NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Əl əməyi və göz nuru ilə ərsəyə gələn gözəlliklər

...

Ölkəmizdə, eləcə də dünyada yaşayan bir çox xalqlar arasında geniş yayılmış sənət sahələrindən biri toxuculuqdur. Qədim zamanlardan insanlar uzun və yumşaq ağac budaqlarından  yaşayış evləri üçün dam örtüyü, çəpər hazırlamış, səbət, zənbil kimi müxtəlif əşyalar hörmüşlər. Bu üsulla qamışdan, kəndirdən, dəridən, məftildən, otlardan, çiçəklərdən gözoxşayan əşyalar hazırlamışlar. Hörmənin inkişafı sonrakı dövrlərdə toxuculuğun inkişafına şərait yaratmışdır. Bu gün həyatımızda toxuculuq sənətinin tutduğu yer barədə geniş danışmağa ehtiyac yoxdur. Eyni zamanda bu sənətin bir çox sahələri olduğu da məlumdur. Bu yazımızda isə daha çox rəngarəng iplərdən hazırlanmış əl işlərindən, xüsusən müasir dövrdə daha çox maraq cəlb edən amiqurumi sənətindən bəhs edəcəyik.

Amiqurumi nədir? Bu sənət Yaponiyadan dünyaya yayılıb. Ami “mil və milçə ilə toxunan”, nuigurumi “içi doldurulmuş oyuncaq” kəlmələrindən yaranıb. Adından da bəlli olduğu kimi, amiqurumi balacaların marağını və sevgisini qazanan, rəngarəng iplərdən hazırlanmış oyuncaqlara deyilir. Muxtar respublikamızda əl əməyi ilə zövqoxşayan gözəlliklər ərsəyə gətirən çoxlu zəhmətkeş xanımlarımız var ki, onlardan biri də amiqurumi sahəsində işinin ustası sayılan Sədəf Xudiyevadır. O, cürbəcür toxuculuq, dekorativ-tətbiqi sənət nümunələri, zərgərlik nümunələri də hazırlayır. Üstünlüyü isə amiqurumiyə  verib.

Bu işin incəliklərini öyrənmək üçün Sədəf xanıma müraciət edirik. Toxuculuğa marağının orta məktəbdə oxuduğu illərdə başladığını bildirən müsahibim bu yolda anasından bəhrələndiyini söyləyərək ona minnətdarlıq edir. O deyir: – 5 il əvvəl qərara gəldim ki, bu sahədə də özümü sınayım. Nə yaxşı ki, amiqurumi sənətinə maraq göstərdim. Çünki bu sənət, həqiqətən də, sehrlidir. Məncə, bu sənətin ən əsas incəliyi öz sevgini gördüyün işə verə bilməkdir. O sevgi, o maraq qalan bütün gözəllikləri özü ilə gətirir. Bu işə başlayanda düşünürdüm ki, hazırladığım oyuncaqlar, sadəcə, balaca dostlarım üçün maraqlı olacaq. Sonradan yanıldığımı anladım. Çünki hər yaş kateqoriyasından olan insanlar mənim alıcılarım sırasındadırlar. Xüsusilə vurğulamaq istəyirəm ki, bu işin incəliklərindən biri oyuncaq hazırlayarkən seçilən rənglərin bir-biri ilə uyumlu olmasıdır. Ona görə də işə başlamazdan əvvəl rəng seçiminə diqqət edirəm. Bəzən bu, 2-3 gün vaxtımı alır. Çünki rənglər vəhdət təşkil etməzsə, görülən iş göz oxşamaz.

Hər bir rəngin özünəməxsus gözəlliyi vardır. Bu gözəllikləri ortaya çıxarmaq üçün rənglərdən  yerindəcə istifadə etmək lazımdır. Mən və mənim kimi bir çox yaradıcı insanın istəyi gördüyü işi insanlar üçün sərgiləyə bilməkdir. Bu məsələdə bizə dəstək olduğu üçün dövlətimizə minnətdarıq. Keçirilən sərgilər, satış yarmarkaları öz əl işlərimizi tanıtmağa geniş şərait yaradır. Əsas məqsədim sərgilərdə fərqli əl işləri ilə iştirak etməkdir. Yaxın zamanlarda keçiriləcək sərgidə amiqurumi oyuncaqlar, toxunma geyimlər, çantalar, dekor qablar, sırğalar və digər məhsullarla iştirak etməyi planlaşdırıram. İnanıram ki, hazırladığım əl işlərim insanların zövqünü oxşayacaqdır.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 24.09.2024 09:58