Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
İbrahim Yusifoğlunun 70 yaşı münasibətilə yubiley hekayəsi
Özü ilə də, imzası ilə də çoxdan tanış olduğum İbrahim Yusifoğlu ilə mənim bir oxucu kimi fəal ünsiyyətim onun “Ədəbiyyat qəzeti”ndən oxuduğum bir yazısından – “Qəlbindən Vətən boylanır” şeirindən başlayıb. Bu ünsiyyətin yaranmasının başlıca səbəbi, heç şübhəsiz ki, şeirin “Ömür-gün yoldaşı şəhid olmuş mərd qadına” müraciətlə yazılması, taleləri torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü uğrunda müharibədə yaralanmış insanlara həsr olunmasıdır:
Sinən dözdü çarpaz dağa,
Şəhid verdin nəm torpağa.
Döndün saralmış yarpağa...
Günəş sönüb, çən boylanır.
Düşünürəm ki, müharibənin acı həqiqətini göz önündə sərgiləyən bu şeir mənim kimi həyat yoldaşını müharibədə itirən, şairin sözləri ilə desək, üzdə şən gülən, ürəkdə lal ağlayan, “qara örpək, şal bağlayan”, taleyinin günəşi sönən, günəşin söndüyü yerdən duman qalxan, çən boylanan minlərlə qadının ömründən keçir, minlərlə ailəyə, onların övladlarına təsəlli verir, kədərinə şərik olur.
Bu şeirlə ünsiyyətdən, xəyali söhbətdən ürəyimə dolan duyğuların mənə dedikləri bir də bu olub ki, ömür-gün yoldaşı müharibədə şəhid olan qadınlar getdikcə dərdə alışır, onlar üçün dərdin acısı bala çevrilir. Sən o dərdi şərbət kimi içir, canına hopdurursan. Zaman keçdikcə ürəyində yurd salan dərd səninlə doğmalaşır. Vətən uğrunda canını fəda edən şəhidin xatirəsi dərddən yüksəyə ucalıb müqəddəsləşir, Vətənin rəmzinə çevrilir. Ancaq dəyişən zaman içində həyat yoldaşı şəhid olan qadının daim “qəlbindən Vətən boylanır”. Bu duyğu anadan övladına, övladından da nəvələrinə ötürülür:
Bu gün ana, həm nənəsən,
Səndən olmaz, birdənəsən.
Göylər boyda ümmansan sən,
Qəlbindən Vətən boylanır.
İbrahim Yusifoğlunun yaradıcılığında Vətən mövzusu şəhidlərimizin canını fəda etdikləri ana yurdun dəyərlərini özündə hifz edən tarixi rəmzlər ilə vəhdət təşkil edir. Bu mənada, “Əlincə” və “Şuşa” kimi şeirləri şairin yaradıcılığında Vətən sevgisinin, vətənpərvərlik ruhunun tarixin dərinliklərindən gəldiyini göstərir. İxtisasca müəllim olan İbrahim Yusifoğlunun bu cür şeirlərinin tərbiyəvi dəyəri də ayrıca qeyd olunmalıdır. Şeirdə tamaşasına duran hər kəsi özünə qəlbən bağlayan, əyilməzlik rəmzi olan, zalım şahlara və zülmə baş əyməyən, daim başını dik saxlayan məğrur Əlincə qalası barədə düşüncələr şairin oxucuya təlqin elədiyi qürur hissi ilə müşayiət olunur. “Əlincə” şeirini oxuyanda tarixin içindən “Cəngi” havası səslənir, qanlı döyüşlərə, sərt sınaqlara, müharibələrə şahidlik edən bu qala keçmişimizdən, dədə-babalarımızdan miras qalan dəyərlərimizi bir daha bizə xatırladır:
Qalada igidlər döyüş anında,
“Cəngi” səsləndirib, söz söyləyiblər.
Kimin gücü olub hələ canında,
Düşmənin üstünə od ələyiblər.
“Əlincə” şeiri ilə bizi keçmişimizə aparan, əslimizi-soyumuzu sevdirən, dəyərlərimizi tərənnüm edən müəllif bu dəyərlərin yalnız qılıncların kölgəsində, müharibələrin barıt qoxusunda, qanlı döyüşlərdə olduğunu demir. Bu dəyərlər həm də yaranışdan bəri gözoxşayan, könülaçan gözəllikdə, təbiətdən insanlara keçən zəriflik, sevgi və mərhəmət duyğusundadır. Beləliklə, Əlincə qalası oxucunun təsəvvüründə qəhrəmanlıqla gözəlliyi özündə birləşdirən bir tarix abidəsi kimi ucaldılır:
Burda sipər olub hər daş, hər qaya,
Düşmənin yolunu bağlayıbdılar.
Barıt qarışsa da, torpağa, çaya,
Güllər öz ətrini saxlayıbdılar.
İbrahim Yusifoğlunun “Şuşa” şeirini məzmun və tərənnüm olunan dəyərlər baxımından “Əlincə” şeirinin davamı da adlandırmaq olar. Bu şeir də tariximizlə bu günümüz arasında körpü salır, ruhumuzda yaşayan dəyərlərin qaynaqlarına işıq tutur, bu işıq altında tarixi bizə, bizi də tarixə yaxınlaşdırır. Şuşanı tarix dəfələrlə sınağa çəksə də, Şuşa bəzən bəd nəzərə, yaman gözə gəlsə də, tarixin sınaqlarından həmişə üzüağ, qələbə ilə çıxıb:
Neçə yol gəlibdi bəd gözlə tuşa,
Hər vaxt qalib çıxıb döyüşdə Şuşa...
Tarix Şuşanı bir də bizim zəmanəmizdə, Azərbaycan özünün dövlət müstəqilliyinə qovuşduğu illərdə sınağa çəkdi. Bizə düşmən olan, Şuşa daim ox kimi gözünə batan xain qonşu arxasında duran qüvvənin təhriki və köməyi ilə Şuşanı işğal etdi. Şuşanın övladları pərən-pərən salındı, sərvətləri talandı. Şuşanın işğal altında olduğu illər Azərbaycan xalqı üçün nə qədər sarsıdıcı olsa da, xalqın öz keçmişindən və sınanmış dəyərlərindən güc alan yenilməz ruhu bununla barışmadı. Xalq da, onun rəhbəri də tarixi ədalətin qalib gələcəyinə inamını itirmədi, azadlıq eşqi, “haqq nazilər, üzülməz” inancı ilə yaşadı. Səbrimizi daşıran isə xam xəyallara qapılan qarı düşmənin Şuşanın Cıdır düzündə “dingildəməsi”, Şuşada kef məclisi qurması oldu. Bu ağrılı tarixi İbrahim Yusifoğlu “Şuşa” şeirində belə canlandırır:
Qoynu tapdaq oldu, inildəyibdi,
Yadlar rəqs eyləyib, dingildəyibdi,
Sərxoş qədəhləri cingildəyibdi,
Dönüb qəfəsdəki dərdli bir quşa,
Azadlıq eşqiylə yaşayıb Şuşa.
Yetmiş yaşını qeyd etdiyimiz İbrahim Yusifoğlunun – “Dağların şair oğlu”nun yaradıcılığı mövzu baxımından ana Vətənimizin təbiəti kimi zəngin və rəngarəng, torpaqlarımız kimi bərəkətlidir. Şair “Zəfər nəğməsi” şeirində yazır:
Döyüşlərdə dönər dəmir yumruğa,
Haya yetən xilaskar quş Simurqa.
Səslənəndə el qovuşar xoş çağa-Zəfər nəğməsi.
İgidlərlə o, eyləyər yoxdan var,
Mərd əllərdə ilmələnər, toxunar,
Azad eldə, azad dildə oxunar-Zəfər nəğməsi.
Bu şeir öz bütövlüyü üçün 30 ildən artıq müharibə şəraitində yaşamaq məcburiyyətində qalan bir ölkənin müqəddəs torpaqları uğrunda canlarından keçən şəhidlərinin intiqam sədası, qəlbindən sağalmaz yaralar almış şəhid ailələrinin təsəllisi, yenidən öz yurdlarına, doğma ocaqlarına qovuşan qaçqınlarımızın qayıdış nəğməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gələcəyə inamla gedən qalib ölkənin – Azərbaycanın təntənəli qələbə marşı kimi səslənir...
Arzu Kazımqızı NEHRƏMLİ
Digər xəbərlər