Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycan...
18:02 06.01.2025
0
0
0
NAXÇIVAN :
06 Yanvar 2025, Bazar ertəsi
Oxumaq, təhsil almaq, məlumat əldə etmək hər kəs üçün vacibdir. Çünki gündən-günə inkişaf edən, bu gün inkişafın yüksək mərhələsinə qədəm qoyan müasir dünyamızda həyatda qalmaq, çətinliklərin öhdəsindən asanlıqla gəlmək, müəyyən mövqe tutmaq üçün təhsil mütləqdir. Ona görə də ölkəmizdə təhsil yönündə ciddi addımlar atılır, uşaqların, hətta məhdud fiziki imkanlı şəxslərin belə təhsilə cəlbinə xüsusi diqqət yetirilir. 4 yanvar Ümumdünya brayl əlifbası günüdür. Brayl əlifbası Fransanın Kopvrey şəhərində dünyaya göz açan Lui Brayl tərəfindən yaradılıb. 3 yaşında olarkən atasının çəkməçi emalatxanasında sol gözünü bizlə zədələyərək görmə qabiliyyətini itirən balaca Lui sonrakı illərdə simpatik oftalmiya xəstəliyindən sağ gözünü də itirir və tamamilə dünya işığından məhrum olur. Buna baxmayaraq, Luinin valideynləri onun təhsil alması və cəmiyyətdə mövqe tutması üçün əllərindən gələni edirlər. Beləliklə, Lui Brayl 15 yaşında olarkən nöqtə relyef hərflərindən ibarət əlifba yaradır və bu, 1821-ci ilə, yəni müharibə dövrünə təsadüf edirdi. Napalyon Bonapart gecə vaxtı əsgərlərin işıq yandırmadan, pıçıldaşmadan məlumatları bir toxunuşla bir-birinə ötürə bilmələri üçün Şarl Barbyeyə relyef xətli şrift sifariş verir. Bu şriftdə hərflər kartonda açılmış dəliklər vasitəsilə təsvir edilirdi və barmaqları bu işarələrə toxundurmaqla məlumat əldə etmək mümkün olurdu. Lakin bu şrift 12 nöqtə ilə kodlaşdırıldığından bir az qəliz idi. Lui bu sayı 6-ya endirməklə şrifti sadələşdirir və relyef nöqtəli yazı sistemini yaradır.
Son illərdə muxtar respublikamızda da bu əlifbadan geniş istifadə edilir və bu əlifba çoxlarının gözünə işıq olur. Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinin əməkdaşı Elməddin Kərimovla əlaqə saxladıq. 2012-ci ilin yanvar ayından mərkəzdə fəaliyyət göstərən 34 yaşlı müsahibim qeyd edir ki, həmin ildən indiyə kimi gözdən əlillər müxtəlif problemlərlə bizə müraciət edirlər və biz onlara əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Göstərdiyimiz xidmətlər içərisində ən mühüm yeri brayl əlifbasının öyrədilməsi tutur. Həmçinin yazma-oxuma vərdişlərinin inkişaf etdirilməsi, telefonda hər hansı əməliyyatların icra olunması, kompüterin öyrədilməsi və texnoloji yeniliklər barədə məlumatların verilməsi kimi xidmətlər göstəririk.
Müsahibim deyir ki, biz bu dünyaya necə gələcəyimizi özümüz seçmirik və dünyaya gələrkən gözdən əlilliyimiz təsdiq edildikdən sonra hər birimizin ilkin vəzifəsi brayl əlifbasını öyrənmək olmalıdır. Bu əlifbanı öyrənməklə bütün qapıların açarını əldə etmiş oluruq. İstər bilik, istər də kompüter elmləri sahəsində, ümumiyyətlə, hər bir sahədə brayl əlifbası açar rolunu oynayır və bu açar vasitəsilə universitetlərə, kolleclərə daxil ola bilirik. Yazma və oxuma vərdişi olmadan dərsləri yadda saxlamaq çox çətindir.
Brayl əlifbasının oxunuşunda hissiyyatın önəmli olduğunu vurğulayan Elməddin Kərimov deyir: “Bəzən insanlara zarafatla sizin neçə gözünüz var?” – deyə sual verirəm. Onlar isə, təbii ki, iki deyə cavab verir. Mən isə bizim 10 gözümüzün olduğunu söyləyirəm. Belə ki, barmaqlarımızın uc hissəsindən istifadə etməklə brayl əlifbasını oxuyuruq. Bu əlifbanı öyrənmək çətin deyil. Burada qeyd etdiyim kimi, hissiyyatın güclü olması və önə qoyulan məqsəd əsasdır. Əgər amalımız öyrənməkdirsə, biz brayl əlifbasını sürətli şəkildə 21 günə öyrənə bilərik. Öyrənmək istəməyən şagirdlər üçün isə, təbii ki, bu proses uzun müddəti əhatə edə bilir”.
Brayl əlifbası 6 nöqtə əsasında yaradılıb və bunlar vasitəsilə 60-a, hətta 64-ə yaxın simvol yaratmaq olur və burada durğu işarələrinin hər biri var. Əlifba 6 nöqtə əsasında yaradılsa da, 6 nöqtə olduqda hərf əmələ gəlmir və bu da bir işarədir. Yeganə hərf a-dır ki, bu, bir nöqtədən ibarətdir. Əgər 2 nöqtə gördüksə, mütləq ona b hərfidir deyə bilmərik. Məsələn, o, bir ikidirsə b, bir dördürsə c, bir beşdirsə e, iki dördürsə i-dir.
Qeyd edək ki, brayl əlifbası nisbətən azca qalın kağız üzərinə xüsusi alətlərlə işlənir. Bunlar “pribor” adlanan xüsusi lövhə və “qrifel” adlanan, daş qələm adı ilə də tanınan xüsusi alətdir ki, bunlar vasitəsilə işarələr, simvollar kağıza işlənir və şagirdlər bundan istifadə yolu ilə müəyyən tapşırıqları həll edə bilirlər.
Brayl əlifbası ilə yaradılmış kitablar varmı? Hansılardan istifadə etmisiniz? kimi suallarımızı müsahibim belə cavablandırdı: – “Hazırda mərkəzimizdə, təqribən, 1000-ə yaxın kitab var və özümüz də çap işləri ilə məşğul olmuşuq. Növbəti il də bu işləri davam etdirərək yenidən brayl nəşrləri hazırlayıb oxucuların istifadəsinə verəcəyik. Dövlət tərəfindən ixtiyarımıza 2 ədəd printer verilib və bütün lazımi avadanlıqlarla təmin olunmuşuq. Çap etdiyimiz kitabları, jurnalları, xüsusi məqalələri ictimai əsaslarla tam pulsuz şəkildə ünvanlara çatdırırıq”.
Hazırda Azərbaycanda qəbul olunmuş yeni strategiya inklüziv təhsili dəstəklədiyindən yeni təhsil modelləri qəbul edirik ki, bu, dünyaya inteqrasiya üçün mütləq lazımdır. Ümumiyyətlə, demək istəyirəm ki, pedaqoji işlə məşğul olan hər bir kəsə istədiyi halda təmənnasız brayl əlifbasını öyrədə bilərik. Çünki görmə qabiliyyəti məhdud şagirdlə qarşılaşan pedaqoq fikirləşməməlidir ki, necə edim ki, həmin şagird dərsdən geri qalmasın.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər