NAXÇIVAN :

07 Noyabr 2024, Cümə axşamı

Gözəlliyinə heyran olduğumuz bitkilər

...

Onların xeyri ilə yanaşı, ziyanı da var...

Həyatımızın ayrılmaz tərkib hissəsi olan bitki və təbiət örtüyü  yaşayışımız üçün xüsusi əhəmiyyət kəsb edir. Bitkilər gözəl görünüşləri ilə ruhumuzu oxşayır, əhvali-ruhiyyəmizə xoş ovqat gətirir. Ən əsası bitkilərdə gedən fotosintez prosesi canlıları qida maddələri və tənəffüs üçün zəruri olan oksigenlə təmin edir. Belə ki, sırf bitki örtüyü sayəsində iqlim yumşalır və daha rütubətli olur, güclü küləklərin qarşısı alınır, dərinlərə yayılmış bitki kökləri sayəsində torpaq bərkiyir və onu aşınmalardan qoruyur. Bitkilərin bəziləri immunitet sistemini gücləndirmək, yaraları sağaltmaq, dəri xəstəlikləri ilə mübarizə aparmaq üçün effektiv vasitədir.

Hələ təkamül çağlarından bəri insanlar bitkilərin qida və müalicəvi əhəmiyyətə malik olduğunu anlamış, yaşayış yerinin yaxınlığında bitən yeməli bitkilərlə qidalanmış, həmçinin müalicə məqsədilə istifadə etmişlər. Müasir zamanda isə insanlar təkcə sadaladığımız məqsədlər üçün deyil, həmçinin dekorasiya, gözəllik üçün də bitkilərdən yararlanırlar. Təbii ki, otaq şəraitində saxlanan bitkilər xoş ovqat yaratdığı kimi onların faydaları da danılmazdır. Bu faydalardan ən əsası onların, ilk növbədə, havanı təmizləməsidir. Misal üçün, payızgülü adlanan bitki istənilən yerdə ammiyak, benzol və formaldehit kimi zərərli maddələri udur. Bu xüsusiyyətinə görə ondan kosmik agentliyin ofislərində havanı təmizləmək üçün istifadə edirlər. Digər bir bitki drasena benzol, trixloretilen və ksilolun havadan kənarlaşdırılması üçün xüsusi vasitədir.

Lakin bilməyərəkdən evimizdə dekorasiya məqsədilə saxladığımız bəzi bitkilər var ki, bunların faydaları ilə yanaşı, zərərləri də mövcuddur. Elə adını sadaladığım drasena bitkisi kimi. Faydasından bəhs etdiyimiz drasenanın 40-dan çox növü olduğu üçün bu bitkini əldə etmək asandır. Amma bu bitki it, pişik kimi ev heyvanları üçün zərərli təsirə malikdir. Ən çox saxlanılan bitkilərdən olan aloe bitkisi ənənəvi dərman bitkisi hesab olunur. Belə ki, bu bitkidən sızanaq, sədəf və yanıqların müalicəsində geniş istifadə edilir. Lakin bununla belə aloe şirəsi xərçəng xəstələri və hamilələr tərəfindən qəbul edilməməlidir.

Belə bitkilər haqqında ətraflı məlumat almaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professoru, Bioresurslar İnstitutunun Bitkilərin Sistematikası şöbəsinin baş elmi işçisi Tariyel Talıbovla əlaqə saxladıq. Bitkilərin həyatımızdakı yeri və rolundan bəhs edən akademik bildirdi ki, əgər bitkilər olmasa, demək olar ki, həyat da olmazdı. Yaşıl rəngli bitkilərdə xlorofil piqmenti vardır və o, fotosintez edir, həmçinin mürəkkəb qidalı enerjili maddə hazırlayır. Sonra isə canlılar onun hazırladığı, Günəş şüasının enerjisi toplanan ehtiyat maddəni götürərək, bitkinin atmosferə buraxdığı oksigenlə birləşərək Günəşdən alınan enerji ilə bədənlərini qururlar. Əgər xlorofil olmasaydı, bitkilər olmasaydı, Yer kürəsi bu formatda olmazdı.

Bitkilər ətraf mühitdən karbon qazını alır və oksigenlə zənginləşdirir. Həmçinin atmosferdəki tozu tutur, səs dalğalarının qarşısını alır. Avtomobillərin buraxdığı qazı zərərsizləşdirir. Bitkilərin sağlamlığımız üçün faydaları saymaqla bitməz. Bitkilər həm də qida zəncirinin başlanğıcıdır.

Otaq bitkilərinin də sağlamlığımızdakı roluna diqqətçəkən müsahibim bildirir ki, belə bitkilər rütubəti tənzimləyir və fitonsitlər yaradır. Diqqət etsək görərik ki, otaq şəraitində saxlanan bitkilərin yarpaqlarını tez-tez təmizləmək lazım gəlir. Bu isə onun tozu tutması ilə əlaqədardır. Otaq bitkilərində müsbət xüsusiyyətlər çox olsa da, təbii ki, mənfi xüsusiyyətləri də ola bilir. Məsələn, bəzi bitkilərin çiçək tozları allergiyaya meyilli insanlarda mənfi təsirlər yaradır. Ən çox yol kənarlarında əkilən bitkilərdən biri olan, el arasında “söyüd gülü” adlandırdığımız oleandr bitkisi kəskin zəhərli təsirə malikdir. Hətta bitki Türkiyədə “zəkkum ağacı” kimi adlandırılır. Rəngli çiçəkləri ilə gözoxşayan bu bitkini, qətiyyən, otaq şəraitində saxlamaq olmaz. Küçələrdə əkilməyinə səbəb isə maşınların zəhərli qazlarına, yüksək səsə dözümlü olmasıdır. Zəhərli olduğu üçün həşərat zərərlərinə qarşı davamlıdır. Zəhərli bitkilərin əksəriyyətinin, əslində, yüksək səviyyəli dərman bitkisi olduğunu qeyd edən müsahibim deyir: – Zəhərlilik məfhumu bitkinin tərkibindəki zəhərin dozası ilə müəyyənləşir. Kiçik dozalı zəhərli bitkidən çox gözəl dərman əldə etmək olur. Bu xüsusda XV əsrin məşhur həkimi Paraselsin bu yöndəki fikirləri maraqlıdır: “Maddənin yalnız dozası onun zəhər və ya dərman olacağını müəyyənləşdirir”. Həqiqi mənada əksər zəhərli bitkilərdən, məsələn, üskükotu və inciçiçəyindən ürək qlikozidləri, batbatdan atropin və sair qiymətli dərman preparatları alınır.

Həmçinin müsahibim qeyd edir ki, insanlar zövqlərinə uyğun bitkiləri evlərində bəsləyirlər. Buna baxmayaraq, gözəlliklərinə heyran olduqları, zərərlərini bilməyərək əldə etdikləri bitkiləri otaq şəraitində saxlamaq düzgün deyil.

 

                                         Türkanə ƏSƏDOVA

Nəşr edilib : 30.10.2024 16:36