İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkan...
23:03 19.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Qloballaşma müasir dövrün danılmaz reallığıdır. Bu proses milli mədəniyyətlər üçün həm yeni imkanlar yaradır, həm də ciddi risklər formalaşdırır. Xüsusilə dil sahəsində xarici təsirlərin artması, milli kimliyin əsas dayaqlarından biri olan ana dilinin qorunmasını strateji zərurətə çevirir. Qloballaşma şəraitində milli dəyərlərin və dilin zəifləməsi təhlükəsi bir çox xalqlar üçün real problemə çevrilib. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti bu reallıqları nəzərə alan, milli-mənəvi dəyərlərin daşıyıcısı sayılan ana dilinin qorunmasını dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi müəyyənləşdirən konseptual yanaşmaya əsaslanır. Dövlət başçısının çıxışlarında Azərbaycan dili yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın tarixi yaddaşını, milli şüurunu və mənəvi bütövlüyünü qoruyan əsas sütunlardan biri kimi təqdim olunur. Prezident İlham Əliyev həm 2025-ci il ərzində etdiyi çıxışlarda, həm də 2026-cı ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi geniş müsahibədə, eləcə də təsdiq etdiyi “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında milli kimliyin qorunmasında dil faktorunun xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycan dilinin saflığının qorunması, onun ictimai həyatın bütün sahələrində geniş tətbiqi, gənc nəslin ana dilinə bağlı ruhda yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu yanaşma göstərir ki, Azərbaycanın bir-birilə bağlı olan mədəniyyət və dil siyasəti yalnız milli irsin qorunmasına deyil, həm də onun qloballaşan dünyada yaşadılmasına, gücləndirilməsinə və gələcək nəsillərə bütöv şəkildə ötürülməsinə xidmət edir”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev deyib.
Professor qeyd edib ki, “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası uzunmüddətli strateji sənəd kimi milli-mədəni inkişafın əsas istiqamətlərini müəyyənləşdirir. Bu sənəddə mədəniyyət yalnız keçmişin mirası kimi deyil, gələcəyə yönəlmiş canlı və dinamik proses olaraq təqdim edilir. Konsepsiya milli irsin mühafizəsi ilə yanaşı, onun müasir texnologiyalar və innovativ yanaşmalar vasitəsilə inkişaf etdirilməsini nəzərdə tutur. Konsepsiyada qloballaşmaya inteqrasiya milli kimlikdən imtina deyil, milli dəyərləri qoruyaraq dünya mədəni məkanında iştirak modeli kimi təqdim olunur. Konsepsiyanın əsas məqsədi Azərbaycan mədəniyyətinin qlobal mədəni məkan daxilində rəqabətqabiliyyətli və davamlı inkişafını təmin etməklə yanaşı, milli özünəməxsusluğun qorunmasıdır. “Azərbaycan mədəniyyəti – 2040” məhz bu baxışın ifadəsi olaraq milli kimliyin əsas sütunlarından biri olan dil məsələsini xüsusilə ön plana çıxarır. Bu kontekstdə dil siyasəti mədəni strategiyanın əsas dayaqlarından biri kimi çıxış edir. Konsepsiyada Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, milli-mənəvi dəyərlərin daşıyıcısı və tarixi yaddaşın qoruyucusu kimi qiymətləndirilir.
Dilçi alim bildirib ki, ümumiyyətlə, Prezident İlham Əliyevin siyasi fəaliyyətində mədəniyyət amili milli dövlətçilik ideologiyasının mühüm komponenti kimi təqdim olunur. Ölkə başçısının nitqlərində Azərbaycan mədəniyyəti xalqın tarixi yaddaşını, milli şüurunu və mənəvi bütövlüyünü qoruyan əsas vasitə kimi xarakterizə edilir. Bu kontekstdə milli kimliyin formalaşmasında dilin rolu xüsusi vurğulanır. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dili milli varlığımızın əsas göstəricisidir və onun qorunması dövlətin prioritet vəzifələrindən biridir. Bu yanaşma Azərbaycançılıq ideologiyasının mahiyyəti ilə səsləşir və milli kimliyin yalnız etnik deyil, mədəni-sivilizasion məzmun daşıdığını göstərir. Eyni zamanda ölkə Prezidentinin dediyi kimi, dilin qorunub inkişaf etdirilməsi milli məsələdir və hamı bu istiqamətdə səfərbər olmalı, dilimizi qoruyub inkişaf etdirməliyik. Mediada da ədəbi dil normalarına riayət olunmasına diqqət artırılmalıdır.
“Prezident İlham Əliyev mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı xalqlarası mədəni əlaqələrə dair məsələlərə də toxunub. Bildirib ki, 2026-cı ilin iyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk dünyası həftəsi keçiriləcək. Bu mühüm tədbir çərçivəsində türk dili, türk dillərinin inkişaf perspektivləri, ortaq mədəni irsin qorunması və Türk dünyasının gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunacaq. Həftənin əsas məqsədi türk xalqları arasında əlaqələri daha da gücləndirmək, ortaq kimlik və həmrəylik anlayışını möhkəmləndirmək, həmçinin gələcək inkişaf üçün konkret fəaliyyət proqramı müəyyənləşdirməkdir. Beləliklə, türk dillərinin yaxınlaşması və xalqlar arasında inteqrasiyanın dərinləşməsi həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq miqyasda güclü və layiqli mövqe tutmasına da mühüm töhfə verəcək”, – deyə Əbülfəz Quliyev əlavə edib.
Nail ƏSGƏROV
Digər xəbərlər