NAXÇIVAN :

07 Fevral 2026, Şənbə

Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün tədbirlər davam etdiriləcək

...

"Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm addımdır.
Bildiyimiz kimi, iyulun 11-də UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  2006-cı il 5 may tarixli, 39 nömrəli Qərarı ilə “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılıb. Kiçik Qafqazın Zəngəzur sıra dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarında Qaranquş yaylağı, Qapıcıq zirvəsi, Nəbiyurdu və Camışölən yurdlarını əhatə edən 40-42 hektar ərazini əhatə edir. Burada 2000-dən çox daş üzərində 7000-dən çox qayaüstü təsvir öyrənilib”. 
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının əməkdaşı Qumral Əsədova deyib.
O qeyd edib ki, Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanıb. 1971-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Rəyasət Heyəti Gəmiqayada tədqiqat işlərinin aparılmasını, elmi albomun nəşr edilməsini, elmi-kütləvi filmin çəkilməsini qərara alıb, 1970-1987-ci illərdə Gəmiqayada tədqiqat işləri aparılıb, bir sıra elmi materiallar çap olunubOrdubad rayonunun Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın dəniz səviyyəsindən 3000-3500 metr yüksəklikdə yerləşən Gəmiqayada daşlar üzərində yazılmış piktoqrafik yazılar Qaranquş, Camışölən və Nəbiyurdu yaylaqlarında qeydə alınıb. 
Mədəniyyət Nazirliyinin rəsmisi deyib ki, Göygöl Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6,5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən, təqribən, 3000-3500 metr yüksəklikdə, dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə 7 metrdir.
"Gəmiqaya özünün adı, ecazkar gözəlliyi, uzaq qərinələrdən bəri, minillərboyu haqqında söylənilən mifləri, yalçın qayalı yamaclarında qoruyub saxladığı zəngin tarixi abidələri, “yazılı” daş salnamələri ilə bizi Azərbaycan xalqının milli -mənəvi dünyasının ulu yaddaş çağlarına aparıb çıxarır. Buradakı tarixi abidələr kompleks şəkildə Azərbaycanın qədim mədəniyyət və incəsənət xəzinəsinə qızıl fond kimi daxil olub. Buna görə də "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi tarix-memarlıq abidələrinin təbliği baxımından mühüm bir addımdır.
UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalara uyğun olaraq tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən az bir il öncədən ilkin siyahıya salınması tələb olunur. Bundan sonrakı mərhələdə Gəmiqayanın UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi üçün elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıqlar və mədəni irsin qorunmasına dair zəruri tədbirlər davam etdiriləcək", – deyə Qumral Əsədova vurğulayıb.

Nəşr edilib : 12.07.2025 12:47