NAXÇIVAN :

29 Iyun 2026, Bazar ertəsi

Fərqlənən məzunlar mükafatlandırılıb

...

Bu gün Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə ali təhsil həyatını uğurla başa vuran tələbələr üçün ən yaddaqalan günlərdən biri olan “Məzun-2026” tədbiri keçirilib. Naxçıvan şəhərinin "Saat Meydanı" turistik istirahət mərkəzində təşkil olunan təntənəli mərasimdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə universitetin inkişafına töhfə verən, təhsil müddətində ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan, elmi, ictimai və mədəni fəaliyyətlərdə fəallığı ilə seçilən 21 məzuna diplom və hədiyyələr təqdim olunub. Təltif edilən məzunlar göstərilən etimadı gələcək fəaliyyətləri üçün böyük stimul kimi dəyərləndiriblər.
“Şərq qapısı” qəzeti olaraq təltif olunan məzunlarla həmsöhbət olduq, onların tələbəlik illərində əldə etdikləri uğurlar və gələcək planları ilə bağlı təəssüratlarını öyrəndik.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Jurnalistika ixtisası üzrə IV kurs məzunu Rafiq Təhməzov "Tələbə Elmi Cəmiyyətində göstərdiyi aktiv fəaliyyətinə, təşkilatçılıq bacarığına və təşəbbüskarlığına görə" nominasiyası üzrə təltif olunub. Təhsil aldığı müddətdə universitetin Media Mərkəzində və Tələbə Gənclər Təşkilatının Media Departamentində könüllü jurnalist kimi fəaliyyət göstərən Rafiq Təhməzov ictimai fəallığına görə “İlin Tələbə Gənclər Təşkilatı fəalı”, “Fəal könüllü”, “İlin fəal könüllüsü” və “Gənc media işçisi” kimi mükafatlara layiq görülüb. Hazırda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetində jurnalist kimi fəaliyyət göstərir.
Sevincini bölüşən məzun bildirib ki, bu təltif onun üçün xüsusi əhəmiyyət daşıyır: “Bu gün mənim üçün çox qürurverici və yaddaqalan gündür. İlk növbədə, bu günə gəlməyimdə böyük əməyi olan müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Universitetdə keçirdiyim dörd il ərzində həm nəzəri biliklər əldə etdim, həm də jurnalistika sahəsində  təcrübə qazandım”.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Aqrar (fermer) təsərrüfatının təşkili ixtisası üzrə məzunu Gülüstan Şirinova da yüksək akademik göstəriciləri, nümunəvi davranışı və məsuliyyətli yanaşması ilə fərqləndiyinə görə təltif olunan məzunlar sırasında yer alıb. O bildirib ki, bu  təşəkkürnamə onun tələbəlik illərində göstərdiyi fəallığın və əzmin qiymətləndirilməsidir.  
O bildirib ki, kollecdə təhsil aldığı müddətdə müxtəlif tədbirlərdə və şeir müsabiqələrində fəal iştirak etməsi, eləcə də yüksək ümumi müvəffəqiyyət göstəricisi (ÜMG) əldə etməsi bu təşəkkürnaməyə layiq görülməsində mühüm rol oynayıb. Gənc məzun əlavə edib ki, gələcəkdə də həm təhsilində, həm də ictimai fəaliyyətində təmsil etdiyi kollecin adını uca tutmaq üçün əlindən gələni əsirgəməyəcək.
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə IV kurs məzunu Dilsuz Zeynallı universitet həyatında  göstərdiyi ictimai fəallığa, təşkilatçılıq fəallığına, məsuliyyətli və nümunəvi davranışına görə təltif olunub. O bildirib ki, tələbəlik illərində əldə etdiyi uğurların bu cür qiymətləndirilməsi onun üçün böyük qürur mənbəyidir.
Dilsuz Zeynallı bildirib ki, təhsil aldığı müddətdə həm akademik biliklərini artırmağa, həm də müxtəlif müsabiqə və yarışlarda universiteti uğurla təmsil etməyə çalışıb. O qeyd edib ki, Robotex Azərbaycan yarışında II yerə layiq görülüb, həmçinin ICPC proqramlaşdırma müsabiqəsində ölkəmizi beynəlxalq səviyyədə təmsil edib. Universitetin ictimai həyatında da fəallığı ilə seçilən məzun könüllülük fəaliyyətinə görə bir neçə dəfə “İlin könüllüsü” adına layiq görülüb.
Gənc məzun vurğulayıb ki, bu təltif onun üçün böyük motivasiya mənbəyidir. O, qazandığı uğurlarda əməyi olan müəllimlərinə və universitet rəhbərliyinə təşəkkürünü bildirərək gələcəkdə də əldə etdiyi bilik və bacarıqlarla ölkəsinə faydalı mütəxəssis olmaq üçün çalışacağını qeyd edib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 29.06.2026 20:54