Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Firuz Əli oğlu Qureşli
(03.12.1993-10.10.2020)
Firuz orta məktəbdə əlaçı şagird kimi seçilirdi. Fikri, düşüncəsi, arzusu isə hərbçi olmaq idi. İstəyirdik ki, başqa peşə seçsin, dedi ki, mən hərbçi olacağam. Orta məktəbdə oxuyanda ən böyük arzusu Qarabağa getmək idi. Hətta bir dəfə müəllimi ilə söhbətində ona söz vermişdi ki, işğaldan azad olunan torpaqların qəhrəmanlarından olacaq. Hey düşməndən qisas alaraq, işğal edilmiş torpaqlarımızı azad etmək arzusunu dilə gətirirdi.
Xidmətdə olanda danışarkən Naxçıvana gəlməsini deyirdik. Cavabı isə Qarabağ alınsın, sonra gələcəyəm olurdu. Deyirdi ki, poliqona çıxanda Qarabağı görürük. Buradan çox gözəl görsənir. Firuz həmişə nümunəvi olub. Orta məktəbi də, hərbi məktəbi də əla qiymətlərlə bitirmişdi. Sonra Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. Daha sonra da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici olub. Bu müddətdə o təcrübəli, peşəkar hərbçi kimi yetişdi. Vətənpərvər idi. Mübarizlik qanına hopmuşdu sanki. Arzusu general rütbəsinə yüksəlmək idi. Evdən-eşikdən uzaq qalmasına səbəb də Vətən sevgisi idi. Kənddə xüsusi xətir-hörmət qazanmışdı.
Ailəsinə də bağlı idi. Baş leytenant olan Firuz həmişə deyirdi ki, əsgərlər də mənim bir ailəmdir. Peşəsini həddindən çox istəyirdi. Forma əynində olanda gözlərinin içi gülürdü. Evə də gələndə ancaq hərbidən, Vətən sevgisindən danışardı. Məzuniyyətdə olduğu müddətdə də əsgərləri ilə əlaqə saxlayıb, maraqlanırdı.
Müharibə başlayanda da telefon əlaqəmiz olurdu. İrəli getdiklərini deyirdi. Bir ana, bir azərbaycanlı kimi mən də sevinirdim ki, torpaqlarımız düşməndən alınır. Sonuncu dəfə oktyabr ayının 5-də əlaqə saxladıq. Dedi ki, özünüzdən muğayat olun. Biz yaxşıyıq, ancaq irəli gedirik. Qələbə bizimdir, bizim də olacaq. İnşallah, qələbə ilə geri dönəcəyik. Ondan yadigar övladı Duyqudur. Qızı böyüyəndə atasının necə qəhrəman olduğunu bilib fəxr edəcək. Şəhid qızı olması ona qürur verəcək.
İndi də hərbçi yoldaşları onun döyüş meydanına necə ruh yüksəkliyi yaradaraq inamla irəli getdiyindən danışırlar.
Həmişə fəxrimiz olub. Həmişə də qürur duymuşuq onunla. İndi də qürur duyuram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram. Bayrağımız hər zaman ucalarda dalğalansın.
Digər xəbərlər