NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Əlçatmaz zirvələrin pıçıltısı...

...

Şərqin keçid qapısı adlandırılan Naxçıvan, təkcə tarixi abidələri və zəngin mədəniyyəti ilə yox, həm də insanı ağuşuna alan təbiəti ilə ruhumuzu oxşamağı bacarır. Bu məkanda dağlar öz möhtəşəmliyi və ilhamverici təsiri ilə sanki insanı nağıllar aləmindəki uçan xalçanın üzərinə götürərək başqa bir aləmə aparır.

Bəzən gecə pəncərədən dağların zirvələrinə baxanda düşünürəm, nə bilmək olar, bəlkə də, dağlar göy üzündəki ulduzlara öz sevgisini elan etmək üçün bu qədər ucaya qalxıb. Naxçıvan dağları sərvətlər içərisində ən bənzərsizi və təbiətin möcüzələri içində ən misilsizidir. Bu dağlar gah Əmir Teymur kimi bir sərkərdəni yorğun salıb, gah da Məmməd Araz kimi bir şairin ilham qaynağına çevrilib.

Bəzən səhər çağı dağları görmək mümkün deyil. Duman sanki, yaşmaq misalı dağların simasını örtür. Baxışlar dağlar boyu hey getdikcə dayanmaq bilmir... Sanki dağlar Dədə Qorqud tək qopuzunu əlinə alır və qəlbimizdə olan atəşi və sevgini yenidən dastana tökür...

 Bəzən bu yurdun dağı Nuh Peyğənbərin gəmisinə sinə gərir, bəzən isə qoyun-quzuların qaçıb-mələşdiyi oylağa çevrilir...

Naxçıvan dağları təkcə gözəllik yox, həm də güc və sabitliyin rəmzidir. İnsan övladı bu həyatda özünü hər kəsdən yüksəkdə görmək istəyir. Dağların ətəklərindən zirvəsinə uzanana qədər müşahidə etsək, qayalıqların, daşların və çınqılların olduğunu görürük. Bu qayalar və çınqıllar insan vücudunda yaranan çapıqları, bəzən isə xatirələrimizdəki silinməz izləri xatırladır. Sanki dağlar bizə “Zirvəyə qalxana qədər həyat silinməz izlər buraxır...”, demək istəyir...

Həmin dağlar sevgini, dostluğu və təbiətə hörməti öyrədir. Nə bilmək olar, bəlkə də, bu dağlar aşiq olmayan bir kəsi belə, dünyanın ən romantik adamı olmağa məcbur edir...

Naxçıvan dağları Zəngəzur, Dərələyəz və Alagöz dağ silsilələrinin davamı olaraq götürülür. Bu dağlar nadir bitki örtüyü üzərində dağ keçisi, qartal və bəbir kimi heyvanlarında məskəninə çevrilib.

Bəzən Naxçıvanı xəyalımda hündür divarlarla əhatə olunmuş bir qala kimi təsəvvür edirəm.

Nəhəcir dağından Əshabi-kəhf qayalıqlarına, Haçadağdan Əlincə qalasına, Əlincə qalasından isə Naxçıvanın, təxminən 250-dən çox dağını özündə birləşdirən bir qala və qalanın şah əsəri olan əzəmətli Qapıcıq dağı...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 11.12.2024 10:08