Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Media elə bir anlayışdır ki, oturduğumuz yerdən məlumatları baş verdiyi andaca qəbul edib onu ötürməyimizə, yeni simalar və dostlar tanımağımıza imkan yaradır. Lakin “media savadlılığı” sahəsindəki məlumatlılığımızın məhdud olması bəzən bizlər üçün şəxsi məlumatlarımız ilə şantaj olunmağımıza, bəzən isə yanlış bir məlumat burulğanına qapılaraq sürüklənməyimizə səbəb olur. Sosial media platformalarının və internet şəbəkələrinin hər keçən gün daha da inkişaf etməsi ilə media savadlılığı artıq günümüzün tələbinə çevrilib. Valideyn nəzarətində media savadlılığının öyrədilməsi, media savadlılığının cəmiyyətdə baş verən saxta məlumat axınının qarşısını alması kimi mövzular haqqında ətraflı məlumat öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin Jurnalistika və Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva ilə həmsöhbət olduq:
– Şəhla xanım, öncəliklə istəyirəm media savadlılığı haqqında qısa məlumat verəsiniz. Media savadlılığı deyilərkən nə başa düşülməlidir?
– Hazırda günümüzün ən güclü silahı mediadır, çünki informasiya texnologiyalarının sürətli inkişafı və internetin yayılması ilə media həyatımıza hərtərəfli nüfuz edib. Media geniş miqyaslı kommunikasiyalara aiddir. Media dedikdə biz sadəcə ənənəvi kütləvi informasiya vasitələrini – qəzet, jurnal, televiziya və radionu deyil, eyni zamanda veb saytlar, sosial şəbəkələr (“Facebook”, “TikTok”, Teleqram”, “İnstagram”, “YouTube” və sair) kimi platformalar vasitəsilə alınan və paylaşılan məlumatları da nəzərdə tuturuq.
Müasir informasiya cəmiyyətində media savadlılığı hər zamankından daha vacib hala gəlib. Savadlılıq ötürülən informasiyanı təhlil etmək, ondan müəyyən nəticə çıxartmaq qabiliyyətidir. Media savadlılığı insanlara media məzmununu anlamağa və qiymətləndirməyə imkan verən bir anlayışdır.
Media savadlılığı fərdlərə və cəmiyyətə vizual və qeyri-vizual informasiyaların məqsədini təhlil etmək, onların düzgünlüyünü araşdırmaq və tənqidi düşüncə strukturunu inkişaf etdirmək məqsədi daşıyır. Media savadlılığı, insanın müxtəlif media mənbələrini anlamaq, qiymətləndirmək və düzgün istifadə etmək bacarığıdır. Bu, yalnız xəbərləri oxumaqla məhdudlaşmır, həmçinin məlumatın doğruluğunu, mənbəyini, təhrif olunmuş və ya manipulyasiya edilmiş məzmunu ayıra bilmək bacarığını da əhatə edir. Media savadlılığı həmçinin sosial şəbəkələrdə yayılan məlumatların təhlil edilməsi, doğru və yanlışın fərqləndirilməsi kimi əhəmiyyətli aspektləri də əhatə edir.
– Bəs media savadlılığı haqqında məlumatlı olmaq cəmiyyət üçün niyə önəmlidir?
– Media ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Televiziya, radio, qəzet və internet vasitəsilə yayılmış məlumatlar insanların fikirlərinə və qərarlarına təsir edə bilir. Media savadlılığı cəmiyyətin sağlam düşüncə və qərar qəbul etmə prosesini dəstəkləyir. Media savadlılığı vətəndaşa cəmiyyətin iqtisadi, sosial və mədəni aspektlərində iştirak etmək, həmçinin demokratik prosesdə fəal rol oynamaq imkanı verir. Cəmiyyət üzvləri, media mənbələrini doğru qiymətləndirə və düzgün məlumat əldə edə bildikdə, manipulyasiyalara qarşı müqavimət göstərə bilərlər. Media savadlılığı insanların kütləvi informasiya vasitələrindən düzgün istifadə etmələrini təmin edir və beləliklə, səhv məlumatların yayılmasının qarşısını alır. Qısacası, bu dezinformasiyalara aldanmamaq deməkdir.
Qeyd etmək istərdim ki, insanların media savadlılığının təmin edilməsi təkcə Azərbaycanda deyil, qlobal miqyasda aktual problemlər sırasındadır. Hazırda bütün inkişaf etmiş ölkələrdə, həmçinin, bir sıra beynəlxalq təşkilatlar – UNESCO, Avropa Şurası və Avropa Komissiyası tərəfindən media savadlılığı sahəsində çox mühüm işlər görülür.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən də müasir cəmiyyətdə məlumat etibarlılığının müəyyən edilməsi, gənclərin tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçılarının məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq media savadlılığı mövzusunda təlimlər təşkil olunur.
– Media vasitəsilə yayılan informasiyalarda etik prinsiplərə əməl etmək bizlər üçün nə dərəcədə əhəmiyyətlidir?
– Etik prinsiplərə əməl etmək, jurnalistikanın əsas qaydalarından biridir. Yayılan məlumatlar doğru, qərəzsiz, balanslı və obyektiv olmalıdır. Yalan məlumatlar, təhriflər və səhv məlumatlar insanları aldatmaq və manipulyasiya etmək üçün istifadə oluna bilər. Etik qaydalara riayət edilməsi, həmçinin cəmiyyətin inamını qazanmağa və sosial məsuliyyət daşımağa kömək edir. Məsələn, şəxsiyyət hüquqlarının pozulmaması, gizlilik məsələlərinə diqqət yetirilməsi və doğru mənbələrdən alınan məlumatların yayılması, etik jurnalistikanın əsas prinsiplərindəndir.
Qeyd etmək lazımdır ki, internetin geniş yayılması ilə informasiya əldə etmək sahəsində ciddi dəyişiklər baş verib. Hazırda ölkədə yüzdən çox informasiya saytları, portallar internet resursu kimi fəaliyyət göstərir. Onlayn media, bloq və sosial şəbəkələr klassik KİV və onun etik prinsipləri haqqında anlayışları dəyişdirib. İnternet media sahəsində olan hüquqi boşluqlar və peşəkar jurnalist üçün nəzərdə tutulan etika kodeksinin yeni media prinsipləri ilə uyğunsuzluğu problem bir məsələyə çevrilib.
İnternet mediada şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir hallarına yol verilməsi, həmçinin milli, mənəvi dəyərlərə hörmət edilməməsi hallarına tez-tez rast gəlinir.
Qeyd etdik ki, media obyektiv, qərəzsiz, tərəfsiz, başqalarının hüquqlarına hörmət edən şəkildə fəaliyyət göstərməlidir. Çünki peşə etikasının qorunmaması, jurnalist etikasına əməl edilməməsi mediaya olan güvəni sarsıdır və nəticədə cəmiyyət mediaya etibar etməməyə başlayır. Tutaq ki, hər hansı bir media quruluşu informasiya yayır və xəbərə qətiyyən aidiyyatı olmayan bir başlıq qoyaraq oxucunu, izləyicini aldadaraq say toplamaq istəyir. Lakin bu metodla auditoriya uzağı 1-2 dəfə aldana bilər. Şübhəsiz, bundan sonra həmin media auditoriyasını itirir, gözdən düşür və özünün ictimai funksiyasını normal həyata keçirə bilmir.
Günümüzdə mediada əxlaq kodeksi məsələsi nəzəri cəhətdən xeyli işlənsə də, praktik cəhətdən hələ xeyli problemlər mövcuddur.
– Yayılan hər informasiyaya inanmaq düzgündürmü? İnformasiyanın doğruluğunu necə yoxlamaq olar?
– Yayılan hər informasiyaya inanmaq olmaz. Məlumatın doğruluğunu yoxlamaq üçün bir neçə üsul var. Buraya məlumatın mənbəyini araşdırmaq, etibarlı və tanınmış qaynaqlardan gələn məlumatlara üstünlük vermək, məlumatı digər etibarlı mənbələrlə müqayisə etmək, informasiya mənbələrinin peşəkarlığını yoxlamaq (jurnalistlər, akademiklər, mütəxəssislər və s.), fərqli perspektivlərdən baxaraq xəbərin obyektivliyini qiymətləndirmək, hətta saxta məlumatların qarşısını almaq üçün faktları təsdiq edən müstəqil təşkilatların məlumatlarından istifadə etmək daxildir.
Ümumiyyətlə, səhvlərə yol verməmək, yalan məlumatların qarşısını almaq üçün yenə də jurnalistlərə illərdən bəri dəyişməyən peşə etikası yardımçı ola bilər, yəni – dəqiqlik, faktlılıq, yoxlama və obyektivlik.
– Media savadlılığını artırmaq üçün məktəblərdə də bu fənn tədris olunmalıdırmı? Olunmalıdırsa, bu tədris kimlər tərəfindən və necə yerinə yetirilməlidir?
– Medianın uşaqların fiziki, koqnitiv və sosial inkişafına müsbət və mənfi təsirləri olduğu iddia edilir. Araşdırmalar göstərir ki, medianın, xüsusən də uşaqların həyatında yeri zaman və məkan baxımından artır. Ona görə də bu vəziyyət uşaqların media təhsili almasının vacibliyini və verilən təhsilin daim yenilənməsi zərurətini ortaya qoyur. Hər gün media ilə təmasda olsalar da, uşaqlarımız bu mediadan nə dərəcədə və necə təsirləndiklərinin fərqində deyillər. Buna görə də media təhsili son dərəcə vacibdir.
Bəli, məktəblərdə media savadlılığı fənni tədris olunmalıdır. Bu, şagirdlərə informasiya mənbələrinin etibarlılığını və doğru istifadə qaydalarını öyrətmək üçün vacibdir. Sinifdə media savadlılığının tədrisə inteqrasiyası şagirdləri gələcəyə hazırlamaqda mühüm addımdır. Media savadlılığını tədrisə daxil etməklə, müəllimlər şagirdlərə şəxsi və akademik həyatlarında uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək edə bilərlər. Bura faktların yoxlanılması, qərəzli məlumatların təhlili kimi media savadlılığının öyrədilməsi aid ola bilər. Beləliklə biz daha məlumatlı, fəal və məsuliyyətli cəmiyyət yarada bilərik. Bu fənn yalnız jurnalistlər deyil, eyni zamanda pedaqoqlar, media mütəxəssisləri və informasiya texnologiyaları üzrə təhsil almış müəllimlər tərəfindən də tədris edilə bilər. Tədris proqramı interaktiv olmalı, real həyat nümunələri və tətbiqi layihələrdən istifadə edilməlidir. Şagirdlərə müxtəlif media mənbələrini analiz etməyi, dəyərləndirməyi və düzgün informasiya ilə yanlış informasiyanı ayırmağı öyrətmək lazımdır. Bu cəhətdən cəmiyyətin hər bir üzvü ilə yanaşı, valideynlərin, müəllimlərin və məktəb rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür. Media savadlılığı anlayışının daha geniş yayılması və ictimai şüur səviyyəsinə qalxması üçün orta məktəb proqramlarına bu mövzunun daxil edilməsi çox əhəmiyyətlidir. Erkən yaşlardan media savadlılığı bacarıqlarını mənimsəyən uşaqlar müxtəlif media məzmunlarına tənqidi yanaşaraq daha şüurlu fərdlər kimi yetişəcəklər. Sürətlə dəyişən rəqəmsal dünyada sosial media və internetdə yayılan məlumatlar arasında yalan məlumatları və manipulyasiya olunmuş məzmunları anlamaq üçün media savadlılığı çox vacibdir.
Qəzetlər, jurnallar, televiziya proqramları, rəqəmsal media və sosial media kimi müxtəlif mənbələrdən istifadə edərək, şagirdlər medianın müxtəlifliyini anlamalı və onu tənqidi təhlil etməyi öyrənməlidirlər. Şagirdlərin xəbərləri anlamaq, tənqidi düşünmək və media məzmununu sorğulamaq bacarıqları təkmilləşdirilməli, xəbərlərin düzgünlüyünün yoxlanılması kimi bacarıqlar üzərində işlənməlidir.
Eyni zamanda media savadlılığı təhsili şagirdləri internet və sosial mediadan istifadə ilə bağlı şüurlu və məsuliyyətli davranmağa təşviq etməlidir.
Günümüzdə media savadlılığının olmaması insanların informasiya bolluğu şəraitində doğru olanı seçə bilmək imkanlarını azaldır. Media savadlılığı bütün yaş kateqoriyaları üçün vacib olsa da, azyaşlıların, yeniyetmə və gənclərin bu istiqamətdə maarifləndirilməsi xüsusilə vacibdir. Bu mənada ölkəmizdə media maarifləndirilməsinin tədris proqramlarına daxil edilməsi zəruridir.
Həmçinin, xüsusilə vurğulamaq istərdim ki, media savadlılığı təhsili sürətlə dəyişən media mühitinə uyğun olmalıdır. Yəni şagirdlər yeni texnologiyalar və media platformaları haqqında məlumatlandırılmalı, təhsil proqramları mütəmadi olaraq yenilənməlidir.
Beynəlxalq təcrübə də onu göstərir ki, media savadlılığı orta məktəblərdən başlayır. Türkiyədə də 2007-2008-ci illərdən etibarən orta məktəblərdə media savadlılığı fənni tədris edilir.
Azərbaycan təhsil sistemində də media savadlılığı ilə bağlı həm orta məktəb, həm də universitetlərdə tədrisə ehtiyac var. Düzdür, Medianın İnkişafı Agentliyi tərəfindən ali məktəblərdə media savadlılığı çərçivəsində silsilə təlim və seminarlar təşkil olunur. Amma düşünürəm ki, “Media savadlılığı”nın tədris proqramına salınması və bütün ixtisaslarda tədris olunması zəruridir.
– Sosial şəbəkələrdə “trollar” və “botlar” vasitəsilə saxta məlumatların geniş yayılması adi bir hala çevrilib. Həmin məlumatların qarşısını necə almaq olar?
– Öncəliklə sosial şəbəkələrdə yayılan saxta məlumatların qarşısını almaq üçün bir neçə tədbir görülə bilər. İstifadəçiləri məlumatın doğruluğunu yoxlamaq üçün alətlərdən istifadə etməyə təşviq etmək, sosial şəbəkə platformaları üzərində daha sərt məlumat yoxlama siyasətləri tətbiq etmək, hüquqi tədbirlər və saxta məlumat yaymaqla məşğul olan trollara qarşı cəzalar tətbiq etmək, media savadlılığı proqramları vasitəsilə cəmiyyəti saxta məlumatlara qarşı maarifləndirmək və sair.
Bütün bunlarla yanaşı təhsilin və fərdi məsuliyyətin artırılması da vacibdir. Yanlış məlumatlardan qorunmağın yolu təkcə media savadlı olmaqdan asılı deyil. Bütövlükdə cəmiyyətin ümumi savadı, dünya görüşünün yüksək olması mühüm amillərdəndir.
– Media savadlılığını artırmaq üçün hansı proqramlar və layihələr icra oluna bilər?
– Media savadlılığını artırmaq üçün müxtəlif proqramlar və layihələr həyata keçirilə bilər. Təhsil müəssisələrində media savadlılığına dair xüsusi dərslər və seminarlar təşkil etmək, cəmiyyətin müxtəlif təbəqələrinə yönəlmiş maarifləndirmə kampaniyaları keçirmək əhəmiyyətli olar. Bundan başqa onlayn kurslar və resurslar hazırlamaq lazımdır ki, hər kəs asanlıqla informasiya doğrulama metodlarını öyrənsin. Sosial şəbəkələrdə saxta məlumatları tənqid edən və doğrulama üsullarını göstərən layihələr həyata keçirməklə də media savadlılığının artırılmasına dəstək vermək olar.
Peşəkar jurnalistlər və media ekspertləri ilə seminarlar təşkil edərək, bu sahədəki bilikləri artırmaq da əhəmiyyətlidir.
Məlumdur ki, 8 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Media haqqında” Qanunu təsdiqləmişdir. Ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətli olan bu qanunda media savadlılığı məsələsi də ilk dəfə olaraq öz əksini tapmışdır. Zənnimcə, mütəmadi olaraq televiziya kanallarında media maarifləndirməsi ilə bağlı “Media haqqında” Qanunun müxtəlif maddələrini izah edən videoçarxların nümayiş etdirilməsi də cəmiyyətdə media savadlılığına töhfə verə bilər.
– Media savadlılığına bələd olmaq rəqəmsal aləmdə şəxsi məlumatlarımızı qorumağa nə dərəcə kömək edir?
– Media savadlılığı şəxsi məlumatların qorunmasında çox mühüm rol oynayır. İnsanlar media mənbələrini daha yaxşı dərk etdikcə, şəxsi məlumatlarının necə istifadə edildiyini və hansı təhlükələrə məruz qaldığını daha yaxşı anlayırlar. Bu, həmçinin məlumatların təhlükəsizliyinə dair düzgün davranışları mənimsəməyə kömək edir. Rəqəmsal aləmdə şəxsi məlumatların qorunması üçün güclü parolların istifadə edilməsi, iki faktorlu doğrulama sistemlərinin tətbiqi və şübhəli linklərdən çəkinmək kimi məsləhətlər verilə bilər.
– Xəbərlər cəmiyyəti təsirləndirib idarə edir, yoxsa cəmiyyətin etdiklərinə görə xəbər formalaşır?
– Bu sual çox mürəkkəbdir və həm cəmiyyətin, həm də medianın qarşılıqlı təsirini nəzərdə tutur. Həm cəmiyyət, həm də media bir-birinə təsir edir. Media, xəbərləri yayımlayaraq cəmiyyətin fikirlərinə yön verə bilər, amma eyni zamanda cəmiyyətin maraqları və tələbləri də xəbərlərin formalaşmasında rol oynayır. Sosial, iqtisadi və siyasi kontekstdə xəbərlər cəmiyyətin mövcud vəziyyətini əks etdirə bilər, eyni zamanda cəmiyyət də mediada yayımlanan xəbərləri öz gündəlik həyatlarına inteqrasiya edir.
– Valideynlər uşaqlarının media savadlılığını necə artıra bilərlər?
– Valideynlər media savadlılığını artırmaq üçün uşaqlarına müxtəlif media mənbələrini düzgün seçməyi öyrədərək onlara saxta xəbərlər və manipulyasiyalar haqqında məlumat verməklə dəstək ola bilərlər. Bundan başqa valideynlər övladlarının onlayn fəaliyyətlərinə nəzarət edərək, onların təhlükəsizliyini təmin etməlidirlər. Hər bir valideyn ailədə media istifadəsi ilə bağlı açıq dialoqlar aparmalı və uşaqların fərqli media məzmununu necə başa düşdükləri ilə maraqlanmalıdır. Eyni zamanda uşaqları şəffaf və etibarlı mənbələrdən faydalanmağa təşviq etməlidirlər.
Sosial mediada düzgün və sağlam balansı tapmaqda uşaqlara kömək etmək üçün, valideynlərin övladları ilə sosial mediadan ağıllı istifadə üsullarına dair mütəmadi söhbətlər aparması xüsusilə vacibdir. Məncə, sosial medianın üstünlükləri ilə yanaşı, zərərlərini də izah etsək və bunun nəticələrinin onların şəxsi inkişafına mənfi təsir göstərə biləcəyini vurğulasaq, övladlarımız daha şüurlu sosial media istifadəçisi ola bilərlər.
– Müasir dövrümüzdə, demək olar ki, hər kəsin internetdən istifadə etməsi ilə “filtir balonu” anlayışı da ortaya çıxmağa başladı... Filtir balonu haqqında tam məlumat versək, filtir balonu nədir? Filtir balonunu bizmi yaradırırq, yoxsa yaratmağımızı tələb edərək bizi idarə edir?
– Filtr balonu və ya ideoloji çərçivə (ingilis dilində “filter bubble”) elmi dildə desək fərdiləşdirilmiş axtarışlar, tövsiyə sistemləri və alqoritmik kurasiya nəticəsində yarana bilən intellektual təcrid vəziyyətidir.
Klassik mediadan fərqli olaraq, vətəndaşlar sosial media vasitəsilə cəmiyyətin bütün təbəqələrindən fərqli siyasi baxışlara və cari məlumatlara tez bir zamanda daxil ola bilirlər. Amma maraqlısı budur ki, eyni sosial media insanların daha az məlumatlı olmasına, mühüm hadisələri qaçırmasına və sosial qütbləşmənin artmasına da səbəb ola bilər. Bu effekt "filtr balonu" adlanır. Bu nəzəriyyəyə görə, istifadəçilər özlərini informasiya qabarcığında, informasiya filtrində tapırlar və kənar məlumatlara daxil ola bilmirlər. İnsanlar sosial şəbəkələrdə yalnız onlar kimi düşünən insanları izləyir və müxtəlif siyasi baxışlardan olan məlumatları görə bilmirlər. Bundan əlavə, istifadəçilər fərqli baxışları olan insanları izləsələr belə, sosial media platformaları həddindən artıq məlumat axınını aradan qaldırmaq üçün bəzi istifadəçilərdən məlumatları gizlədə bilər. Məsələn, bir istifadəçinin Facebook-da paylaşdığı mesajını dost siyahısında olanların yalnız 12%-i görə bilir. Bu ilkin seçim istifadəçiyə onu maraqlandıracaq və vaxtını daha səmərəli istifadə etməyə kömək edəcək şeyləri göstərmək məqsədi daşıyır, lakin bununla belə, bu, plüralizmə və məlumat müxtəlifliyinə xələl gətirə bilər. Sosial media istifadəçiləri yalnız dostlarının “bəyəndiyi” məhdud sayda mənbələrdən məlumat əldə edirlər.
Filtr balonu ilk dəfə 2011-ci ildə Eli Pariser tərəfindən istifadə edilib.
Təsəvvür edin ki, internetdəki bütün platformalar və saytlar bizə yalnız bizi maraqlandıran məzmunu təklif edir. İnternetdə alternativ baxışlardan uzaqlaşdıqca və bəyəndiyimiz şeyləri daha çox gördükcə perspektivimiz daralır və sual vermək qabiliyyətini itirən fanatlara çevrilirik. Ancaq özümüzü aldadan vəziyyətə görə qismən məsuliyyət daşısaq da, bu tamamilə bizim günahımız deyil. Yəni, bizim nəzarətimizdən kənarda olan və tamamilə rəqəmsal olaraq baş verən vəziyyətlər də var. Filtir balonunu həm biz yaradırıq, həm də texnologiya şirkətləri bunu bizə təqdim edirlər.
Mövzunu Bill Qeytsin 2017-ci ildə dediyi fikri ilə bağlamaq istərdim: “Sosial media texnologiyası sizə həmfikir insanlarla qarışmağa imkan verir və beləliklə, siz başqa insanlarla qarışmırsınız və başqa perspektivləri başa düşmürsünüz... Bu, mənim və bir çox insanın gözlədiyindən daha böyük problemdir”.
Suala cavabımı ümumiləşdirərək demək istəyirəm ki, filtr balonunu müəyyən qədər özümüz yaratsaq da, bizi idarə etməsinə imkan verməməliyik.
Sonda müsahibəyə, maraqlı suallara görə sizə və qəzetinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu cavablar, media sahəsindəki problemlərin daha dərindən anlaşılmasına və həm cəmiyyətin, həm də fərdlərin media savadlılığına daha çox diqqət yetirməsinə kömək edəcək.
– “Media savadlılığı” mövzusunda suallarımı ətraflı cavablandırdığınız üçün təşəkkür edirəm…
Rafiq TƏHMƏZ
Digər xəbərlər