Uşaqları çöpçüyə aparmaq valideyn səhvidir, yoxsa ...
16:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Naxçıvan Dövlət Universitetində “Üçüncü Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” böyük maraqla təşkil olunub. Tədbirdə yerli və xarici universitetlərin nümayəndələri, tədqiqatçılar və mütəxəssislər iştirak edib. Konqresin əsas məqsədi Duzdağ mərkəzinin tarixi, arxeoloji və elmi aspektlərinin araşdırılması, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
İğdır Universitetinin rektoru Ekrem Gürel bu barədə fikirlərini bildirib. Rektor qeyd edib ki, Naxçıvanda olduğu kimi, İğdır şəhərinin Tuzluca bölgəsində də qədim Duzdağ mövcuddur. “Burası qədər böyük və geniş olmasa da, o da çox qədim bir Duz mədənidir”, – deyə o vurğulayıb. Ekrem Gürel əlavə edib ki, Çankırı Universitetindən də heyət bu konqresdə iştirak edir və üç universitetin əməkdaşlığı çərçivəsində Duzdağlarla bağlı ortaq araşdırmalar aparılır: “Bu əməkdaşlıq sayəsində üç şəhərin və universitetlərin əldə etdiyi elmi nəticələr bir-biri ilə müqayisə olunacaq və beynəlxalq səviyyədə də paylaşıla biləcək”.
Rektor bildirib ki, konqresin açılışında üç universitetin ortaq şəkildə Beynəlxalq Duz Araşdırmaları İnstitutu yaratması planlaşdırıldığı diqqətə çatdırılıb: “Bu institut vasitəsilə bütün bilik və təcrübələrimizi bir araya toplamağı hədəfləyirik. Bununla yalnız elmi nəticələrimizi birləşdirməmiş olacağıq, həm də gələcək nəsillər üçün bu sahədə davamlı bir bazanın yaradılmasına töhfə verəcəyik”.
O həmçinin şəxsi təəssüratlarını da bölüşüb: “Naxçıvanda olmaqdan böyük məmnuniyyət duyuram. Burası mənim öz vətənim sayıla bilər. Dilimiz birdir, məsafə də çox yaxındır. Sərhədi keçdik, amma başqa bir ölkəyə gəlmiş kimi hiss etmirəm, elə bil, öz ölkəmdə bir şəhərdən digərinə gəlmişəm. Bu tədbirin uğurlu olacağına ürəkdən inanıram və təşkilatda əməyi keçən hər kəsə, xüsusilə Naxçıvan Dövlət Universitetinə təşəkkür edirəm”.
İğdır Universitetinin müəllimi Nilden Ergün də Duzdağ konqresi və Naxçıvandakı Duzdağla bağlı təəssüratlarını geniş şəkildə bölüşüb. O qeyd edib ki, Naxçıvandakı Duzdağ bütün dünyada tanınan bir mədəndir və ilk dəfə burada mədənçilik istiqamətində duz istehsalı həyata keçirilib. “Mədən sahələrində arxeoloji məlumatları tapmaq, adətən, çox çətindir, lakin burada aparılan sistematik araşdırmalar nəticəsində erkən dövrlərə qədər uzanan çoxlu arxeoloji faktlar üzə çıxarılıb” , – deyə Ergün bildirib.
Nilden Ergün əlavə edib ki, Duzdağ sahəsinin çox dəqiq və geniş xəritəsi hazırlanıb. Burada duz ehtiyatlarının bölgələr üzrə paylanması, istehsalatın başladığı və davam etdiyi ərazilər elmi əsaslarla müəyyən edilib: “Bu xəritələr tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyır, çünki tarix və geologiya sahəsində məlumatların dəqiqliyi gələcək elmi işlərin keyfiyyətini müəyyən edir” , – deyə o vurğulayıb.
Nilden Ergün, həmçinin Duzdağ Fizioterapiya Mərkəzinin müasirliyi və təmizliyi barədə danışıb. O bildirib ki, mərkəz xüsusilə asma xəstələri üçün faydalıdır. Həmçinin şəxsi təcrübəsini də bizlə paylaşdı: “Yaz aylarında anamı Balıkesirdən gətirərək burada müalicə etdik. Mən özüm də allergiya xəstəsi olduğum üçün Duzdağa 4-5 dəfə səfər etmişəm və hər dəfə həm anam, həm də mən şəfa tapmışıq. Bu Duzdağın mineral dəyərlərinin kifayət qədər yüksək olmasından xəbər verir”.
Müəllim, həmçinin arxeoloji və tarixi əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Naxçıvanda yerləşən Duzdağ dünyada tək hesab olunur və bu baxımdan elmi və turizm potensialı son dərəcə yüksəkdir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər