NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Gözəlləşən Qarabağ – tarixi ədalətin bərpası

...

Qarabağa uşaqların gülüş səsləri qayıdır

Şanlı Vətən savaşında Azərbaycan Ordusunun rəşadəti ilə torpaqlarımız işğaldan azad olundu və ötən il suverenliyimizin bərpası təmin edildi. Bu qələbə dövlətimizin qarşısında yeni yollar, yeni üfüqlər açdı. Bütün dünya bizə qarşı olsa da, biz xalq olaraq birləşib gücümüzü və haqlı olduğumuzu bütün dünyaya nümayiş etdirdik. Və dünya bunu qəbul etməyə məcbur oldu. Qətiyyətli mövqeyə sahib olan Azərbaycan Respublikası Prezidentinin tutarlı dəlillərlə çıxışları qarşısında dayana bilməyən düşmən siyasətçiləri geri addım atdı. Antiterror əməliyyatları isə ərazimizdə başqa bir dövlətin yaranmasına yol verilməyəcəyini sübuta yetirdi. Bu xalq bir olub torpağını azad etdiyi kimi düşmənin xarabaya döndərdiyi, daşı daş üstündə qoymadığı kəndləri və şəhərləri yenidən qurub-yaratdı, cənnətə çevirməyi bacardı. 
Ölkə başçısı işğaldan azad olunan ərazilərə səfər edərkən hər zaman diqqətə çatdırır ki, biz Qarabağı cənnətə döndərəcəyik, baxmayaraq ki, düşmən buraları xarabaya çevirib: “Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də, həmçinin, Cəbrayılda da, həmçinin. Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan. Biz isə qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik”.
Vətən savaşının bitməsindən keçən 4 ildə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Şuşanın, Laçının, Xocalının, Zəngilanın xoş sədası hər yerə yayılır... 
Böyükhəcmli infrastruktur layihələri həyata keçirilir. Yollar, məktəblər, elektrik stansiyaları, xəstəxanalar, yaşayış binaları, mədəniyyət və təhsil obyektləri, turizm məkanları tikilir, saymaqla bitməyən işlər görülür. Bərpa olunan məscidlərdən azan səsi yüksəlir. Öz çıxışlarında bütün bunların sadalamaqla bitməyəcəyini deyən dövlət başçısı bildirdi ki, Qarabağın dirçəldilməsi ən mühüm vəzifələrdən biridir ki, bu sahədə mühüm işlər görülür: “Bu gün ölkə­mizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da, həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır”. 

    Görülən işlərə qısa nəzər...

İkinci Qarabağ müharibəsi başa çatandan bu ilin sonuna qədər Qarabağdakı quruculuq işlərinə xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edib. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Keçmiş məcburi köçkünlərin məskunlaşdırılması istiqamətində genişmiqyaslı layihələrin gerçəkləşdirilməsi nəticəsində yüzlərlə ailə öz ocağına dönüb. Qarabağ və Şərqi Zəngəzura, doğma yurd yerlərinə qovuşub. İnfrastruktur layihələri sürətlə həyata keçirilib, 3 min kilometr avtomobil yolu inşa edilib. Layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulur. Dəmir yolları, 2 beynəlxalq hava limanı istifadəyə verilib, enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilib və bu proses davam etdirilir. Yaşayış sahələrinin salınması sürətlə həyata keçirilir, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir və bütün bu tikinti-quruculuq işləri keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə məskunlaşdırılmasına xidmət edir. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirilir. 

    Tarixi keçmişimiz özümüzə qayıdır

İşğaldan azad edilən ərazilərimizdə infrastrukturun yenidən qurulması, yaşayış sahələrinin yaradılması ilə yanaşı, düşmənin yerləyeksan etdiyi mədəni, tarixi irsimizin bərpası da diqqətdə saxlanılır, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən önəmli layihələr gerçəkləşdirilir. Fondun əsas prioritetlərindən biri də məhz tarixi, dini və mədəni abidələrin qorunmasıdır. 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də rəsmi “Instagram” səhifəsindəki paylaşımında yazırdı: “Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır”. Həmin tarixdən bərpa layihələrinə yerli mütəxəssislərlə yanaşı, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan mütəxəssislər də Qarabağın dirçəldilməsinə öz töhfələrini verməkdədir. Şuşa şəhərində Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı məscidlərinin, Mehmandarovların malikanə kompleksinin bərpası Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə bərpa etdiyi ilk tarixi abidələr olmaqla yanaşı, fondun tarixi kimliyimizə göstərdiyi diqqət və qayğısının ən bariz nümunəsidir. Fondun işğaldan azad olunan ərazilərdəki fəaliyyəti nəticəsində son dörd ildə dağıdılmış tarixi abidələrimizin milli kimliyi özünə qaytarılır. Vaxtilə düşmən vandallığı ilə xarabaya dönən məscidlərimizdən bu gün yüksələn azan səsi düşmənin qulağını kar edir. Yenidən həyata dönən Qarabağda ucalan tarixi abidələr bu yerlərin əbədi sahibi olduğumuzun sübutuna çevrilir. 

    Vətən sevgisi olan yerdə

Torpaqlarımız işğaldan azad edildikdən sonra qarşıdakı ən çətin işlərdən biri də minalı ərazilərin təmizlənməsi oldu. Xüsusən də Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl hər addımbaşı minalanmışdı. Düşmənin bizə hələ də qaytarmadığı mina xəritələrini düşünəndə təhlükənin nə qədər böyük olduğunu təsəvvür edə bilərik. Nəzərə alaq ki, 30 il bundan öncə Ağdamın və Füzulinin düşməndən azad olunan ərazilərində hələ də aşkar edilə bilməyən partlamamış mərmilər və minalar var ki, insanlar hələ də bu minaların qurbanı olur. Bu gün 4 ildir, azad edilmiş Qarabağda 3 min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, keçilməz dağları yarıb tunellər, yollar inşa etmək, təməl qazıb yaşayış binaları inşa etmək, hər addımda hansı təhlükə ilə üz-üzə olduğunu düşünə-düşünə alın tərini torpağa qatıb, palçıq qarışdırıb daşı daş üstünə qoymaq böyük cəsarət və Vətən sevgisi tələb edir. Bu gün Qarabağın cənnətə çevrilməsində əməyi olan hər bir kəs də Vətən savaşındaymış kimi döyüşür. Laçında, Ağdamda, Zəngilanda, Cəbrayılda göylərə yüksələn yaşayış binaları, xarabaya dönmüş kənd­lərin arasında çiçək açan Ağalı, cənnətə çevrilən Füzuli şəhəri məhz dövlətimizin qüdrəti, xalqımızın birliyi və ürəyi Vətən eşqi ilə döyünən insanların əməyinin nəticəsidir. Gün gələcək biz Qarabağın əvvəlki günlərindən gözəl olduğunu da görəcəyik. Çünki Vətən sevgisi olan yerdə heç nə mümkünsüz deyil. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 07.12.2024 17:05