xalq sevgisi zərrəsi saçan sönməz Günəşdir, xalqa ilahi ərməğandır.

Bu gün qəlbimizin hər duyğusunda, hər vurğusunda sözü tarix, andı Vətən, hər fikrin, hər ürəyin təzadlar adasına səyyah olan Məmməd Araz yaşayır. Hər təbiət, hər fəsil dəyişdikcə duman gəldikcə, tufan getdikcə, Günəş batdıqca, ay çıxdıqca ədəbiyyatımızdan Məmməd Araz boylanır. Məmməd Araz həmişə elinin nəfəsi olub, elindən qopan hər zərrə sevgini yığaraq əsərləşdi. O, ömrüboyu nə şöhrət, nə şan axtardı, həyatın səsini həyatda duydu, həyatdan yazdı. Həqiqəti dilə gətirib: dünyanın mənliyini, sənliyini və heç kimliyini vurğulayıb gerçəkliyi öz misraları ilə əbədi susdurdu. O təkcə ədəbiyyat səhifələrinə yazılan şeir deyil, başdan-ayağa ədəbiyyatdır, ədəbiyyatın oxudur, məhvəridir, çevrəsidir. Təkcə tarixin səhifələrinə hopan iz deyil, yaddaşın özüdür, özülüdür.

Bütün vəznlərə sığan mənaların şairi Məmməd Araz təmənnasız insanların, sadə insanların şairi idi. Onun poeziyasında təkcə Vətən, təbiət, millət anlayışı yox, oxucu ürəyinin ən nazik qatına enib onları bədbinlikdən qoruyan müqəddəs bir nəsihət, hərarət artıran ümman vardı. O bir nağıl idi, bir dərəyə söykənən həyətin divarında. O bir ümman, nəhəng zülmət qalağıtək qaranlıqda seçilən zirvə idi.
Xalq şairi ömrünün ən mənalı günlərinə ürəyinin bir parçası adlandırdığı, yayda Günəşi, qışda qarı çox olan, düşmənə aman verməyən sərt qayalar qoynunda Haçadağa, Nəhəcirə, ilmə-ilmə tarix yazmış Gəmiqayaya qucaq açmış Naxçıvandan baxaraq Məmməd Araz sənət zirvəsini “Dünya sənin, dünya mənim, dünya heç kimin” imzasıyla Nuh qayaların daş yaddaşına yazdırdı. Şairin yaradıcılığında daş obrazı daha rəngarəng olduğundan onun yaradıcılq dünyası bizə “Daş qayalar”ı xatırladır. Məmməd Araz yaradıcılığında Nursu kəndinin təbiətindən başlayan poetik təəssüratlar, kövrək notlar, həzin laylalar, sətiraltı misralarla Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq ideyaları ilə tamamlanır. Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələrinə çevrilərək Məmməd Araz dünyasından baxır dünyaya:

    Mənim ürəyimin bir parçasıdır
    Doğma Şahbuzum da, Naxçıvanım da.

Məmməd Araz ürəksiz başlardan, başsız ürəklərdən uzaq olub, ən gözəl əsərləri yaratdı, bizimlə yaşatdı. Məmməd Araz dağları, daşları, çəmənləri yığıb ədəbiyyatımızda Araz təbiəti yaratdı. Artıq biz o təbiətin axarından çıxa bilmirik, bu dünya, təbiət var olduqca şair təbiətin hər parçasında bizimlə yaşayıb, nəfəs alaraq, ruhumuzu dindirəcək.

Nəşr edilib : 14.10.2024 09:32