NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Gənc rəssamın fərdi sərgisi təşkil edilib

...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş  gənc rəssam Səbrəli Nəbiyevin  “Vəhdət ” adlı fərdi yaradıcılıq sərgisi təşkil edilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Tədbiri Naxçıvan  Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva giriş sözü ilə  açaraq sərgi iştirakçılarına rəssamın yaradıcılığı və üslubu haqqında geniş məlumat verib. Bildirilib ki, yaradıcılığında müxtəlif mövzulara toxunan gənc rəssamın öz fəlsəfəsi və sürreal baxış nöqtəsi sezilir. Yağlı boya, qara qələm və sair texnikalarla əsərlər ərsəyə gətirən rəssam daim axtarışdadır.
 Vurğulanıb ki,  gənc rəssamların əsərlərinin bu gün sərgi salonlarında sərgilənməsi onlara ölkəmizdə  göstərilən diqqət və qayğının ifadəsidir. Bu isə onlara hər zaman stimul yaradır. 
Sonra Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, Ali Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayevanın, Naxçıvan Dövlət Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sevinc Kərimova, Naxçıvan Rəssamlar Birliyinin fond mühafizi, sənətşünas Nizami Alıyevin çıxışları olub. Onlar gənc rəssamı təbrik edib, ona gələcək fəaliyyətində yaradıcılıq uğurları arzulayıblar. 
Sonda rəssamın valideynləri təşkil edilən sərgiyə görə minnətdarlıqlarını bildiriblər. 
Qeyd edək ki, bundan öncə Səbrəli Nəbiyevin fərdi sərgiləri təhsil aldığı 16 nömrəli tam orta məktəbdə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilmişdir. 
Sərgidə gənc rəssamın 50-yə yaxın əsəri nümayiş etdirilir. 

    Aidə İBRAHİMOVA

Nəşr edilib : 29.04.2025 12:49