NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Fərid Bağırzadə: Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

...

“Bu gün Azərbaycan xalqının tarixində qürur və şərəf səhifəsinə çevrilmiş şanlı Zəfərimizə həsr olunan xüsusi tədbirdə – əlilliyi olan istedadlı uşaqların iştirakı ilə təşkil edilmiş inklüziv musiqili konsert proqramında iştirak etdik. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, şanlı Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin canı və müharibə iştirakçılarının fədakarlığı sayəsində qazanılan tarixi Zəfərimiz Azərbaycan xalqının gücünün, birliyinin və iradəsinin təntənəsidir”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə deyib.
Onun sözlərinə görə, bu gün Zəfər tariximiz bizə bir daha göstərdi ki, Azərbaycan xalqının ən böyük gücü onun birliyi və həmrəyliyidir. Məhz həmin birlik və həmrəylik dövlətimizin həyata keçirdiyi sosial siyasətdə, xüsusilə əlilliyi olan şəxslərə və həssas əhali qruplarına göstərilən diqqətdə öz əksini tapır. 
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial müdafiəsinin gücləndirilməsidir: "Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini qeyd etmək istərdim. Onun rəhbərliyi ilə həyata keçirilən sosial layihələr, xüsusən əlilliyi olan uşaqların təhsilinə, sağlamlığına və reabilitasiyasına töhfə verən təşəbbüslər ölkəmizdə inklüziv cəmiyyətin formalaşmasına mühüm dəstək göstərir".
"Bu gün burada Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının ifalarını dinlədik. Bildirmək istəyirəm ki, növbəti mərhələdə məhz həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu istiqamətdə artıq işlər davam etdirilir. Düşünürük ki, bu cür tədbirlər əlilliyi olan şəxslərin özünəinamının artırılmasına, yaradıcılıq potensialının inkişafına mühüm dəstək verəcək" , – deyə Fərid Bağırzadə əlavə edib.

Nəşr edilib : 05.11.2026 18:00