NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi günümüzün tələbidir

...

İnkişaf edən, daim yenilən və müasirləşən dünyamızda bir çox ənənələr və vasitələr artıq sıradan çıxmaq üzrədir. Təbii proses kimi formalaşan bu tendensiya bir çox sahələri – təhsil, səhiyyə, iqtisadiyyat, turizm və nəqliyyat siyasətini də əhatə edir. Qeyd edək ki, yaşadığımız dövrdə qlobal istiləşmənin, atmosfer çirkliliyinin artdığı, ekoloji tarazlığın pozulduğu bir zamanda dünyada, eləcə də ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi məsələsi əhəmiyyətli dərəcədə artmaqdadır. Bu vasitələrdən istifadə isə təkcə bizim ölkəmizdə deyil, ümumilikdə, dünyamızda ekoloji balansın tarazlanmasında, sağlamlığın qorunmasında, o cümlədən neft və digər təbii sərvətlərin tükənmək təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda yanacağa qənaətin həyata keçirilməsində mühüm rol oynayır.

İlk olaraq onu qeyd etmək istəyirəm ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviq edilməsi sahəsində təhlillərin, qiymətləndirmələrin aparılması və müvafiq təkliflərin hazırlanması üzrə” altqrupunun qarşısında duran vəzifələrin icrası məqsədilə 2021-ci il dekabr ayının 12-də “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi” təsdiq edilmiş və Yol Xəritəsinin müvafiq bəndlərində ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi, bu sahədə aidiyyəti normativ aktlara dəyişikliklərin aparılması və Azərbaycan Banklar Assosiasiyası vasitəsilə geniş təşviq olunması nəzərdə tutulmuşdur.

Bununla yanaşı, mövzu ilə əlaqədar qeyd olunan tədbirlərin icrası istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair” Qaydada müvafiq dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən elektrik mühərrikli və hibrid avtomobillərə verilən kreditlər üzrə borcalanlar tərəfindən ödənilməli olan ilkin ödənişlərlə bağlı diferensial yanaşma tətbiq olunub. Ekoloji təmiz avtomobillərdən istifadənin stimullaşdırılması məqsədilə mühərrik növündən (elektrik, hibrid, yanacaq) və istehsal ilindən asılı olaraq avtomobillər üzrə yeni requlyativ tələblər müəyyənləşdirilib, habelə qüvvədə olan qaydada avtomobilin qiyməti üzrə limit tələbi ləğv edilib. İstehsal müddəti 3 ilədək olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 10 faiz (kredit təminata nisbəti max. 90 faiz), 3 ildən yuxarı istehsalı olan elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş minimum 40 faiz (kredit təminata nisbəti max. 60 faiz) müəyyən olunub. Hibrid mühərrikli avtomobillər üçün isə istehsal müddəti 1 ilədək, 1-3 il və 3 ildən yuxarı olan avtomobillər üçün ilkin ödəniş müvafiq olaraq minimum 20 faiz, 40 faiz və 50 faiz müəyyən edilib.

Elektrikli avtomobillərdən istifadə müasir

həyat tərzinin bir parçasıdır

Nə qədər ənənəvi yanacaqdan istifadə etsək də, maşın sənayesində uzun müddətdir ki, digər enerji mənbələrinin axtarışı da həyata keçirilirdi. Yeni dövrün ixtiralarından olan elektrikli avtomobillər bu axtarışın nəticələrindən biri kimi müasir həyat tərzimizin bir parçasına çevrildi. Yaşadığımız indiki dövrdə elektriklə işləyən avtomobil sənayesi bütün dünyada günü-gündən inkişaf edir və belə söyləmək mümkündürsə, ənənəvi modeli üstələyir.

Dünyada elektriklə işləyən avtomobillər insanlarda ekoloji şüurun dərinləşməsinə, elektrikli nəqliyyat vasitələrinə keçidin sürətlənməsinə və bu sahədə qlobal rəqabətin kəskinləşməsinə gətirib çıxardı. Yüksək texnologiyalı elektrikli avtomobillərin istehsalı sahəsində əldə edilən uğurlar bu sahədə ixtisaslaşan bir çox şirkətləri də ilhamlandırdı. Nəticədə, dünyada lider olan başqa avtomobil istehsalçılarının da buna marağı artdı və hazırda bir çox şirkət yeni modellərlə elektrikli avtomobil dünyasına qatıldı. Elektrikli avtomobillərin dünya nəqliyyat bazarında yeni ideya olmasına baxmayaraq, çox qısa zaman kəsiyində insanlar tərəfindən mənimsənildi. Bu gün ölkəmiz də daxil olmaqla bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə elektrikli nəqliyyat vasitələrinin istifadə edilməsi artıq zəruri xarakter alıb və son illərdə şəhərimizdə kifayət qədər elektrikli avtomobillərin və avtobusların olduğunu görürük.

Elektrikli avtomobillər ekoloji cəhətdən təmizdir? Yoxsa…

Alimlər elektrik avtomobillərinin əvvəllər düşünüldüyü kimi ekoloji cəhətdən təmiz olmadığına dair sübutlar tapıblar. Müəlliflər onların benzin mühərrikli avtomobillərdən daha zəhərli olduğunu iddia edirlər. Mütəxəssislər isə bunu elektromobillərin benzinlə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə ağır olması ilə izah ediblər: Maşınların çəkisi təkərlərə və əyləclərə daha çox təzyiq edərək, onların daha tez köhnəlməsinə səbəb olur, nəticədə, daha çox hissəciklər və ya mikroplastiklər buraxırlar. Bu hissəciklərlə tənəffüs etmək sağlamlıq problemlərinə səbəb ola bilər. Alimlərin sözlərinə görə, təkər və əyləc tullantıları, emissiyaları azaldan filtrlərlə təchiz edilmiş müasir səsboğucu borularından 1850 dəfə çox hissəciklər buraxır. Nəzəriyyəyə qarşı çıxanlar isə bildiriblər ki, elektrik avtomobilləri generator kimi fəaliyyət göstərən regenerativ əyləc sistemləri ilə təchiz olunub –  avtomobilin diapazonunu artırmaq üçün enerjini avtomobilin elektrik sisteminə geri qaytarır. Qeyd olunub ki, bu sistemlər əyləcləri qorumağa kömək edir və buna görə də onlar daha gec köhnəlirlər…

Müşahidələrimiz və araşdırmalarımız onu deməyə əsas verir ki, şəhərimizdə elektriklə işləyən avtomobilləri idarə edən sürücülər, şəxsi nəqliyyat vasitələrindən heç bir halda narazı deyillər. Hətta onların sözlərinə görə, elektirikli avtomobillər təbii yanacaqla idarə olunan avtomobillərlə müqayisədə daha rahat və az məsrəf tələb edəndir.

Müsahibimiz, Naxçıvan şəhər sakini Yusif Kazımovun sözlərinə görə, o, 2 ilə yaxındır ki, elektrikli avtomobildən istifadə edir: – Mən də əvvəllər bir çox sürücülər kimi ənənəvi üsulla, yəni təbii yanacaqla işləyən avtomobildən istifadə etmişəm. Hazırda idarə etdiyim elektrikli avtomobillə müqayisədə, o, daha çox məsrəf tələb edirdi və izafi xərclərə səbəb olurdu. Yanacağın keyfiyyətli, yaxud keyfiyyətsiz olması da mühərrikin işinə təsir göstərirdi. Bəzən də elə olurdu ki, avtomobilimdə nasazlıq yaranırdı və uzun müddət ondan istifadə edə bilmirdim. Lakin indi vəziyyətim tamam başqadır. Elektriklə işləyən nəqliyyat vasitələri, həqiqətən də keyfiyyətli və komfortludur.

Həmsöhbətimizin fikirləri ilə razılaşan sürücülər çoxdur. Onlar da elektriklə işləyən avtomobillərin daha sərfəli və əlverişli olduğunu söyləyirlər. Düşünürlər ki, bu nəqliyyat vasitələri yalnız komfortun təmin olunmasında və xərclərin tənzimlənməsində yox, ekoloji amil başda olmaqla bir çox məsələdə üstünlüyünü qoruyur.

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edək,

 təbiəti və büdcəmizi qoruyaq

Məlumdur ki, son dövrlər muxtar respublikamız da daxil olmaqla ölkəmizdə avtomobil sayının çoxluğu havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur. Yoxlanma, nəzarət olmasa, ətraf mühit ilə yanaşı, insan sağlamlığı da təhlükəyə düşə bilər. Lakin haqqında danışdığımız ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin geniş şəkildə yayılması bu halların qarşısının alınmasında, o cümlədən ekoloji mühitin və təmizliyin bərpasında, həmçinin izafi xərclərin tənzimlənməsində mühüm rol oynayır. İnanırıq ki, yaxın gələcəkdə elektriklə işləyən avtomobillərin sayının daha da artması, ölkəmizin iqtisadi-siyasi, o cümlədən sosial siyasətinə də öz təsirini göstərəcək.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.07.2024 15:25