NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

Əli bəy Hüseynzadənin türkoloji qurultayda məruzəsi – “Qərbin iki dastanında türk”

...

Ucundadır dilimin,

Həqiqətin böyüyü.

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi.

 

...Ayıltmadı qələmim,

Bu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

                               (Əli bəy Hüseynzadə)

XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, “türkçülüyün atası”, tanınmış ədib, publisist, maarifçi, rəssam Əli bəy Hüseynzadənin (1864-1940) yaradıcılığı ədəbi prosesə güclü təsir göstərmiş, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının, “Füyuzat” ədəbi məktəbinin əsasını qoymuşdur. O, XX əsr Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi olan qüdrətli sənətkarlardandır. Professor Turan Yazqanın sözlərilə desək: “...doğduğu, yaşadığı, çalışdığı yerlərə bakmazsızın bütün Türk dünyasının mücahidi” Əli bəy Hüseynzadə Azərbaycan-türk-İslam mənəviyyatını ilk dəfə olaraq Şərq-Qərb kontekstində birləşdirməyə çalışmış böyük mütəfəkkir şəxsiyyətdir. O, xalqının sosial-mənəvi ehtiyaclarını ilkin qavrayıb başa düşənlərdən biri olmaqla yanaşı, yaşadığı dövrün bütün sosial-siyasi-mənəvi ağırlıqlarını öz üzərində daşımışdır. Əli bəy Hüseynzadə “Siyasəti-fürusət”, “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” və sair adlar altında toplanmış dəyərli əsərləri ilə adını qızıl hərflərlə türkçülük və Azərbaycançılıq tarixinə yazmışdır. Ədibin zəngin yaradıcılığının bir sahəsini də dünya və Azərbaycan ədəbiyyatının tədqiqi və türklüyə münasibət məsələləri təşkil edir.

 Ə.Hüseynzadə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda “Qərbin iki dastanında türk” adlı məruzəylə çıxış etmişdir. Bu məruzə zamanında çox böyük maraq doğurmuş və elə həmin ildə kitab halında nəşr edilərək ictimaiyyətə çatdırılmışdır. “Qərbin iki dastanında türk” Portuqaliya şairi Kamoensin “Luziada” və İtaliya şairi T.Tassonun “Qurtarılmış Qüds” əsərlərində türkə münasibət məsələlərindən bəhs edir. Əslində isə rəmzlərlə yazılmış bu əsər 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı haqqında ittihamnamədir. Hər iki əsərin mövzusu xristian dövlətlərinin Şərq torpaqlarına təcavüzkarlığından bəhs edir. Əli bəy 500 il bundan əvvəl Portuqaliya dənizçisi V.D.Qamanın Hindistanı kəşfi ilə 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalını bir-birinə bağlayır. Böyük sənətkar “Luziada”dan elə bədii parçaları, fəsilləri, təsvirləri, mühakimələri əsərinə gətirmişdir ki, bu hadisələr, təsvirlər onun öz müdaxiləsi ilə çox aktual siyasi hadisəyə yönəldilmişdir. “Qərbin iki dastanında türk” əsərində bir-birinə qarşı duran iki dünyanın mübarizəsi təsvir olunmuşdur. Bu dünyanın biri Qərbin tamahkarlıq, qəsbkarlıq dünyası, o biri isə öz torpağını, varlığını qoruyan Şərq dünyasıdır.

Bu il respublika başçısının müvafiq Sərəncamıyla yüzillik yubileyini qeyd etdiyimiz, 1926-cı ilin 26 fevralından 5 martına qədər Azərbaycanda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. Qurultaya Türkiyə Cümhuriyyətindən dəvət olunmuş 4 nümayəndənin biri “türkçülüyün atası” kimi tanınmış Əli bəy Hüseynzadə olmuşdur. On altı illik ayrılıqdan sonra doğma Bakını, yaxınlarını, dostlarını görmək böyük sənətkara nəsib olur. İsmailiyyə binasının yanında qoyulan radio efirində qurultayın gedişatı şəhər sakinləri tərəfindən izlənilirdi. “İllər sonra doğma Vətəninə gəlişi Azərbaycanda böyük maraqla qarşılanmış, haqqında o dövrün mətbuatında bir çox yazılar, məqalələr, şəkillər çap olunmuş, bəzi məqalə və şeirləri nəşr edilmiş, hətta bir sənədli film də çəkilmişdir”(Rəfiq Zəka Xəndan). Əli bəy Hüseynzadə, akademik Marr, Lunaçarski, Tomsen və digər görkəmli şəxsiyyətlər Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçilmişlər. Hüseynzadənin bu qurultayla əlaqədar yazdığı bir dəftərlik qeydlərini türkiyəli alim Hilmi Ziya Ülken “Türk sosializminin və türkçülüyün atası Əli Turan” əsərinə daxil edib.

Şərti olaraq məruzə adlandırılan “Qərbin iki dastanında türk” əsəri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin fikrincə, əslində, mükəmməl struktura malik bir əsərdir, onun həcmi, mövzusu da məruzə janrına uyğun gəlmir. 1910-cu ildə Vətəndən ayrılan böyük mütəfəkkir buraya 1918-ci ildə başqa, həmin gün isə tamamilə başqa bir missiya ilə gəlmişdi... Bolşevizmin tüğyan etməsi şəraitində bu məruzəsində önəmli mesajlar vermişdir. Əsər Portuqaliya şairi Kamoensin “Luziada” və İtaliya şairi T.Tassonun “Qurtarılmış Qüds” əsərlərində türkə münasibət məsələlərindən bəhs edir. Əslində isə rəmzlərlə yazılmış bu əsər 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı haqqında ittihamnamədir. Hər iki əsərin mövzusu xristian dövlətlərinin Şərq torpaqlarına təcavüzkarlığından bəhs edir. Əli bəy 500 il bundan əvvəl Portuqaliya dənizçisi V.D.Qamanın Hindistanı kəşfi ilə 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalını bir-birinə bağlayır. Böyük sənətkar “Luziada”dan elə bədii parçaları, fəsilləri, təsvirləri, mühakimələri əsərinə gətirmişdir ki, bu hadisələr, təsvirlər onun öz müdaxiləsilə çox aktual siyasi hadisəyə yönəldilmişdir. “Qərbin iki dastanında türk” əsərində bir-birinə qarşı duran iki dünyanın mübarizəsi təsvir olunmuşdur. Bu dünyanın biri Qərbin tamahkarlıq, qəsbkarlıq dünyası, o biri isə öz torpağını, varlığını qoruyan Şərq dünyasıdır.

“Qərbin iki dastanında türk” Azərbaycan türklərinin azadlığı uğrunda çalışmağı haqq yolu kimi seçən Əli bəy Hüseynzadənin öz xalqı qarşısında son çıxışı, son sözləri idi. Bu çıxış böyük ədibin siyasi vəsiyyəti idi. Çünki xalqının istiqlaliyyəti məhv olmuş, vətəni Rusiya tərəfindən ikinci dəfə bolşevizm qiyafəsində işğal olunmuşdu. “Luziada” əsərindən Qamanın sərgüzəşti detalına müraciət Əli bəy Hüseynzadəyə erməni millətçilərinin Azərbaycan xalqına qarşı təşkil etdikləri soyqırımı ifşa etməyə imkan yaratmışdır. Böyük sənətkar T.Tassonun “Qurtarılmış Qüds” əsərində səlib müharibələrindən bəhs edərkən ədalətsiz müharibələri, xristian dövlətlərinin müsəlman xalqlarına qarşı təcavüzkar siyasətini pisləməklə yanaşı, milli heysiyyəti tapdanan xalqların öz torpağını, şərəfini qorumaq uğrunda mübarizəsinə də öz rəğbətini bildirmişdir. “Qərbin iki dastanında türk” əsərində bir-birinə qarşı duran iki dünyanın mübarizəsi təsvir olunmuşdur. Bu dünyanın biri Qərbin tamahkarlıq, qəsbkarlıq dünyası, o biri isə öz torpağını, varlığını, dinini, dilini qoruyan Şərq dünyasıdır. Bu məqsədlə əsərdə əsas iki xətt vardır. Birinci xətdə böyük ədib istibdadı, təcavüzü V.D.Qama, I Juan, Henri, IV Alfons, Kral Manuel, azadlıq və istiqlaliyyət ideyalarının tərənnümünü isə “Qurtarılmış Qüds” əsərində xristian müstəbidlərinin təcavüzkarlığının qurbanı olmuş Səlcuq hökmdarı Süleyman, türk qəhrəmanı Aldəmir, Səlahəddin Eyyubi obrazlarında təsvir etmişdir.

 “Luziada” əsərinin baş qəhrəmanı Vasko da Qama XVI əsrdə Hindistan və Afrika xalqlarına zülm edən, əsarətə məruz qoyan müstəmləkəçi obrazıdır. Əsərdə, həmçinin “müsəlmanlara qarşı kin və xüsumətini gizli saxlayan” Şaumyanın, onun “mücahidatı-bəhriyyəsini ittixaz edən” Venera və dəniz nereidləri də daşnak bolşevik diktaturasının obrazlarıdır. XV əsrdə portuqaliyalılar Hindistana bir əlində qılınc, digər əlində xaçla gəlmişdilər. Lakin elə ki, Hindistanı işğal etdilər, xaçı kənara atdılar, ciblərini qızılla doldurdular, xalqın sərvətini taladılar. Eynilə 1920-ci ildə Rusiya bolşevikləri də Azərbaycana bir əlində silah, bir əlində oraq-çəkiclə gəldilər, lakin Azərbaycanın işğalından iki gün sonra ölkədə talan həftəsi başladı. Çünki məqsədləri Azərbaycanda bolşevizmi yaymaq deyil, onun neftini, sərvətlərini Rusiyaya daşımaq idi. Deməli, müxtəlif dövrlərdə avropalıların müstəmləkəçilik üsulları, Yaxın Şərqə qarşı münasibətləri, demək olar ki, eyni olmuşdur. Bu siyasət müxtəlif dövrlərdə müxtəlif ad və forma alsa da, mahiyyət eyni olmuşdur. Ədib bu siyasətin ifşasını əsərdə “Luziada”dan götürdüyü “həp miramulindir” (Əmirəlmömin deməkdir- A.O.) kəlməsi ilə açıqlayır. Bu ifadə ilə Kamoens XI-XIII əsrlərdə portuqaliyalıların ərəblərlə apardığı müharibələrdə müsəlmanları günahlandırmalarına işarə etmişdir. Əsrlərboyu Şərq ölkələrini təcavüzə məruz qoyan “həp miramulindir” anlayışı olmuşdur. Dahi ədib “həp miramulindir” kəlməsindən sonra haşiyədə “Bu adətən, bir nəqəratdır” yazarkən məhz keçmişin yenidən təkrar olunduğunu yada salmışdır. Əsərdə “Luziada”nın qəhrəmanları rəmzi obraz kimi təqdim edilmişdir. Kamoens – Rusiya, II Juan – II Nikolay, Kral Manuel – Lenin, Pol de Qama – Stalin, Sarama – Perimal – M.Ə. Rəsulzadə, Katual – Nərimanov və sair.

Böyük sənətkar əsərdə V.D.Qamanın qanlı portreti ilə erməni millətçilərinin rəmzi obrazını yaratmışdır. Lakin o təkcə bir əsrin qəsbkar, qəddar obrazı deyil. V.D.Qamada hər bir dövrün müstəbidi öz surətini, xarakterik cəhətlərini görə bilər. Əli bəy Hüseynzadə əsərdə “Luz əlində bir dal tuturdu” – sözlərilə Lenin hökumətinin çar Rusiyasının müstəmləkəçilik ənənələrini davam etdirməsini açıqlamışdır. Bu ənənə I Pyotrun məşhur vəsiyyətnaməsi idi. Ədib Pyotrdan sonra gələn rus çarlarının Qafqaza təcavüzünə ustalıqla toxunaraq onları Pyotr siyasətinin davamçıları, Lenini də Pyotrun ənənələrinin layiqli varisi kimi təqdim edir. Ə.Hüseynzadə Romanovlar sülaləsinin hökmdarlarını “Luziada”dan gətirdiyi Burqundskilər sülaləsinin görkəmli kralları I Henrinin, I Alfonsun, I Juanın, II Juanın simasında ifşa edir. Onun fikrincə, Rusiya “pərvətə kimi qəlibdən-qəlibə, şəkildən-şəklə”, çarizm donundan bolşevizm donuna girsə də, onun müstəmləkəçilik mahiyyəti eynidir. Hindistanın, yəni Azərbaycanın işğalını, “bu hadisatı-əzimənin, bu məşkul və zəhmətli səfərin icraçısı “fələki-hakimi mütləq” olan Kral Manuel, yəni Lenin nəinki II Juanın, yəni II Nikolayın yalnız taxt-tacının, eyni zamanda onun “təsəvvürati-müəzziməsinin dəxi varisi idi”. Əsərdə Hindistanın “Malabar ölkəsində hökmdar olan kralların sonuncusu” Sarama Perimal M.Ə.Rəsulzadənin rəmzi obrazıdır. İstedadlı ədib onun mənəvi təkamülünə, yüksək əqidəsinə, türkçülüyünə, xalqın səadəti uğrundakı fəaliyyətinə elə rəmzi ifadələrlə işarə etmişdir ki, o, oxucunun təsəvvüründə dolğun səciyyəli siyasi, ictimai xadim kimi canlanır. Ədib əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna və M.Ə.Rəsulzadənin hakimiyyəti bolşeviklərə müqavimətsiz təhvil verməsindən danışaraq yazır ki, Sarama Perimal “Bütün əmlak və ərazi üzərində haqqından əl çəkib bunları başqalarına ehsan və təbərrü etmiş bulunuyordu. Nagah o sırada hökmdarın pək ziyadə məzhəri-təvəccöh və məhəbbəti olan bir dəliqanlı hüzuri-humayununa çıxıyor. Buna da ta o dövrdə məşhur və zəngin bir bəldə olan Kalikut şəhri ehsan olunuyor”. Əsərdə dəliqanlı hind naziri Samurinlərin (Azərbaycan bolşevikləri nəzərdə tutulur) vükəlasından olan Katual isə N.Nərimanovun obrazıdır. Şeytanın portəgizlərin işğalçılıq məqsədilə Hindistana gəlmələri haqqında dediyi həqiqətlər Katualı vahiməyə salır. Bu günə qədər gördüklərini röya hesab edən “islam alimi”nin bütün vücudu lərzəyə düşür. O, yatağından dərhal qalxaraq xidmətçilərinə işıq gətirdir. İşıq burada rəmzi məna daşıyır, bu işıq ona ətrafındakı hadisələri dərk etməyə kömək edir. İşıqla Katual hər şeyi – limanlarına gəlmiş əcnəbilərin öylə yüksək insani fikirlərlə deyil, kəşf olunan məmləkətləri istila niyyəti ilə gəlmiş olduqlarını görür.

Əsərdə müstəmləkəçiliyin, işğalların ifşası ilə yanaşı, əsarətə, müstəmləkəçiliyə qarşı mübarizənin təbliği də ön plana çəkilmişdir. Müəllif bu ideyanı “Luziada”dan əsərinə gətirdiyi İnes de Kastronun müsibətlərindən bəhs olunan epizodun təsvirində aydın əks etdirmişdir. Bu epizodda Portuqaliya hökmdarı IV Alfons saray adamlarının fitnəsilə oğlu Pyerin zövcəsi, “dilbər və hüsna qadını” qəddarcasına qətlə yetirir. Öləndən sonra əri onu kraliça kimi bəzədərək taxta oturdur və saray adamlarını məcbur edir ki, İnessanı koroleva kimi tanısınlar və əlindən öpsünlər. Kamoensin onun haqqında yazdığı “öləndən sonra kraliça edilmiş” sözlərilə Ə.Hüseynzadə vətənin azadlığı, istiqlaliyyəti uğrunda “cəsuranə hərb edən həmvətənlərinin” qəhrəmanlıqlarının tarixə yazılacağına, adlarının əbədi yaşayacağına işarə etmişdir.

 Əsərdə Adamastor obrazı ən maraqlı, rəmzi obrazlardandır. “Luziada”da Adamastor “Ümid burnu”nun mühafizi “Fırtınalar devi”ni təmsil edir və bu ad təbiətdə gizlənmiş bəd başlanğıcı təqdim edir. Əli bəy Hüseynzadənin Adamastoru isə “dənizlərin, dağların arasında uzanıb yatan qoca bir dağ kütləsi” – Azərbaycanın parlaq timsalıdır. Onun əsərə gəlməsində böyük əzəmət, qalib sərkərdələrə məxsus vüqar duyulur. “Vaxtilə allahlarla cəngə tutuşmuş olan bu əjdər” sonralar müdhiş bir fəlakətə uğrayıb buraya düşmüşdür. Adamastor Thetisə – azadlığa eşqi üzündən daşlaşan, cəsim bir qayalığa çevrilən şərəfli bir ölkənin – Azərbaycanın obrazı kimi təqdim olunur. O, fəlakətə uğrayıb əsarət üzündən daşlaşsa da, azadlıq uğrunda mübarizə eşqi, intiqam hissi onda sönməmişdir. Əksinə, Adamastor “cəsim qayalıqların hizasında dəhşətli boranlarla bərabər havada dəvandəm mühib bir xəyalətə dönüb”, düşmənin önünə dikilərək qorxunc sədası ilə onu “tədhiş və təhdid” edir.

          T.Tassonun “Qurtarılmış Qüds” poeması türkçülük ruhuna görə Kamoensin “Luziada”sına cavab olaraq yazılmışdır. Kamoens Portuqaliyanın tarixi keçmişini, qəhrəmanlığını vəsf edərkən əsarət altına alınmış türk xalqlarının faciəsini görə bilməmişdir. Tasso isə məhkum xalqların faciəsini görür və yanırdı. Tasso səlib müharibələrində din uğrunda mübarizələrə atılan Qodefroilərdən başqa doğma vətəni uğrunda mübarizə aparan Səlahəddin Eyyubilərin, Süleymanların, Aldəmirlərin də qəhrəmanlığını görürdü. Buna görə də o öz əsərində müsəlman xalqlarının da möhtəşəm obrazlarını yaratmışdır. Şair türk xalqlarının azadlıq eşqini əsərin baş qəhrəmanı Süleyman obrazında cəmləşdirir. Misir torpağının sərkərdəsi Süleyman öz ağlı və uzaqgörənliyi ilə xristian sərkərdəsi Qotfriddən yüksəkdə durur. Tassoda humanizm, ümumbəşəri hisslər bütün başqa hisslərdən üstündür. O, Kamoensdən fərqli olaraq, poemada türklərə dərin hörmət və rəğbət bəslədiyini açıq-aşkar ifadə edir. Ə.Hüseynzadə də Tassonu məhz bu xüsusiyyətinə görə yada salmışdır.

Əli bəy Hüseynzadə vətəninin, xalqının ağır günlərində Tasso çağırışı ilə Azərbaycana gəlir, öz məramını da Tasso əsərinin ideyaları ilə açır. Dahi sənətkarın xalqına vəsiyyəti kimi səslənən bu əsərdə Azərbaycan xalqına istiqlaliyyət uğrunda mübarizə yolları göstərilmişdir: “Ey mənim dinimin salikləri! Düşmənin şərindən həzər ediniz! Sizə bir fəlakət hazırlamaq üçün əmvaci-ümmanın mavərasından gələn şu düşmən qövmə əmniyyət etməyiniz. Hənuz təhlükə qabili-ictinabdır!” Bu sözlərdə dərin bir hikmətlə bərabər, xalq üçün döyünən alovlu bir qəlbin böyük narahatçılığı, yalvarışı var idi. Əli bəy Hüseynzadə Şərq xalqlarının milli şüurunu öldürən “Bütün ölkələrin proletarları, birləşin!” – şüarını xalqının müdafiə edəcəyindən qorxurdu. Böyük ədib xalqını bu bəladan, bolşevizm təhlükəsindən xilas etmək istəyirdi. O, çox böyük siyasi uzaqgörənliklə gələcəyi görürdü. Böyük ədib işğalçılara qarşı mübarizə aparmağa, ayıq olmağa çağırır, bolşevik qiyafəsində gələnləri xalqına tanıtdırır, onların, əslində, azadlıq və istiqlaliyyət düşməni olduqlarını tarixi keçmişə nəzər salmaqla isbatlayır: “Əmin olunuz ki, güruhi-cühəlanın gözünə girmək üçün gündə bir məslək dəyişdirərək pərvətə kimi qəlibdən-qəlibə, şəkildən-şəklə düşən bu düşmənlər irz və namus pərdəsi altında zavallı xalqın varını, yoxunu qəsb və qarət edənlərdir. Bu zalım və hissiz və mərhəmətsiz xalqa acımayınız. Bunların mükafatları ancaq küfrani-nemətdir. Düşmənin şərrindən həzər ediniz!” Bolşevizm əleyhinə ittiham aktı kimi səslənən bu əsər Əli bəy Hüseynzadənin böyük cəsarətlə yazılmış siyasi, bədii, mənəvi qələbəsi idi.

Böyük sənətkar əsərdə müstəmləkəçiliyin törətdiyi zülm və əsarət faktlarını, sadəcə, qeyd etməklə kifayətlənməmiş, insanları öz haqları, azadlıqları uğrunda mübarizə etməyə israrla səsləmişdir: “Huzur və rahatı başqa günlərə, başqa məsud zamanlara burax. Şimdi əziz Vətəninin sevgili təbanı əcnəbi boyunduğu altında inləyib duruyor. Uyğu zamanı deyildir!” Əli bəy Hüseynzadənin Tasso dili ilə xalqına böyük bir təlaşla vəsiyyət etdiyi yüksək fikirlər bunlar idi. Əli bəy Hüseynzadənin bu əsəri xalqını əsarətə qarşı mübarizəyə çağırış hissi ilə yazılmış mənsur himn idi. Və bu, böyük ədibin Vətənində çap etdirdiyi son əsəri idi!

  Aygün ORUCOVA   

filologiya üzrə fəlsəfə doktoru, dosent,

AMEA Naxçıvan Bölməsi

Nəşr edilib : 09.07.2026 17:22