Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcə...
00:05 29.01.2025
0
0
0
NAXÇIVAN :
29 Yanvar 2025, Çərşənbə
İnsan beyni mürəkkəb quruluşa malik olduğu qədər həm də özündə bir çox əhəmiyyətli və əsrarəngiz xüsusiyyətləri cəmləşdirən möcüzəvi orqandır. Məhz bu orqan sayəsində insanlar əsrlərboyu həyat şəraitini daha da mükəmməl etməyin yollarını axtarmış, bir çox maraqlı ixtiralara imza atmışlar. Maraq və xəyal dünyası böyüklərə nisbətən daha da inkişaf edən uşaqlar isə bir sıra çətin məsələlərin həllini tapmağı böyüklərdən yaxşı bacarır. Araşdırmalardan aydın olur ki, xəz qulaqlıqlar, plastilin, meyvəli buz, tramplin, qar arabası və sair uşaqlar tərəfindən ixtira olunanlar sırasındadır.
Günümüzdə ölkəmizdə kifayət qədər müxtəlif icadlara marağı olan uşaq və gənclərimiz var. Əlbəttə ki, bu günün həvəskar şagirdi, gənci gələcəyin məşhur ixtiraçısı ola bilər. Niyə də olmasın?! İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Elə muxtar respublikamızda da belə istedadlı uşaqlar, gənclər var və yetişməkdə davam edir. Belə gənclərimizdən biri də Babək şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nadir Məmmədlidir. Artıq 4 ildir ki, robotexnika ilə məşğul olan 17 yaşlı gənc deyir ki, balacalıqdan elektronik cihazların necə çalışdığı həmişə onun marağını cəlb edib. Məktəblərimizdə STEAM kabinetləri yarandıqdan sonra özünü təkmilləşdirməyə və üzərində daha çox çalışmağa başlayıb.
Əsasən, pilotsuz uçuş aparatları texnologiyası ilə məşğul olan Nadir bildirir ki, uşaqlıqdan təyyarə modelləri düzəldir. O deyir: “İlk əl işim labirint həll edən robot olmuşdur. Bununla belə, elektronik qurğularla işləyən zaman bir çox problemlərlə üzləşirik. Bunlardan ən əsası isə, təəssüflər olsun ki, ləvazimatların çətin tapılması və ölkəmizdə bu sahənin yeni yaranmasıdır. Bundan başqa, hazırlanma prosesi zamanı elektronik qurğularda müxtəlif xətalar baş verə bilir və bu xətaları həll edib işimizə davam edirik”.
Dronların hazırlanma prosesində kimlərdənsə yardım alırsınızmı? sualımızı müsahibim belə cavablandırdı: “Bəli, tək dron yox, digər layihələrimin də hazırlanmasında ən çox köməyimə STEAM Təlim-Tədris Mərkəzinin direktoru Fuad Babayev çatır. Onun köməyi, həqiqətən, əvəzolunmazdır. Bundan başqa, mərkəzdə, təhsil aldığım məktəbdəki digər müəllimlər və hər sahədə mənə dəstək olan ailəmin köməyi, əlbəttə, danılmazdır. O qeyd edir ki, layihələrində daha çox “beyin” deyilən elektronik qurğulardan istifadə edir. Hansı ki içinə yazılan kodlarla müxtəlif alqoritmləri yerinə yetirir və elektrikli motorlardan istifadə edir. Həmçinin motorların sürətini tənzimləyən qurğular, müxtəlif sensorlar, gövdə üçün müxtəlif materiallar da istifadə etdikləri sırasındadır.
Qeyd edək ki, STEAM Təlim-Tədris Mərkəzi muxtar respublikamızda 2023-cü il iyun ayının 14-də yaradılıb və şagirdlər üçün ən innovativ məkanlardan biridir. Burada 7 dərnək fəaliyyət göstərir.
Nadir Məmmədli deyir ki, əslində, bu sahə mühəndislik sahəsidir və hər hansı bir layihəni bitirmək insanın özündən asılı olur. Bəzən aylarla, bəzən illərlə çəkə bilir, bəzən isə bir neçə saata başa gəlir. Bu sahəyə hobbi kimi deyil, iş kimi baxıldıqda isə, demək olar, günün 24 saatı layihələr üzərində işləməklə keçə bilir.
Gənc olmasına baxmayaraq, müsahibim Naxçıvanda keçirilən bütün robotexnika yarışmalarında iştirak edib və bununla yanaşı, STEAM Azərbaycan Festivalında (SAF-2023) 2-ci, 2024-cü ildə isə 1-ci yerin qalibi olub. Həmçinin o, Dünya Robot Olimpiadasında iştirak edib.
Gələcək üçün planlarının, ilk növbədə, hazırda üzərində işlədiyi PUA layihələri ilə bağlı olduğunu söyləyən müsahibim bu vasitə ilə ordumuza kömək etmək arzusunu dilə gətirir: “Bildiyiniz kimi, döyüş yerlərində düşmənə sinə gərən və şəhid olan minlərlə gəncimiz var. Mən və komanda yoldaşlarım əsgərlərimizin yerinə döyüşdə tamamilə insansız aparatlardan istifadə olunması üzərində çalışır və ilk prototipimizi 2025-ci ilin yay aylarında təqdim etməyi düşünürük”.
Sonda müsahibim deyir ki, bu sahədə mənim kimi yüzlərlə gənc işləyir və həmin gənclərin hər biri öz balaca emalatxanalarında bu işlə məşğuldurlar. Düşünürəm ki, belə gəncləri toplayıb müxtəlif sahələrdə geniş emalatxanalarda müəyyən məqsəd üçün çalışılsa, əminəm ki, çox böyük işlərin öhdəsindən gəlmək olar.
Muxtar respublikamızda uşaq və gənclərin hər yöndən inkişafı üçün geniş imkanlar yaradılıb və yaradılmaqdadır. Yaxın gələcəkdə də ölkəmizdə böyük alimlərin, filosofların, ixtiraçıların yetişib dünyaya səs salacağına inanır və bu yolda gənclərə uğurlar arzu edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər