Azərbaycan və Fransa arasında parlament diplomatiy...
18:55 09.07.2026
0
0
0
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən orta əsrlər Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş biblioqrafik göstərici nəşr olunub.
MEK-dən bildirilib ki, vəsaitə Möminə xatun türbəsinin bərpası və konservasiyası, görkəmli memarın abidəsinin ucaldılması, həmçinin yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamları, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı daxil edilib.
Vəsaitdə Əcəmi Naxçıvani haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuatda və elmi məcmuələrdə dərc edilmiş məqalələr, dissertasiya və avtoreferatlar, həmçinin elektron resurslar toplanılıb. Bununla yanaşı, görkəmli şəxsiyyətlərin Əcəmi Naxçıvani haqqında söylədikləri fikirlər də nəşrdə öz əksini tapıb.
Kitabda vəsaitin elmi məsləhətçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan memarlıq məktəbinin banisi və universal zəka sahibi” adlı məqaləsi də yer alıb.
Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi kitabxana əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.
Biblioqrafik göstəricinin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitabxana” bölməsində tanış olmaq mümkündür.
Digər xəbərlər