NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Genderlə bağlı növbəti təlim Şərur rayonunda keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Şərur rayonunda keçirilən təlimə rayonda fəaliyyət göstərən bələdiyyələrin genderə məsul şəxsləri cəlb ediliblər. Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov bildirib ki, bu kimi təlimlərin keçirilməsi müvafiq komissiyaların fəaliyyətində peşəkarlığı daha da artıracaq.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva ölkəmizdə gedən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, demokratiyanın inkişafında qadınların fəal iştirakından danışıb. Bildirilib ki, Bələdiyyələrdə Gender Komissiyalarının yaradılmasının əsas məqsədi yerli idarəetmənin genderə həssas yanaşma və gender bərabərliyi prinsipləri üzərində qurulmasının təşviqi, yerlərdə baş verə biləcək gender əsaslı zorakılıq hallarının vaxtında qarşısının alınması və müvafiq tədbirlərin görülməsidir.
Komitənin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək genderə məsul şəxslərin vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verib. Qadın və kişilər arasında sosial bərabərliyin gender bərabərliyi kimi qəbul edildiyi diqqətə çatdırılıb.
88 nəfərin yararlandığı təlimin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və broşürlər paylanılıb.

Nəşr edilib : 16.10.2024 11:37