NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Gəncliyin gücünə inam

...

Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün çətin və mürəkkəb dövr başlamışdı.

Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider, müdrik dövlət başçısı Heydər Əliyev həmin dövrdə Moskvadan Naxçıvana gəlmiş, doğma naxçıvanlıların təkidi ilə Naxçıvanı erməni işğalından qorumaq, muxtar respublikanın inkişafını təmin etmək üçün uğurlu addımlar atmaqda idi. Milli özünüdərkin bərpası, milli dövlətçilik ideyalarının dirçəldilməsi, istiqlal ideyalarının gücləndirilməsi nəticəsində müstəqilliyə gedən yol daha da reallığa çevrilirdi. Məhz bu dövrdə Azərbaycanı düşdüyü böhran vəziyyətindən çıxara və gələcək inkişafa qovuşdura biləcək yeganə lider Heydər Əliyev idi. Xalq bunu görür, öz liderinə inam bəsləyir, Heydər Əliyevi xilaskarı kimi dərk edirdi. Belə də oldu. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn müdrik siyasətçi, xalqına bağlı olan əvəzsiz lider Heydər Əliyev qısa zamanda ölkəni böhran vəziyyətindən çıxardı, respublikanın gələcək dünyəvi inkişafını təmin edən uzaqgörən siyasət yeridərək sabitliyi, əmin-amanlığı bərpa etdi.

Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarının mühüm istiqaməti kimi gənclərin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi təhsildən mədəniyyətə, idmandan sosial fəaliyyətə qədər bir çox sahəni əhatə edərək ölkənin sabahına qoyulan ən böyük investisiyaya çevrildi. Heydər Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri milli dəyərlərin qorunub saxlanılması və bu dəyərlərin yeni nəsillərə aşılanması idi. Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-si Azərbaycan Gənclər Günü elan edildi. Bu addım Azərbaycan gəncliyinin özünü ifadə etməsi və ölkənin ictimai-siyasi həyatında daha aktiv rolunu təmin etmək istiqamətində tarixi bir hadisə kimi dəyərləndirildi. Heydər Əliyev gənclərin təhsilli və bilikli olmalarını ölkənin gələcəyi üçün strateji amil kimi qiymətləndirirdi. O qeyd edirdi ki, “Təhsil gələcəyimizdir” və bu prinsipə uyğun olaraq gənclərin xarici ölkələrdə təhsil almaları, beynəlxalq proqramlarda iştirak etmələri təşviq edilirdi. Həmçinin milli təhsil sisteminin möhkəmləndirilməsi istiqamətində irəli sürülən islahatlar gənclərin dünya miqyasında rəqabətədavamlı olmasına imkan yaratmışdır.

Gənclərin fiziki və mənəvi sağlamlıqları Heydər Əliyevin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə idman sahəsində gənclərə geniş imkanlar yaradıldı. Respublikada yeni idman obyektlərinin tikilməsi, beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi və gənclərin bu sahədə dəstəklənməsi, ölkəni qısa zaman ərzində böyük nailiyyətlərə apardı. Müdrik lider Heydər Əliyev vurğulayırdı ki, “Sağlam gənclik, sağlam gələcəyin təminatıdır”. Heydər Əliyev gənclərin siyasi və sosial həyata inteqrasiyasını şərtləndirən dövlət siyasətinin qurulmasını da əsas prioritetlərdən biri hesab edirdi. Bu istiqamətdə yaradılan gənclər təşkilatları, forumlar və liderlik proqramları gənclərin ictimai fəallığını artırır, onların dövlət idarəçiliyində təmsil olunmalarını təşviq edirdi. Onun səyi nəticəsində Azərbaycan gəncləri müstəqil fikirli, innovativ düşüncələrə malik və dünya baxışı geniş olan bir nəsil kimi formalaşırdı. Bu siyasət Azərbaycanın bu günə və gələcəyə dair strateji baxışının, xalqın rifahının və ölkənin beynəlxalq miqyasda nüfuzunun artırılmasının vacib tərkib hissəsi hesab olunurdu. Heydər Əliyev irsinin bu istiqamətdə davam etdirilməsi Azərbaycan gəncliyinin daha da böyük zirvələrə çatmasına yol açırdı.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanda dövlət gənclər siyasətini dərinləşdirmək istiqamətində atdığı addımlar bu sahədə yeni perspektivlərə yol açdı. Gənclərin formalaşmasında Azərbaycan Gənclər Forumu xüsusi rol oynamışdır. Həmin forumlar vasitəsilə gənclər bir araya gələrək öz ideyalarını ifadə edir, problemlərin həlli yollarını müzakirə edir və gənclər siyasətinin formalaşmasında aktiv iştirak edirdilər. Şübhəsiz ki, bu tədbirlər gənclərin ictimai həyata inteqrasiyasında mühüm vasitə idi.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu zaman gənclərin müxtəlif sahələrdə təmsil olunmasına xüsusi diqqət yetirmiş, bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə muxtar respublikanın hərtərəfli inkişafı prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılmaqla yanaşı, gənclərin təhsili, təlim və tərbiyəsinə də xüsusi önəm verilmişdir. Gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunmuş, gəncliyimizin düzgün istiqamətlənməsi, dövlətçilik ruhunda tərbiyələnməsi, dünyəvi biliklərə yiyələnməsi diqqət mərkəzində saxlanılmışdır. Bu gün fəaliyyət göstərən gənclər təşkilatları sağlam, intellektli, milli dəyərlərə sədaqətli nəsillərin yetişib tərbiyələnməsində müstəsna rol oynadığı kimi ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin icrasına öz töhfəsini verməyə davam etməkdədir. 

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı

Nəşr edilib : 02.02.2025 18:15