NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Elbrus İsayev: "Konfrans universitet, sənaye və hökumət əməkdaşlığına mühüm töhfədir"

...

"Naxçıvan  Dövlət Universitetində  konfransların təsdiq olunmuş siyahısına uyğun olaraq bu gün çox aktual bir mövzuya həsr olunmuş respublika konfransı keçirilir. Konfrans idarəetmədə və təhsildə rəqəmsallaşdırma adlandırılır. Keçirilən respublika konfransında məqsəd idarəetmə və təhsil menecerlərinin bir arada rəqəmsal problemlərin həlli istiqamətində ən son araşdırmalar və nailiyyətlərinin elmi müzakirəsi, onların konfrans materiallarında dərc olunmasıdır. Eləcə də bir neçə gün ərzində Naxçıvan Dövlət Universitetində müxtəlif bölmələrdə tələbələrimizin, magistrant və doktorantlarımızın bu müzakirələrdə iştirakını təmin etməkdən ibarətdir”. 
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib. 
“Konfrans bu gün universitet, sənaye və hökumət əməkdaşlığına bir mühüm töhfədir. Ona görə ki, konfransda idarəetmə sahəsindən olan mütəxəssislər buraya  dəvət olunublar. Onların praktiki olaraq rəqəmsallaşma ilə bağlı layihələri, strateji hədəfləri, eləcə də məruzələri təqdim olunub. Güman edirik ki, bu məruzələr gələcəkdə Naxçıvan Dövlət Universitetində idarəetmə və təhsil idarəçiliyi ilə bağlı ixtisaslarımızın proqramlarının yenidən dizayn olunmasına, təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir. Sevindirici haldır ki, ikincisini keçirdiyimiz bu respublika konfransına maraq artıbdır. Ötən ildən fərqli olaraq, iştirakçıların çoxşaxəliliyini görə bilirik. Bu baxımdan ki, artıq konfransda respublikamızın müxtəlif ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, dövlət idarələrindən fərqli mövzularla məruzələrin sayı ötənilkilərdən fərqli səviyyədə çoxalıbdır. Seçilmiş, qəbul olunmuş məruzələrin konfrans yekunlaşdıqdan sonra nəşri nəzərdə tutulur. Hesab edirik ki, bu hər il keçirilməsi aktual olan bir mövzudur. Ona görə ki, rəqəmsallaşma hər gün yeni yanaşmalarla zənginləşir, rəqəmsal idarəçilik təkmilləşdirilir. Biz bilirik ki, ölkəmizdə bununla bağlı dövlət strategiyası var.   Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi proqramlar, qəbul etdiyi sərəncamlar və fərmanların işığında rəqəmsal idarəçiliyi, rəqəmsal təhsili təşviq etmək üçün alim və tədqiqatçılarımızın bu cür konfranslar ətrafında müzakirələri çox faydalıdır. Gələcəkdə respublika miqyasında tədqiqatçılarla bərabər beynəlxalq ekspertlərin də konfransın ətrafında birləşməsi labüddür. Çünki biz bu sahədə rəqəmsal təcrübəni, eyni zamanda beynəlxalq təcrübəni öyrənməliyik. Bu konfransın əlamətdar tərəfi həm də ondan ibarətdir ki, məruzəçilər arasında tələbələr, magistrant və gənc doktorantlar var. Bunlar gələcəkdə rəqəmsal idarəçiliyi təmin edəcək kadr potensialıdır. Həm universitetimizdəki  müvafiq ixtisasların tədris bazasının möhkəmləndirilməsi, həm kadr hazırlığı,  eyni zamanda universitetin özünün rəqəmsal idarəçiliyində bu konfransın mühüm əhəmiyyəti olacağına inanıram. Konfransın bütün iştirakçı və təşkilatçılarına təşəkkürümü bildirirəm” , – deyə rektor vurğulayıb.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.04.2025 20:14