NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Epoksid nədir və bu sənət haqqında nələr bilirik?

...

Elm və texnikanın inkişafı  cəmiyyətin inkişafına müsbət təsir etdiyi kimi, insanların yaşayışına, yaradıcılığına da təsirsiz ötüşməmişdir. Artıq mağazalarda, onlayn şəbəkələrdə hər növ materialdan hazırlanmış, növbənöv,  zövqoxşayan hədiyyəliklər, əşyalar tapmaq mümkündür. İnsanlar  bu əşyaları kiməsə hədiyyə etmək üçün  alır və ya özü, yaxud yaşayış yeri üçün əldə edir, digər bir qisim isə bu əşyaları hazırlayır, yaxud satışı ilə məşğul olur. Müasir dövrdə trendə çevrilən  və ən çox tələb olunan hədiyyəliklər məhz epoksid qatranından hazırlanmış məhsullardır.

Əldə etdiyimiz məlumata əsasən epoksidin tarixi  1909-cu ilə dayanır və rus kimyagərlər tərəfindən tapılıb. Ölkəmizdə isə son bir neçə ildə bu sahə tanınır. Muxtar respublikamızda bu işlə barmaqla sayılacaq qədər az insan məşğul olsa da, epoksiddən hazırlanmış əl işləri böyük rəğbət görür. Epoksiddən hazırlamış  məhsulların  içərisində dekorasiya  məqsədilə  istifadə olunan  saç, çiçək, gül qırıntıları və sair olduğu kimi qaldığından  bu əşyalar daha çox sevilir. Bu sənət sahəsinin gözəl nümunələrini yaradan İsmayıl Salahlı ilə epoksid haqqında bilmədiklərimiz barədə  maraqlandıq. 

2022-ci ildən bu işlə məşğul olan  müsahibim deyir: – “Uzun zamandır ki,  bu  işə marağım vardı. Sənətin incəlikləri haqqında sosial şəbəkələrdən araşdırma apardıqdan sonra  artıq 2022-ci ilin əvvəlindən özümü bu sahədə sınamağa qərar verdim. İlk zamanlar çox çətinliklərim olurdu. Çünki epoksiddən məhsul hazırlamaq üçün, ilk növbədə, onun  məhlulunun qatılmasında qram balansını düzgün müəyyənləşdirmək lazım gəlir. Hətta belə çətinliklərinə görə, yeni başladığım zamanlarda bu sənətdən əl çəkmək istədim. Lakin səbrim və bu sahəyə olan marağım, sevgim sayəsində artıq bir neçə ildir ki, epoksid sənəti ilə məşğul oluram”.

Epoksidin  nə olduğunu oxucularımız üçün aydınlaşdıran müsahibim bildirir ki, epoksid 2 məhlulun birləşməsindən hazırlanan şəffaf mayedir. Maye qarışdırıldıqdan sonra  istədiyin rəngə uyğun piqment qarışdırılır və hazır olmuş məhlul qəliblərə tökülür. Məhlulun quruyub  qəliblərdən çıxarılması üçün, təxminən, 18-24 saat vaxt lazımdır”.

Epoksiddən hər hansı əl işi hazırlamaq üçün  istənilən zövqə uyğun rəng piqmentlərindən istifadə olunur.  Daha çox şəkilli dominolar, saç tellərindən təsbehlər, klonlar, içi güllərlə bəzədilmiş hərf  açarlıqlar, kül qabları və sair hədiyyəliklərə xüsusi maraq olduğunu qeyd edən müsahibim  sifariş əsasında sosial şəbəkədə satışla məşğul olduğunu söyləyir.    

Digər müsahibim Vüqar Əliyev bir  ildir ki, bu işlə məşğul olur. İlk əvvəl hobbi kimi  məşğul olduğu  sənət sahəsindən sonralar qazanc da  əldə etdiyini bildirən müsahibim qeyd edir ki, bu sahə yeni olduğu üçün muxtar respublikamızda, ümumiyyətlə, epoksidin nə olduğunu bilən insan sayı azdır. Bununla belə bu işə maraq göstərən müəyyən müştəri kütləsi də mövcuddur. Payız fəslini yaşadığımız bu günlərdə temperatura bağlı olaraq epoksidin quruma sürətinin  ləng getdiyini  söyləyən Vüqar Əliyev  bildirir ki,  məhz bu səbəbdən  hazırlanmış təbəqədə müəyyən qüsurlar əmələ gəlir ki, bunu düzəltmək üçün  zaman lazımdır. Bu işi görərkən mütləq şəkildə əlcək və maskadan istifadə olunmalıdır. Epoksid  ilə yanaşı, müəyyən boyalardan, daşlardan da yararlanırıq. Elə əl işlərimiz var ki, orada sırf qəlibdən istifadə edirik. Lakin saat,  masa kimi  əşyalar hazırlayarkən isə panel taxta üzərində işləyirik.

Epoksiddən balaca hədiyyəliklərlə yanaşı, hər zövqə xitab edən  şahmat, saat,  masa və sair kimi əşyalar  hazırlayan müsahibim  sözlərinə davam edir: – “Bu  sənətdə yeni olduğum üçün düşünürəm ki,  öz üzərimdə daha çox çalışmalı və yeniliklər öyrənməliyəm. Gələcəkdə əl işlərimlə sərgilərdə çıxış etmək arzularımdan biridir. Bir də onu xüsusi vurğulamaq istərdim ki,  kənardan nə qədər  asan  görünsə də,  bu sənət  çoxlu səbir, zəhmət  və diqqət tələb edir”.

Sonda müsahibim təşəkkürünü ifadə edərək deyir: – “Bizim kimi əl işləri ilə məşğul olan insanların sənəti ilə maraqlandığınız, sənətimizin incəliklərini  geniş oxucu kütləsinə çatdırdığınız üçün sizə  minnətdaram”.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 14.11.2024 15:11