NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Əmək bazarı paradoksu, yaxud “diplom var, iş yox” sendromu

...

Günümüzdə əmək bazarının reallıqları ilə ixtisas seçimi arasında dərin bir uçurum yaranmaqdadır. Universitetə qəbul olan gənclər arasında əmək bazarında real ehtiyac duyulmayan, iş imkanları məhdud olan və ya peşəyönümlü olmayan ixtisaslara meyil müşahidə olunur. Bu isə gələcəkdə ixtisaslı işsizlər ordusunun artmasına və resursların səmərəsiz istifadəsinə səbəb olur. Bir çox gənc ali təhsilə qəbul zamanı konkret məqsəd və maraq üzərindən deyil, mövcud balına və çevrəsinin təsirinə uyğun qərar verir. İxtisasın adı cəlbedici səslənsə də, onun real həyatda nə dərəcədə effektiv və faydalı olduğu nəzərə alınmır.

Orta məktəblərdə peşəyönümü təbliğatı, karyera məsləhətləri, demək olar ki, yoxdur. Nəticədə, şagirdlər hansı ixtisasın onların şəxsiyyətinə, qabiliyyətlərinə və gələcək planlarına uyğun olduğunu bilmir, daha çox “prestijli görünən” sahələrə yönəlirlər. Nəticədə, bir çoxları üçün diplom, sadəcə, “kağız parçası”na çevrilir. İxtisas seçimində valideynlərin də böyük payı var. Bəzi ailələr övladlarının “həkim”, “müəllim”, “hüquqşünas” kimi ixtisaslara yiyələnməsini istəyir. Halbuki bu sahələrdə artıq ciddi rəqabət və doymuşluq var. Əvəzində əmək bazarında texniki peşələrə, aqrar sahəyə, IT və rəqəmsal texnologiyalara tələbat sürətlə artır.

Təəssüf ki, günümüzdə çox az adam real əmək bazarının tələblərini nəzərə alır. Halbuki ixtisas seçimi gələcək həyatın yönünü müəyyənləşdirir və bu yalnız universitetə daxil olmaqla yekunlaşmır  – əsl həyat diplomdan sonra başlayır. Ölkədə illərdir ki, bəzi ixtisaslara yüksək maraq var: hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, jurnalistika, tarix, mədəniyyətşünaslıq və digərləri… Bu ixtisaslar ad baxımından cəlbedici olsa da, təəssüf ki, onların böyük bir hissəsi üçün ölkədə real iş imkanları məhduddur. Hüquqşünas və iqtisadçı “bolluğu”, turizm və mədəniyyət sahəsindəki iş yerlərinin azlığı, nəticədə, bu ixtisas sahiblərinin əmək bazarına çıxışını çətinləşdirir. Gənc diplom alır, amma ixtisasına uyğun sahədə iş tapmadığı üçün ya başqa işlərdə çalışır, ya da uzun müddət işsiz qalır.

Ali təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Günümüzün reallığıdır ki, universitetlər qəbul planlarını əmək bazarının ehtiyaclarına uyğun tənzimləmir. Tələbat olmayan ixtisaslara tələbə qəbulunu azaltmır, tələbələr praktik bacarıq tələb edən sahələrə yönəldilmir. Əmək bazarına uyğun olmayan, lakin populyar və tələbə cəlbedici olan ixtisaslara daha çox yer ayırır. Bu isə işsiz məzunların artmasına səbəb olur. Planlı və ehtiyaca əsaslanan ixtisas bölgüsü aparılmadıqda əmək bazarı ilə təhsil sistemi arasında əlaqə qopur. Nəzərə almaq lazımdır ki, diplom təkcə iş və gələcək təminatı deyil. Reallıq seçilən ixtisasın icraçısı olmaq bacarığı, təcrübə və ixtisasa sevgidir.

Təəssüf doğuram məqam isə ondadır ki, cəmiyyətin ixtisas seçiminə illərdir ki, yanaşması dəyişmir. Amma nəzərə almaq lazımdır ki, sadəcə, ali təhsil alıb, diplom əldə etmək kifayət deyil. Vacib olan əmək bazarının ehtiyaclarını qarşılaya biləcək bilik və bacarıqların əldə olunmasıdır. Peşə təhsili, texniki sahələrə maraq, rəqəmsal bacarıqlar və spesifik ixtisaslaşmalar bu gün daha çox dəyər qazanır. Bir sözlə, gələcəyin iş dünyasında yer tutmaq üçün yalnız diplom yox, real bacarıq və uyğunlaşma tələb olunur.

Bu gün əmək bazarına yaramayan ixtisaslar problemi təkcə fərdi deyil, ictimai problemdir. Bu, təhsil sistemindən tutmuş ailə tərbiyəsinə, iqtisadi planlamadan tutmuş ictimai düşüncəyə qədər bir sıra sahələrdəki uyğunsuzluqların nəticəsidir. Çıxış yolu isə koordinasiyalı şəkildə təhlil, düzgün istiqamətdir. Nə qədər ki gənclər yalnız diplomun xəyalını qurur, ixtisası təsadüfən seçir, nə qədər ki, cəmiyyət peşəni adla ölçür, bacarıqla yox, o vaxta qədər əmək bazarında ixtisassızlıq və işsizlik problemi davam edəcək. Bu səbəbdən də artıq təkcə universitetə daxil olmaq yox, doğru ixtisasla doğru gələcək qurmaq əsas məqsəd olmalıdır.

         Gülcamal TAHİROVA

Nəşr edilib : 17.06.2025 14:19