NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Eskişehirdə “Müasir türk birliyinə açılan qapı - Naxçıvan Sazişi” mövzusunda konfrans keçirilib

...

Eskişehirdə “Müasir türk birliyinə açılan qapı - Naxçıvan Sazişi” mövzusunda konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) və Eskişehir Azərbaycanlılar Dərnəyinin (EsAzDer) təşkilatçılığı ilə “Müasir türk birliyinin kommunikasiya əsasları” layihəsi çərçivəsində baş tutub.
Konfrans Ümummilli Lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, CASCFEN-in sədri, Əməkdar jurnalist Nadir Azəri, Manisa Azərbaycanlılar Dərnəyinin sədri Şentürk Hoşgül, Bursanın Uludağ Universitetinin professoru Mehmet Yüce və Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi Yücel Karauz çıxış ediblər. Çıxışlarda Türkiyə-Azərbaycan qardaşlığı üzərində qurulan türk birliyinin zaman keçdikcə daha da gücləndiyi vurğulanıb.
Bildirilib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üçün kiçik qrant müsabiqəsinin qalibi olan CASCFEN-in bu layihəsi əsasında görülən işlər, həmçinin Naxçıvanda və Eskişehirdə keçirilən iki konfrans Türk dünyasının birliyi istiqamətində aparılan siyasətin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” çağırışının təzahürüdür.
Sonra EsAzDer-in konfransla bağlı hazırladığı videomüsahibələr nümayiş olunub.
Konfrans layihə üzrə ekspert, Beynəlxalq “Alaş” Mükafatı laureatı, türkoloq Əkbər Qoşalının moderatoru olduğu panel iclası ilə davam etdirilib.
Tədbirdə layihə üzrə ekspert, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva, Anadolu Universitetinin Heydər Əliyev Mərkəzinin rəhbəri professor Burhan Sayılır və Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayılın mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonda çıxış edən EsAzDer rəhbəri Cavid Aydın bu dərnəyin belə bir konfransa ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O, EsAzDer-in fəaliyyətində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin və Türk dünyasında inteqrasiyanın daha da güclənməsinə xüsusi əhəmiyyət verildiyini deyib.
Layihənin reallaşmasında dəstək olan şəxslərə və məruzəçilərə xüsusi plaket və təşəkkürnamələr təqdim edilib.

Nəşr edilib : 20.10.2024 17:23