NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Gənclər ölkəmizin həyatında mühüm rol oynayır

...

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinə uyğun həyata keçirilən tədbirlər gənc nəslin həyatında geniş imkanlar açmış oldu. Ümummilli Liderimiz Heydər Əliyev sağlam nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlamış, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, bundan sonra hər il fevralın 2-nin ölkəmizdə “Gənclər Günü” kimi qeyd olunması bu sahədə görülən işlərin tərkib hissəsi olaraq mühüm əhəmiyyət daşıyır. Forumda gənclər təşkilatlarının və gənclərimizin qarşısında mühüm vəzifələr qoyulmuş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində ciddi tədbirlərin görülməsi aid dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirilmişdir. 

2003-cü ildən sonrakı dövrdə isə dahi siyasətçinin layiqli davamçısı Prezident cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənc­lər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqləndi və bu istiqamətlər üzrə əhəmiyyətli layihələr icra olundu. Bu sahədə görülən işlərin nəticəsidir ki, milli ruhda tərbiyələndirilən Azərbaycan gəncləri müxtəlif sahələrdə uğurlu fəaliyyəti, qazandığı nailiyyətlərlə yanaşı, tariximizin ən önəmli dövrlərindən biri olan 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı, siyasi və sosial aktivliyi ilə Vətən, xalq və dövlətçilik qarşısında mühüm faktor kimi özünü doğrultdu. Həmin gənclərin vətənpərvərliyi, şücaəti daim yüksək qiymətləndirilir. Ölkə Prezidentinin dediyi kimi: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”. 
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər   ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabit, özünə güvənən ölkədə yaşayır.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman  ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı cənab İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırır. 
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda  21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu oyunlarda 50 ölkəni  təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Son illər bu sahədə görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə dünyada tanınır və qəbul olunurlar. Böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. 
Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc   ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənc­lər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə,  kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Müasir dövr Azərbaycan gənc­liyinin ən böyük qəhrəmanlıq salnaməsi, şübhəsiz ki, İkinci Qarabağ müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır. Qarabağı azad etmək uğrunda gedən döyüşlərdə sinəsini sipər edən, düşmənin üzərinə gedənlər, ilk növbədə, gənclər oldu. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edərək bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdı. 

Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 02.02.2025 10:20