NAXÇIVAN :

28 Aprel 2025, Bazar ertəsi

Günəş kimi parlayan həkimlərdən olacağam

...

Akademik Zərifə Əliyeva Azərbaycanın tibb sahəsində parlaq iz qoymuş görkəmli alim, həkim və ziyalı xanımdır. Onun həyat yolu və elmi fəaliyyəti bu gün də tibb sahəsində təhsil alan gənclər üçün örnəkdir. Çünki o təkcə savadı və peşəkarlığı ilə deyil, həm də insanlara olan sevgisi, fədakarlığı və yüksək mənəviyyatı ilə yaddaşlarda qalıb. Azərbaycan qadınının elm, ailə və ictimai həyatda necə uğur qazana biləcəyini sübut etmişdi. Zərifə xanım müasir, ziyalı və vətənpərvər Azərbaycan qadınının simvoludur. Zərifə xanımın irsi, fəaliyyəti və şəxsiyyəti gənc nəsildə yüksək mənəvi və peşəkar keyfiyyətlərin formalaşmasına töhfə verir. Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə III kurs tələbəsi, Zərifə Əliyeva adına fəxri təqaüdçü Püstəxanım Quliyeva deyir: “Universitetdə Zərifə Əliyeva adına fəxri təqaüdə layiq görülməyimi eşidəndə xeyli sevindim. Birinci kursda təhsil alan, hələ universitetdə ilk addımlarını atan bir tələbə üçün bu təqaüdün verilməsi böyük şərəf idi. Bu mükafatın, necə deyərlər, ayağı sayalı imiş. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş təqaüdə layiq görüldüm, respublika üzrə 100 tələbədən biri oldum”. 
Müsahibimiz Zərifə Əliyevanın tələbə yoldaşı Sona Salmanovanın rəfiqəsi olmuş nənəsindən eşitdiklərindən də danışır: “O öz qrup yoldaşlarına qarşı çox diqqətcil, çox mehriban idi. Soyuqda, qarda uzaqda yaşayan tələbə yoldaşlarımızı qalmaq üçün Bakıdakı evlərinə aparardı. Zərifə xanımın mənəvi təsiri idi ki, qrupumuzdakı tələbələrin çoxu göz həkimi olmaq istəyirdi. Zərifə xanım həm də çox xeyirxah idi. Müharibənin gətirdiyi çətinliklərdə üst geyimi, paltosu olmayan tələbə dostlarına öz yardımını əsirgəməzdi. Bu sözləri mən Zərifə xanımın tələbə yoldaşı Sona xanımın qızı Gülyetər xanımdan eşitmişəm”. Məhz bu sözlər də onu təsdiqləyir ki, mükəmməllik, insan obrazının aliliyi budur. Zərifə xanımı tanıyan hər kəsin onu yüksək keyfiyyətlərlə tanıdığına, Zərifə xanımın heç də adi insan deyil, seçilmiş olduğuna ruhən tamamilə inandım. Ona görə də Zərifə xanım hamı tərəfindən mübariz, məğrur, zərif bir qadın kimi yad olunur.
Püstəxanım qeyd etdi: “Mən də bu ləyaqətli peşənin davamçısı kimi akademik Zərifə Əliyevanın müdrik yolunu özümə rəhbər tutub, onun da dediyi kimi günəş kimi parlayan həkimlərdən olacağam. Layiq görüldüyüm Zərifə Əliyeva adlı təqaüdün hər zaman haqqını verməyə çalışıb, millətimin yaddaşında onun kimi faydalı, onun kimi qayğıkeş, onun kimi gülərüz qalacağam. Bu gün onun yolu mən və mənim kimi uca həkimlik peşəsinin davamçıları üçün çox böyük və unudulmaz bir örnəkdir”.
Müsahibimizin sözlərindən o nəticəyə gəlirik ki, bu gün tibb sahəsində təhsil alan gənc tələbələr Zərifə xanımın həyat yoluna baxaraq peşəkar və mərhəmətli həkim olmağın nümunəsini görürlər. Onun elmi irsi təkcə tibb sahəsində deyil, insanlara xidmət etmək ideyasına bağlı olan hər bir gənc üçün böyük ilhamdır.
Zərifə Əliyeva gənc nəsildə yüksək mənəvi keyfiyyətlər, insana sevgi və vicdanlılıq kimi dəyərləri aşılayaraq gələcəyin sağlam və savadlı həkimlərini yetişdirməyə töhfə verib. Onun adı bu gün də universitet auditoriyalarında ehtiramla çəkilir, ideyaları isə yaşamağa davam edir.    
Biz də bu yolda Püstəxanıma və onun timsalında bütün tələbələrə uğurlar arzu edirik!

Bülbül Quliyeva

Nəşr edilib : 28.04.2025 14:45