NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Gedən gəlməz

...

Bu dünyaya gələn gedər, gedən gəlməz. Ölüm dediyimiz məfhumun əlimizdən alıb apardığı canlar gəlməz, ruhlar gələr, cismlər çürüyər, sözlər qalar, saçlar ağarar, gözlər qaralar. Bu dünyadan gedən gəlməz.

Necə də asanlıqla yazıram hə? Sadə sözlərlə, asan, ruhsuz şəkildə, sanki bir dəfə ölüb, acı şərbətini içmişəm dünyanın. Eh, insanlarda belə deyilmi?

Hər kəs danışar, biri başqasından, başqası da ondan danışan birindən, sadəcə, danışmaq üçün danışmaq istəyər, məsləhət verər, tövsiyə edər. Kaş özümüzə də edə bilsək asanlıqla verdiyimiz tövsiyələrdən…

İnsanlar gedər, səslər qalar, insanlar ölər, sözlər qalar, bəlkə də, bir gün mənim də hansısa sözüm qalacaq, bəlkə də, bir gün mən də sözü qiymətli olan insanlardan olacam.

Bilmirəm, sizdə olub, yoxsa olmayıb, ancaq məndə tez-tez yaşanır, sevdiyimin, sevgimin, dostumun, yanımda olmayanın səsi bəzən elə yaxından gələr ki, sanki söhbət edirsən. Nə vaxtsa söhbət etdiyin zaman ağlına ilişib qalan adi bir sözü bəzən gecələr, bəzən səhərlər, bəzən işinin ən çox olduğu zaman gələr qulağına. Bəs sən nə hisslər keçirirsən? Sual vermisən özünə? Bu səsi niyə eşitdim?

Heç mən də sual verməmişəm özümə, niyə eşitdiyimi də bilmirəm, amma yəqin çox sevdiyimdəndir.

Çox yazmıram, bəzən yazıram, az yazıram, düşünüb yazıram, ya gördüklərimdən, ya da hiss etdiklərimdən yazıram. İnsanlardan yazıram.

Həftəsonu parkda oturmuşdum, ölməz sənətkar Akif İslamzadənin mahnısını dinləyirdim. Bazar günü, isti hava, parkda sakitlik, başqa nə istəyə bilərdim ki?

Birdən yaşlı baba əyləşdi yanıma, ayağa qalxıb salam verəndə “Gecikdin”, –  dedi, “Əyləş, həyata da belə gecikirsən?” – deyə sual verdi.

Çaşqın simamla ona baxıb “Anlamadım”, – dedim.

Hələ gəncsən, çox şeyi anlamırsan, vaxt gələcək, çox şeyi anlayacaqsan. Onda həyat yaşana bilməyəcək qədər əzab və izdirabla dolacaq, ancaq insan olacaqsansa, bunu hiss edəcəksən. Çalış anla, düşün, sev, ancaq manqurt olma.

Cavab verə bilmədim, çünki verəcək cavabım yox idi, ancaq düşünməyə başladım; nə dedi, nə demək istədi deyə. İndi də başa düşmürəm, anlamıram, ancaq çalışıb gecikməməliyəm, ya həyata, ya da... onu anladım.

Dinlədim, anlamağa çalışdım, ən azından çalışdım. Manqurt olmamaq üçün, yaşamaq üçün, sevmək, əylənmək və həyatı başa düşüb, acısını da, sevincini də bərabər yaşamaq üçün çalışıram.

Bəs siz çalışırsınız insan olmaq üçün ?

Bu suala buradan, sizdən cavab almaq istəyirəm.

Oxuduğun üçün təşəkkür edirəm!

Əli Yarıyev

Nəşr edilib : 23.10.2024 17:08