Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu İradə Quliyeva elektron qanunvericilik bazasının kompakt versiyası – e-qanun.az haqqında “Şərq qapısı” qəzetinə müsahibə verib.
– Uzun müddətdir ki, fəaliyyət göstərən e-qanun.az saytı hansı üstünlüklərinə görə fərqlənir?
– Ötən dövrə nəzər salsaq görərik ki, zamanla insan təfəkkürünə söykənən hər bir fəaliyyətin hüquqi çərçivəyə salınmasına həmişə ehtiyac olub. Belə ki, dünyada ilk qanunların qəbulundan başlayaraq hüquqi tənzimlənmə cəmiyyətin inkişafında özünəməxsus rol oynayıb. Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın qəbulu demək olar ki, cəmiyyət həyatında əsaslı dəyişikliklərə yol açdı və qanunvericilik sisteminin formalaşmasına mühüm təsir göstərdi. Aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərin bütün sahələrini əhatə etməklə yeni mühüm qanunların, fərmanların, strategiyaların və digər hüquqi aktların qəbul olunması ilə müşayiət olunur. Əgər əvvəllər hər hansı bir sənədi əldə etmək vaxt aparırdısa “elektron hökumətin” yaradılması ilə bu problem öz həllini tapmış oldu. Beləliklə, bu texnoloji yeniliklərdən biri də normativ-hüquqi aktlar sahəsinə öz müsbət təsirini göstərən e-qanun.az saytıdır ki, bu da 2006-cı ilin mart ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktların vahid elektron bazası kimi istifadəyə verilib. Əsas məqsəd əhalini hüquqi aktlar barədə məlumatlandırmaq, onların mətni ilə rahat tanış olmaq, əldə etmək, eləcə də insanların hüquqi biliklərini artırmaqdır. Yarandığı vaxtdan etibarən ödənişsiz fəaliyyət göstərən saytı, demək olar ki, ölkə üzrə istifadəyə verilmiş ilk informativ elektron xidmətlərdən hesab etmək olar.
– Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən bir də Hüquqi aktların vahid elektron bazasının (e-qanun.az) formalaşdırılmasını və müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını təmin etməkdən ibarətdir. Bu istiqamətdə hansı işlər görülüb?
Məlumat üçün bildirim ki, hələ 21 dekabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul olunduqdan sonra onun tələblərinə uyğun olaraq 2011-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (huquqiaktlar.gov.az) hazırlanaraq istifadəyə verildi. Hüquqi Aktların Dövlət Reyestrinin e-qanun.az saytından fərqi reyestrə daxil edilmiş hüquqi aktların mətnləri istinad üçün rəsmi mənbə hesab olunmasıdır. Hər iki elektron sistemin əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidenti tərəfindən təsdiq olunmuş Dövlət proqramlarında onların təkmilləşdirilməsi üzrə tapşırıqlar verilmişdir. Bu tapşırıqları rəhbər tutaraq “e-qanun.az” və Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının əsasında, hər iki sistemi özündə birləşdirən hüquqi aktların vahid elekron bazasının daha təkmil versiyası hazırlanaraq 2021-ci ildə istifadəyə verilmişdir. Hazırda elektron bazada Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra, yəni 1991-ci ildən başlayaraq bu günə kimi qəbul edilmiş hüquqi aktları əldə etmək mümkündür.
Xatırladım ki, qeyd olunanlarla yanaşı, 19 iyul 2011-ci il tarixdə qəbul edilən “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda əksini tapan müddəalardan biri də Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması oldu. Beləliklə, Hüquqi Aktların Dövlət Reyestri 2012-ci il yanvarın 1-dən fəaliyyətə başldı. Hüquqi Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasında qəbul edilən normativ-hüquqi aktları, normativ xarakterli aktları, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarını, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.
Dövrün tələblərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Hüquqi aktların vahid elektron bazasının tərkib hissəsi kimi e-qanun.az saytında “Naxçıvan Muxtar Respublikasının hüquqi aktları” bölməsi yaradıldı. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestri həmin elektron bazaya (e-qanun.az saytına) inteqrasiya olundu. Ötən müddət ərzində yenidən formalaşdırılan elekron baza hazırda daha təkmil və çoxfunksiyalı versiyada fəaliyyət göstərməkdədir.
– E-qanun.az saytından kimlər daha çox faydalanır?
– Maraqlı bir məqama toxundunuz. Bəzən elə düşünülür ki, e-qanun.az yalnız hüquqşünaslar üçün bir saytdır. Əslində, nəinki hüquqşünaslar, qeyri-peşə sahibləri, hər bir şəxs dünyanın istənilən nöqtəsindən, istənilən vaxt müxtəlif platformalar üzərindən sayta daxil olmaqla milli qanunvericiliyə dair hüquqi aktlarla tanış ola və əldə edə bilərlər. İstifadə qaydası ilə bağlı da qeyd edim ki, e-qanun.az saytı elektron qanunvericilik bazasının kompakt versiyasıdır və günün istənilən saatında məkana bağlı olmadan hüquqi aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir.
– E-qanun.az saytında hansı funksiyalar mövcuddur?
– Demək olar ki, sadə və asan formada idarə olunan e-qanun.az saytında bütün bölmələr və funksiyalar var. Çox funksiyalılığı ilə fərqlənən sayt həm də geniş axtarış imkanlarına malikdir və bu da hüquqi aktların məzmunu ilə qısa bir müddətdə tanış olmağa, axtarış aparmağa imkan verir. Belə ki, hər bir kəs lazım olan hüquqi sənədi tapmaq üçün e-qanun.az saytına daxil olduqdan sonra “Axtarış” səhifəsində mövcud olan “Sözə görə” və “Tarix üzrə” xanalarından birinə daxil olmaqla axtarılan hüquqi aktın xanaya uyğun rekvizitini yazıb sənədi tapa bilər.
Bundan əlavə, “Axtarış” bölməsində normativ-hüquqi aktlar, normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar adlı üç yarımbölmə də mövcuddur ki, istifadəçilər axtardıqları hüquqi aktları növünə görə asanlıqla əldə edə bilərlər.
– Hazırda hüquqi aktların elektron bazasına Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən nə qədər hüquqi akt daxil edilib?
– Ümumilikdə, elektron bazada 58 minə yaxın hüquqi akt mövcudur ki, bunlardan da 6 mindən çoxu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən qanunla müəyyən edilmiş struktura uyğun olaraq işlənilərək elektron bazaya daxil edilib. Mütəmadi olaraq da bu proses davam etməkdədir.
– Vətəndaşların rahatlığını təmin etmək üçün bu sahədə hansı tətbiqlər həyata keçirilib?
– Ümumiyyətlə, son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran, ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edən “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ilə yanaşı, qanunvericilik aktlarını dərhal əldə etməyə imkan verən mobil e-qanun tətbiqini də xüsusi qeyd etmək lazımdır. Bu mobil tətbiq normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. İstifadəsi çox asandır. Belə ki, istənilən yerdə, istənilən vaxt qanunvericilik aktının mətni ilə ani rejimdə tanış olmaq, əldə etmək mümkündür. Bu tətbiq telefona asanlıqla yüklənir, heç bir qeydiyyat tələb olunmadan yükləyib ondan yararlanmaq olar.
– Ədliyyə Nazirliyi e-qanun.az saytının fəaliyyətinin aktiv şəkildə aparılması üçün hansı işləri görür?
– Məlumdur ki, Ədliyyə Nazirliyi qanunvericilik bazasının təkmilləşdirilməsi prosesində daim iştirak edir və əhalinin hüquqi biliklərinin artırılması və qanunvericilikdəki yeniliklərlə bağlı məlumatlılığın təmin olunması məqsədilə sizin də qeyd etdiyiniz kimi Hüquqi aktların vahid elektron bazasını (e-qanun.az) aktiv şəkildə aparır. On minlərlə normativ sənədi ehtiva edən e-qanun.az elektron resursu demək olar ki, interaktiv rejimdə fəaliyyət göstərir və daim yenilənir. Daxil edilən sənədlərin mətnləri ilə tanış olmaq üçün hər il bu sayta istifadəçilər tərəfindən minlərlə giriş və baxış həyata keçirilir ki, bu da ildən-ilə artımaqdadır. Buna görə də Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyət üçün daim açıqlığı təmin edilən bu elektron resursdan hər kəs rahatlıqla bəhrələnə bilər.
Nərmin MUSAYEVA
Digər xəbərlər