Berlin səfəri: Azərbaycan-Almaniya münasibətlərind...
10:01 22.07.2026
0
0
0
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
151 il bundan əvvəl tarixin dolaylarında taleyi naməlum qalan Azərbaycana, hər şeydən əvvəl, söz-azad fikir və bu fikri formalaşdıran ziyalılar lazım idi. Xalqı cəhalət yuxusundan oyatmaq, maarif işığını şölələndirmək üçün, ilk növbədə, əkilən toxumlar öz bəhrəsini verməli, sonrakı “əkinçilərə” mayak olmalı idi. Çarizm siyasətinin hökm sürdüyü bir zamanda bütün çətinliklərə rəğmən “Əkinçi” ilə meydana çıxan Həsən bəy Zərdabi milli mətbuatın əsasını qoymaqla yanaşı, xalqın maariflənməsi və milli şüurun formalaşması istiqamətində yeni bir mərhələnin başlanğıcını qoydu. “Əkinçi” yalnız qəzet deyil, həm də milli oyanış məktəbi idi. Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani kimi görkəmli ziyalıların ideyaları bu məktəbin formalaşmasına mühüm töhfə verdi. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzeti milli mətbuat tariximizdə silinməz iz buraxdı. Sözün qüdrətinə sonsuz inamı ilə milli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin “Heç olmaz ki, doğru söz yerdə qalsın” çağırışı isə Azərbaycan jurnalistikasının peşə prinsipinə çevrildi.
“Əkinçi”nin açdığı yol sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” kimi mətbuat orqanlarının yaranmasına zəmin yaratdı. Baş redaktoru Cəlil Məmmədquluzadənin “Təbiət özü yaratdı, zəmanə özü yaratdı”, – dediyi “Molla Nəsrəddin” jurnalı isə satirik publisistikanın ən parlaq nümunəsi kimi milli düşüncənin inkişafında mühüm rol oynadı. Xalqın dilinə yaxın “Molla Nəsrəddin” təhdidlərə, hədələrə sinə gərərək 25 il fasilələrlə olsa belə nəşr olundu. “Bəhlul”, “Babayi-Əmir”, “Zənbur”, “Arı”, “Kəlniyyət”, “Lək-lək” və başqa jurnallar bu məktəbin layiqli davamçıları oldu.
Millət yoludur, haqq yoludur tutduğumuz yol
1918-ci il Azərbaycanın müstəqilliyi dövrü milli mətbuat tarixi üçün də xüsusi mərhələ təşkil edir. Tarixi mənbələr göstərir ki, əgər əvvəl 40 adda qəzet çıxırdısa, 23 aylıq cümhuriyyət zamanı qəzetlərin sayı daha çox olub. Bakının erməni-bolşevik işğalından azad edilməsi xəbərini “Azərbaycan” qəzeti verib. Gəncədə ilk dörd sayı çıxmış “Azərbaycan” qəzeti sonra Bakıya köçürülüb və 1920-ci ilin aprel işğalınadək nəşr olunub. Həmin dövrdə “İttihad”, “Yeni həyat”, “İstiqlal” kimi qəzetlər də milli istiqlal ideyalarının təbliğində mühüm rol oynayırdı. Tofiq Fikrətin “Millət yoludur, haqq yoludur tutduğumuz yol” misraları isə “İstiqlal” qəzetinin epiqrafı idi.
Həmin dövrdə nəşr olunan qəzetlər öz ətrafına Əlimərdan bəy Topçubaşov, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı kimi ziyalıları toplaya bilmişdi.
Milli dəyərlərin qorunmasında mətbuatın rolu
Sovet dövründə mətbuat ideoloji nəzarət altında olsa da, milli dayaqlarını tamamən itirməmişdi. Ana dilinin saflığının qorunmasında, milli dəyərlərin yaşadılmasında, ədəbiyyatın, mədəniyyətin inkişafında mətbuatın da öz payı vardı. Həmin dövrdə nəşr olunan “Azərbaycan”, “Ədəbiyyat və incəsənət”, “Ulduz”, “Elm və həyat” kimi qəzet və jurnallar dövrün aparıcı mətbu orqanları sırasında idi. 1921-ci ilin noyabr ayından işıq üzü görən “Şərq qapısı” qəzeti ötən əsrdə Naxçıvanın ictimai-siyasi, mədəni və ədəbi həyatının salnaməsini yaradan əsas mətbuat orqanlarından biri kimi formalaşdı. Müxtəlif tarixi mərhələlərdən keçən qəzet yalnız bölgənin deyil, bütövlükdə, Azərbaycan mətbuatının tarixində özünəməxsus yer tutdu. 70-80-ci illərdə paytaxtda nəşr olunan qəzetlər kimi “Şərq qapısı”nın da böyük formatda nəşri təmin edildi. 50 illik yubileyində qəzet “Şərəf nişanı” ordeni ilə təltif olundu.
Birlik və demokratiya uğrunda
70 illik sovetlərin əsarət zəncirini qıran Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilindəki hərc-mərclik, özbaşınalıq istər-istəməz bütün sahələrə öz təsirini göstərirdi. Həmin dövrdə milli azadlıq hərəkatından ruhlanan yeni qəzetlər meydana gəlməyə başlamışdı. Lakin söz və mətbuat azadlığını təmin edən qanunvericilik bazası olmadığından həmin müstəqil qəzetlərin də fəaliyyətinə qeyri-qanuni müdaxilələr olurdu.
1990-cı ildə “Şərq qapısı” qəzeti tarixi addım atır. 20 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edir. “Şərq qapısı” qəzeti həmin qərarı çap etməklə Naxçıvan Muxtar Respublikasının ilk azad mətbuat orqanı funksiyasını həyata keçirir. 1990-cı ilin yanvar ayında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlıqla çap olunur. Tədqiqatçılar bu addımı təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisə kimi dəyərləndirirlər.
Müstəqillik illərinin bəhrələri: azad sözə açılan qapı
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mətbuatda da ciddi dönüş nöqtəsi yarandı. Milli mətbuatı yaxından izləyən və daim dəstək olan Ulu Öndər Heydər Əliyev azad sözə geniş meydan verdi. Qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması bu istiqamətdə verilmiş fərman və sərəncamlar milli mətbuatın qarşısında geniş üfüqlər açdı. Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidməti KİV üzərində senzuranın ləğv edilməsi ilə bağlı verdiyi fərman oldu. Belə ki, 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman azad sözün, milli mətbuatın inkişafına xidmət edən mühüm addım oldu. Azərbaycanın iqtisadi imkanlarının zəif olduğu vaxtlarda Ulu Öndər diqqətini əsirgəmir, qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Ulu Öndər həmin tədbirdə dərinməzmunlu nitqi ilə mətbuatımızın qarşısında duran vəzifələri müəyyən etdi. Dahi şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən böyük rəğbətlə qarşılandı. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
“Əkinçi”dən sülhün təşviqinə
Ümummilli Liderin müəyyənləşdirdiyi media siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi rəqəmsal transformasiya, media subyektlərinin iqtisadi dayanıqlılığının artırılması və peşəkar jurnalistikanın təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir.
Azərbaycan milli mətbuatının 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında Prezident İlham Əliyevin Sərəncamı da milli mətbuatın keçdiyi tarixi yola verilən yüksək qiymətin və jurnalist əməyinə göstərilən dövlət qayğısının növbəti təzahürü idi.
Ötən dövrdə “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata olan dövlət qayğısının bariz nümunəsidir. Yaradılan imkanlardan səmərəli istifadə edən media qurumları ölkədə baş verən ictimai-siyasi, sosial-mədəni tədbirləri izləyir, günün salnaməsini yaradırlar. Ölkə mediası 44 günlük Vətən müharibəsində operativ, peşəkar və obyektiv fəaliyyəti ilə zəfər salnaməsini yazaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Cəmiyyətdə birlik ruhunun möhkəmlənməsinə və dezinformasiyaya qarşı mübarizəyə mühüm töhfə verdi. Bu prosesə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin beynəlxalq media orqanlarına verdiyi çoxsaylı müsahibələr xüsusi dəstək oldu.
Şuşadan dünyaya uzanan media dialoqu
Artıq 4-cü ildir ki, dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, beynəlxalq təşkilat və təsisatların da iştirakı ilə Şuşa Qlobal Media Forumu keçirilir. 2026-cı il iyulun 13-də “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda ölkə başçısının açılış mərasimində iştirakı və media nümayəndələri ilə görüşü, onların suallarını cavablandırması tədbirin mahiyyətini bir daha göstərir. Şuşa Forumu bu il də informasiya təhlükəsizliyi, media məsuliyyəti, dezinformasiyaya qarşı mübarizə və ictimai etimadın möhkəmləndirilməsi kimi aktual məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrildi.
Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolu göstərir ki, dəyişən yalnız dövrün tələbləri və informasiyanın yayılma vasitələridir. Dəyişməyən isə milli mətbuatın əsas missiyası – cəmiyyətin düzgün məlumatlandırılması, milli dəyərlərin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və həqiqətin müdafiəsidir.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər