Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
27 Dekabr 2024, Cümə
İstehsal prosesində keyfiyyətcə tam formalaşmış məhsulları istehlakçılara keyfiyyət dəyişikliyi olmadan çatdırmaq istehlakçı tələbini ödəmək baxımından həm istehsal müəssisələrinin, həm də xidmət strukturlarının qarşısında duran əsas məsələlərdəndir. Məhsulların keyfiyyətini qoruyub saxlayan vacib amillərdən biri isə, əlbəttə ki, onun qablaşdırılmasıdır. Qablaşdırma materialının düzgün seçimi isə qablaşdırma prosesinin həyata keçirilməsində əsas şərtlərdən biridir. Məhsulların istehsal prosesində qablaşdırılması zamanı təbii və süni materiallardan istifadə edilə bilər. Lakin istehsalçılar məhsulların qablaşdırılmasında süni materiallara daha çox üstünlük verirlər. Çünki düşünürlər ki, qablaşdırma tələbini təbii materiallarla ödəmək maddi baxımdan onlara baha başa gəlir. Ona görə də bu gün plastik qablar, polipropilenlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəlki illərdə plastik qablar ancaq su satışında istifadə edilirdisə, indi süd və süd məhsullarından tutmuş, gündəlik ərzaq məhsullarına qədər əksər mallar plastik qablarda istehlakçılara təqdim olunur. Ancaq nəzərə alınmalıdır ki, qablaşdırma zamanı istifadə olunan süni materiallar insan orqanizminə ciddi şəkildə zərər vurmaqla yanaşı, həm də ətraf mühitin çirklənməsinə səbəb olur. Alimlərin araşdırmalarına görə, plastikdə olan birləşmələr, xərçəng xəstəliyi də daxil olmaqla sağlamlıq üçün bir çox problemlər yaradır.
Bu gün Naxçıvanda da eko-qablaşdırmanın təşviqi istiqamətində bir çox tədbirlər həyata keçirilir. Elə yaxın günlərdə Naxçıvanda fəaliyyət göstərən yerli sahibkarların ekoloji qablaşdırmaya keçidi və AZS İSO 14001-2021 “Ətraf mühiti idarəetmə sistemləri” standartlarının tətbiqinə təşviq edilməsi məqsədilə aksiya keçirildi.
Elə biz də mövzuyla bağlı suallarımıza cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdik. “Ekoloji qablaşdırma nədir?” sualını xidmətin texniki tənzimləmə və metroloji nəzarət sektorunun müdiri Rəşad Mirzəyev cavablandırdı: “Eko-qablaşdırma təkrar emal oluna bilən, ətraf mühit, insan sağlamlığına və məhsullara zərəri olmayan qablaşdırma növüdür. Bu qablaşdırmalar təbiətdə bir neçə ay ərzində parçalanır. Eko-qablaşdırma nəinki istifadə etdiyimiz tullantıları azaldır, o həmçinin istehsal zamanı havanın daha az çirklənməsinə səbəb olur. Digər növ qablaşdırma materiallarından fərqli olaraq eko-qablaşdırmalar daha sürətli parçalanır. Parçalanma zamanı atmosferə heç bir zərərli maddələr buraxmır və torpağı çirkləndirmir”. “Eko-qablaşdırmaların materiallarının növləri hansılardır və onlar nə üçün istifadə olunur?” sualını müsahibimiz belə cavablandırdı: “Bu növ qablaşdırmaların müxtəlif ölçüləri və formaları olur. Ekoloji cəhətdən ən təmiz qablaşdırma kağız və qofrokarton hesab olunur. Eko-qablaşdırmalara nümunə olaraq bir çox qablaşdırma növlərini göstərmək olar.
Məsələn, kağızdan hazırlanan qablaşdırmalar müxtəlif əşyaların daşınması və saxlanması üçün praktik və sərfəli həll yoludur. Təkrar emal edilə bilən və bioloji parçalana bilən olduğuna görə qablaşdırmalar üçün ideal seçimdir. Un, şəkər, şəkər tozu və qurudulmuş meyvə kimi bir çox qida məhsullarının qablaşdırılmasında kraft karton istifadə olunan möhkəm kağız növüdür. Buna əlavə olaraq çantaların hazırlanması və paketləmədə də geniş istifadə olunur. Bu növ kağız nəmə davamlı olduğuna görə məhsulların və qidaların təhlükəsiz şəkildə daşınmasını asanlaşdırır. Bambuk dünyanın ən sürətlə böyüyən bitkilərindən biridir. Metal, plastik, sərt ağac, kağız və pambıq əvəzləyicisidir. Tikinti, parça və tekstil, mebel sənayesində, diş və saç fırçaları, mətbəx qabları kimi bir çox başqa məhsulların istehsalında geniş istifadə olunur.
Adını sadalamadığımız bir çox eko-qablaşdırmalar mövcuddur ki, belə təbii materiallardan hazırlanmış qablaşdırmalar təkrar emal edilə bilən və gübrəyə çevrilən materiallar olduğundan geniş istifadə olunur”.
Rəşad Mirzəyev bildirdi ki, ekoloji təmiz qablaşdırma təkrar emal edilmiş materiallardan da hazırlana bilər. Bu materiallar öncədən istifadə edilmiş plastiklərin yenidən emal edilməsindən alınan məhsullardır. Təkrar emal edilmiş materiallardan istifadə etməklə təbii resurslara qənaət etmiş oluruq. Bununla yanaşı, zibilxanalarda toplanan tullantıların miqdarını azaltmağa və yeni materialların toplanması ehtiyacını minimuma endirməklə çirklənməni azaltmağa da kömək edirik.
Eko-qablaşdırmalardan istifadə etməyin faydalarından bəhs edən Rəşad Mirzəyev dedi ki, bildiyiniz kimi, qablaşdırma məhsullarının istehsalı xammalın çıxarılmasından istehsalına, daşınmasına, istifadəsinə qədər müxtəlif mərhələlərdən keçir. Hər bir mərhələ ətraf mühitə müəyyən miqdarda zərərli olan karbon qazı buraxır. Eko-qablaşdırmaların istehsalı zamanı isə havaya daha az karbon qazı buraxılır. Bioloji parçalana bilir və parçalana bildiyinə görə eko-qablaşdırmalar ətraf mühit üçün ideal seçimdir. Çünki təbiətdə zərərsizdir. Həmçinin eko-qablaşdırma qida israfını minimuma endirir, qidaların rəflərdə daha uzun müddət qalmasına köməklik etməklə yanaşı, həm də qida tullantılarını azaldır.
Bəli, eko qida qablaşdırması ən yaxşı təcrübələrdən və gigiyenik istehsal texnikalarından istifadə etməklə istehsal olunduğundan ətraf mühitimizi təmiz və sağlam saxlamağa kömək edir. Eko-qablaşdırma təkcə istehlakçıların ekoloji öhdəliklərini yerinə yetirmir, həm də brend imicini və satışını artırır. Elə isə sağlamlığımızı və ətraf mühiti qorumaq naminə eko-qablaşdırmalara üstünlük verək və beləliklə, həm özümüzü, həm də bizə min nemət bəxş edən təbiəti qoruyaq.
Gülcamal TAHİROVA
Digər xəbərlər