Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
Həmin günlərdə hər bir məcburi köçkün ailəsi kimi Yusifzadələrin də evində dualar edilir, Ali Baş Komandanın müraciəti səbirsizliklə gözlənilirdi. Hər qələbə xəbəri xalqımızı sevindirir gələcəyə ümidini artırırdı. 17 oktyabr Füzuli şəhərinin işğaldan azad olunması xəbəri eşidiləndə ailənin sevinci yerə-göyə sığmadı. Həmin gün onların taleyinə yazılan məcburi köçkün sözü əbədiyyən silinmişdi.
Artıq üç ildir ki, Yusifzadə ailəsi dirçələn, gözəlləşən Füzuli şəhərində ömür sürür. Ailə başçısı Davud Yusifzadə 1986-cı ildə Füzuli şəhərində dünyaya göz açıb. Füzuli işğal ediləndə cəmi yeddi yaşında olsa da, həmin günləri yaddaşına əbədi yazıb. O, Şəki şəhəri Çələbixan qəsəbəsində ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayıb. Sonradan Bakı şəhərinə köçüb, Vətən borcunu isə Gədəbəy rayonunda cəbhə xəttində ödəyib. 2007-ci ildə Ağdam rayonundan məcburi köçkün olan xanımla ailə həyatı qurub. Onunla söhbət zamanı deyir ki, 2008-ci ildə Füzuli rayonunda Haramı düzündə “Zobcux” adlandırılan beş qəsəbə salındı. Azərbaycanın rayonlarında yaşayan füzulili ailələrin bir qismi oraya köçürüldü. Onların ailəsi də həmin qəsəbələrdən birində mənzillə təmin olunub.
“Uzun illər həmin qəsəbədə yaşasaq da, ora da Füzuli rayonunun bir parçası olsa da, fikrimiz xəyalımız dünyaya gəldiyim, uşaqlığımın keçdiyi həmin şəhərdə idi. Vətən savaşının başlandığı yer yaşadığımız qəsəbənin bir addımlığı idi. Həmin səhər başlanan haqq davamızın Qələbə ilə başa çatacağına əmin idik. Düşmənin ağır artilleriyadan atdığı mərmilər həyatımızı təhlükəyə salsa da, cəbhə bölgəsində olan kəndlərin, qəsəbələrin heç birinin sakinləri bir addım geri çəkilmədi. Əksinə, dağ kimi ordumuzun arxasında dayandıq. Bütün Azərbaycan xalqı döyüş meydanına yaxın yerlərə axışdı. Bakıdan və digər şəhərlərimizdən gələn avtomobil karvanlarında olan gəclərin döyüşə getmək üçün necə can atdığını görənlərin ürəyi dağa döndü. Bir-birinin ardınca gələn qələbə xəbərlərinin içində Füzulinin azad edildiyi xəbərini alanda ailəmizin sevinci yerə-göyə sığmadı.
2023-cü il oktyabr ayında işğaldan azad edilmiş Füzuli Şəhərinə köçmüşük. Artıq 3 ildi Füzuli şəhərində yaşayırıq. Füzuli şəhərində bizi çox gözəl şəraitli evlə təmin ediblər. Şəhərə köçəndən sonra övladlarım Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə təhsil almağa başladı. Böyük oğlum Əli builki məzunlardan olub və hazırda Özbəkistan Respublikasında ali təhsil alır. Ötən günlərdə Prezidentimiz İlham Əliyev Özbəkistan Respublikasında səfərdə olarkən orada məktəblilərlə və tələbələrlə görüşdü. Oğlum Əli də həmin görüşdə iştirak edirdi. O kadrlarda oğlumu dövlət başçısı ilə görüşərkən izləmək ailəmizin qüruruna səbəb oldu. Azərbaycanın gələcəyi olan gənclərin dövlət başçısını görəndə necə fərəh duyduğunu hiss edəndə bir daha əmin olduq dövlətimizin sükanının doğru əldə olduğuna”.
Müsahibim qeyd edir ki, ailəsi şəhərə köçdükdən sonra o işlə təmin edilib. Hazırda “Füzuli” Qazpaylayıcı Stansiyasında operator vəzifəsində işləyir. Bildirir ki, öz doğma yurdunda yaşamaq insanın ən böyük xoşbəxtliyidir.
Bir insan və Azərbaycanın rayon və kəndlərində hissə-hissə yaşanan ömür... Davud Yusifzadə kimi yüzlərlə insanın həyatı 30 il parçalara bölündü. Başqa-başqa kəndlərdə, çadır şəhərciklərində keçdi onların uşaqlıqları, gənclikləri. Çətin oldu həmin illər, dözülməz oldu bəzən, amma onlar heç vaxt sınmadılar, ümidlərini itirmədilər. Və həmin gün gələndə ümidlər, xəyallar gerçəyə dönəndə bütöv Azərbaycanın ürəyi bir yerdə döyünəndə torpaq həsrəti ilə dünyadan köçən insanlarımızın, şəhid oğullarımızın ruhu şad oldu.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər