Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Əsrlər keçir, nəsillər dəyişir, amma dahi sənətkarların adı heç vaxt ölmür, daim yaşayır. Çünki sənət ölməz, dahilik unudulmazdır. Azərbaycanın şanlı tarixində elə şəxsiyyətlər var ki, onların adı da heç vaxt unudulmur. Bu şəxsiyyətlərin adı zamanın sərt küləklərinə sinə gərərək əsrləri aşır və gələcək nəsillərə bir mayak kimi işıq saçır. Onlar millətin yaddaşına, ruhuna çevrilirlər. Hər zaman yaşayacaq isimlərdən biri də əbədiyyətin memarı Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. Dahi memarın adı çəkiləndə dərhal Naxçıvanın göylərə ucalan türbələri, bu türbələr üzərində həkk olunmuş naxışlar, sanki əbədiyaşarlıq rəmzi olan möhtəşəm abidələr göz önünə gəlir.
Əcəmi Naxçıvaninin yaradıcılığı zamanın sınağından çıxmış bir ideya məktəbidir. Memarın inşa etdiyi Möminə xatun və Yusif Küseyir oğlu türbələri, sadəcə, memarlıq nümunəsi deyil, xalqın yaddaş kitabəsidir. Mədəniyyət salnaməsi olan bu abidələr, sadəcə, daş üstə daş qoymaq deyil, xalqımızın mənəvi dünyasının, düşüncə tərzinin, estetik zövqünün, fəlsəfəsinin, zəkasının simvoludur. Memar inşa etdiyi hər bir abidəyə ruh qatmışdır. Buna görə də həmin əsərlər əsrlərdir yaşayır. Əcəmi əsərləri bizə deyir ki, xalqı yaşadan onun mədəniyyəti, memarlığı, sənətidir. Memarın dahiliyi ondan ibarət idi ki, o daşların dilini bilir, onlarla danışırdı. Onun üçün hər bir daş, hər bir kərpic, hər bir naxış, hər bir fiqur sanki bir söz, bir cümlə idi. Əcəmi memarlığının ən mühüm xüsusiyyəti simvolizmdir. Onun inşa etdiyi abidələr üzərindəki hər bir fiqur, hər bir naxış kainatın harmoniyası, həyatın sonsuzluğu, Tanrıya olan sevgi, yaradıcı ruhun əbədiliyi kimi mesajlar verir. Əsrlər keçsə də, bu mesajlar hələ də bizə gəlib çatır. Əcəmi yalnız memar deyildi. O həm də bir filosof idi. Onun yaratdıqları kainatın sirlərini, insan həyatının mənasını daşlara həkk edirdi. Memarın inşa etdiyi türbələrin çoxbucaqlı forması kainatın mükəmməl quruluşunu simvolizə edir. Türbələrin kərpiclərinin dövri düzülüşündə sonsuzluq ideyası, həyatın davamlılığı gizlənir. Əcəmi abidələri üzərindəki yazılar insanı düşünməyə, özünü tanımağa çağırır. Bu gün biz Naxçıvan küçələrində gəzərkən həmin abidələri görəndə fəxr edirik. Çünki onlar təkcə tarixin yadigarı deyil, həm də gələcəyimizə işıq tutan bədii bir yol xəritəsidir. Əcəmi memarlığı bizə “Sənət əbədidir, əsl yaradıcılıq zaman tanımır” mesajını verir. Əcəmi Naxçıvani təkcə Naxçıvanın deyil, bütün Türk-İslam dünyasının memarlıq dühasıdır. Bu monumental şəxsiyyət tarixə əbədi həkk olunmuşdur. Onun adı gələcək nəsillərə yaradıcılıq, zəka və əbədilik örnəyi olaraq keçəcək. Əcəmi bizə öyrədir ki, memarlıq yalnız texniki peşəkarlıq deyil. Əsl memarlıq xalqın ruhunu daşlara köçürməkdir. Əcəminin banisi olduğu Naxçıvan memarlıq məktəbi həm sənət, həm də həyat məktəbidir. Bu məktəb bizə öyrədir ki, yaradıcı düşüncə olmadan heç bir əsər yaşaya bilməz. Sənətkarın əli ilə daş düzülə bilər, lakin onun ruhu daşlara hopmayınca abidə ölü olar. Dahi memarın əsərləri Azərbaycanın simvoluna çevrilib. Əcəminin şah əsəri sayılan Möminə xatun türbəsi xalqımızın gücünü, möhkəmliyini, gözəllik duyumunu əks etdirir. Bu gün biz müasir binalar ucaldırıq, şəhərlər salırıq. Amma beynimizdə bir sual meydana gəlir: görəsən bizim yaratdıqlarımız Əcəmi Naxçıvaninin inşa etdiyi əsərlər qədər möhkəm, dərin mənalı, əbədi olacaqmı? Dünya tarixində az sənətkar var ki, onun əsərləri əsrlər sonra da həm estetik, həm də mənəvi dəyərini qoruyub saxlamışdır. Əcəmi Naxçıvani bu nadir şəxsiyyətlərdəndir ki, onun əsərləri bu gün də diqqət mərkəzindədir, dəyərli elm adamlarının araşdırma mövzusudur. Bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 22 may tarixli Sərəncamı ilə Möminə xatun türbəsi üzərində bərpa və konservasiya işləri aparılır. Ölkə başçısının 2025-ci il 18 sentyabr tarixli digər bir Sərəncamında isə memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması qərara alınmışdır. Bu, dövlət rəhbərinin Azərbaycan mədəniyyətinə, incəsənətinə növbəti qayğısının ifadəsi kimi hər birimizi ürəkdən sevindirir, bizə məxsus olanlara sevgi və ehtiramımızı daha da artırır.
Brilyant CƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi
Digər xəbərlər