O gözdən uzaq olsa da, ehtiyac duyulan yerdədir
14:12 02.02.2025
0
0
0
NAXÇIVAN :
02 Fevral 2025, Bazar
2 fevral – Gənclər Günü. Ulu Öndər Heydər Əliyevlə başlayan və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevlə davam edən parlaq Azərbaycan gəncliyi.
Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və davamlı ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir. Həyata keçirilən uğurlu siyasət, sosial-iqtisadi islahatlar, qanunvericilik bazasının zənginləşdirilməsi və bu kimi tədbirlər sürətli inkişafı təmin etməklə yanaşı, ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Ümumiyyətlə hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də uğurlu gənclər siyəsəti təşkil edir. Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Liderimiz Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlamdüşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə hər zaman önəm verərək deyirdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaradıldı. Və bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başlanıldı.
Bu siyasətin davamı olaraq Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Ulu Öndər 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi barədə Sərəncam imzaladı. Ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə, gənclərin forumları mütəmadi olaraq keçirilməyə başladı. Gənclərin II Forumu 1999-cu ildə reallaşdı. Ulu Öndər Heydər Əliyev bu forumda gənclərə müraciət edərək dedi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Görülən işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də Azərbaycan gənclərinin III Forumu keçirildi. Bu toplantıda əvvəlki forumlardan ötən dövr ərzində görülmüş işlər qiymətləndirildi Gənclərə Azərbaycançılıq məfkurəsinin aşılanması yolları müəyyənləşdirildi.
Ulu Öndərin gənclərə etimadı bu gün bəhrələrini verməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini bu sahəyə olan diqqəti və qayğısı ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan da bunun ifadəsidir.
2003-cü ildən sonrakı dövrdə Prezident cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı və Prezident cənab İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidentinin növbəti qayğısı oldu.
Gənclərlə siyasətin davamı olaraq 14 oktyabr 2005-ci ildə keçirilən Azərbaycan gənclərinin IV Formu, 2008-ci il 3 oktyabr tarixində V, 2011-ci il 25 oktyabr VI, 2014-cü il 2-3 iyun tarixlərdə VII, 2018-ci il 16 noyabr və nəyahət, 2020-ci 25 dekabr tarixlərində keçirilən VIII-IX Azərbaycan Gənclər Formu, həmçinin 2 fevral 2022-ci ildə keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu Azərbaycanın qlobal dialoqlar və beynəlxalq əməkdaşlıq üçün mühüm mərkəz olduğunu bir daha sübut etmişdir.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. Həmçinin “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlətimizdə gənclərə göstərilən qayğının barız nümunəsidir.
Ötən dövrdə adıçəkilən qanun, strategiya və proqramlar gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıbdır.
Dövlət başçısı cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Müharibə dövründə gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında gənclərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində demişdir: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Bu gün isə Azərbaycan gəncləri işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində fəal iştirak edirlər.
Azərbaycan Gənclərinin IX Forumu nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətində deyilir: “Doğma Vətənimizin əraziləri işğaldan azad olunduqdan sonra keçirilən ilk Forumun iştirakçıları olaraq böyük qürur hissi ilə bəyan edirik ki, biz güclü, hüququnu bütün dünyaya bəyan edən, Vətən müharibəsində inamlı və parlaq qələbə qazanmış Azərbaycan xalqının övladları, Azərbaycan dövlətinin gəncləriyik. Cənab Ali Baş Komandan, bu qələbə üçün biz, bütün Azərbaycan xalqı kimi, Sizin rəhbərliyiniz ilə tarix yazmış müzəffər Azərbaycan əsgərlərinə və zabitlərinə borcluyuq. Sizin çağırışınızla xalqımız Vətənin müdafiəsi üçün səfərbər olmağa, yumruq kimi birləşməyə və canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə, Vətən müharibəsinin iştirakçılarına sonsuz minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı Azərbaycan tarixinə silinməz, qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan gəncliyi həmişəki kimi bu gün də Sizin əmrinizdədir – Qarabağımızın dirçəldilməsində, işğaldan azad olmuş torpaqlarda həyata keçiriləcək quruculuq işlərində var qüvvəmizlə, biliyimizlə, Vətənə sevgimizlə iştirak etmək bizim ən böyük arzumuz və borcumuzdur”.
Azərbaycan Gəncləri Günü hər il dünya miqyasında gənclərin əhəmiyyətini vurğulamaq, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirmək və gələcəyə olan ümidlərini bir daha təzələmək məqsədilə qeyd olunur. Gənclər, ölkənin gələcəyini formalaşdıran, inkişaf yolunda əsas dayaqlardan biri olaraq mühüm rol oynayır.
2 fevral Gənclər Günün münasibətilə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edir, onlara sağlam, uğurlu və parlaq gələcək, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin apardığı siyasətdə bu gün olduğu kimi hər zaman bir yumruq kimi birləşməyi arzulayırıq.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər