NAXÇIVAN :

20 May 2026, Çərşənbə

GAK WUF13-ün yüksək səviyyədə təşkili və Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının fəaliyyətə başlaması ilə əlaqədar bəyanat yayıb

...

“Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkili, dünya liderlərinin, o cümlədən Gürcüstan Baş naziri İrakli Kobaxidzenin də bu beynəlxalq tədbirdə iştirakı, onun Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü, hər iki ölkənin hökumətləri arasında bir sıra mühüm sənədlərin imzalanması bizi çox sevindirir”.
"Şərq qapısı" xəbər verir ki, bu fikirlər Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubovun yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda deyilir: “Azərbaycan Respublikası ilə Gürcüstan arasında 26 may tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılaşma xəbərini böyük məmnunluq hissi ilə qarşıladıq. Mən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq, həm öz adımdan, həm də rəhbərlik etdiyim təşkilat adından bildirirəm ki, ölkəmizin Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanmasını böyük məmnuniyyətlə qarşıladıq. Bu sazişlərlə strateji tərəfdaşlıqlarımız bir daha təsdiqləndi. Bu münasibətlə ölkəmizin Baş naziri İrakli Kobaxidzeni və Azərbaycan Prezidenti İlham Əliyevi, onların timsalında da hər iki tərəfi ürəkdən təbrik edirəm!”.
Sənəddə, həmçinin bildirilib: “Tərəflərin 26-28 may - ölkələrimizin Müstəqillik Günləri ərəfəsində, iki dost və strateji tərəfdaş ölkənin Bakı – Tbilisi – Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığına gəlincə, bu razılığı da ayrıca alqışlarla qarşılayırıq!
Ölkələrimiz üçün, vətəndaşlarımız üçün xeyirli, uğurlu olsun!
İnanıram ki, bu doğru qərar quru (avtomobil) yollarının da açılmasının bir müjdəçisi olacaq!
Bütün sərnişinlərə uğurlu yollar diləyirəm!”.

Nəşr edilib : 20.05.2026 20:05