Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyəti...
10:26 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Səhnə bəzən bir aktrisa üçün, sadəcə, sənət məkanı deyil, həm də həyatın davam etdiyi, ağrıların dilləndiyi, ruhun şəfa tapdığı bir yerdir. Naxçıvan Dövlət Kukla Teatrının istedadlı aktrisası Əfqanə Ələsgərova üçün isə bu səhnə daha dərin bir mənaya malikdir, itirdiyi övladının xatirəsini yaşadan bir məbəd kimi. O, 19 oktyabr tarixdə nümayiş olunan “Səssiz fəryad” adlı monotamaşasında yalnız bir obraz canlandırmadı, həm də bir ananın içində qopan tufanı, səssiz qışqırığını, göz yaşını və dirənişini səhnəyə gətirdi. İzləyicilər arasında mən də var idim və tamaşanın sonunda özümü ixtiyarsız şəkildə ayaqüstə alqışlayarkən tapdım. Monotamaşadan bir gün sonra teatrın direktoru Səyyad Məmmədov ilə əlaqə saxlayaraq onun dəstəyi ilə aktrisa ilə söhbət etdik. Əfqanə xanım tamaşanın ssenarisindən, həyat hekayəsinin səhnəyə daşınan və səhnə arxasında qalan hissələrindən qəzetimizə səmimi şəkildə danışdı:
Əfqanə xanım, istərdik sizi daha yaxından tanıyaq, daha sonra isə baş tutan monotamaşa haqqında söhbətləşək.
– Mən Əfqanə Ələsgərova, artıq on ildən çoxdur ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında aktrisa kimi fəaliyyət göstərirəm. İstər köməkçi, istərsə də baş rol olaraq müxtəlif tamaşalarda çıxışlar etmişəm. Oktyabrın 19-da baş tutan monotamaşa mənim ilk monotamaşam idi. Monotamaşanın ssenarisin özüm yazmışdım, yəni müəllifliyi mənə məxsusdur. Səhnə tərtibatı olsun və sair. Arxa fonda çalışan dostlarımızın da əziyyəti az deyildi, istər səhnə, işıqlandırma, musiqi tərtibatı kimi işlərdə mənə yaxından köməklik göstərdilər. Qısacası, onu demək istəyirəm ki, adı monotamaşa olsa da, burada tək mənim əziyyətim yox idi. Bu tamaşa üçün artıq bir neçə aydır ki, məşqlər aparılır. Ancaq monotamaşanın keçirildiyi axşam səhnənin və auditoriyanın mənə verdiyi hisslər məşqlərdən çox fərqlənirdi. Onsuz monatamaşanın məçqlərinin keçirildiyi gün özümə gələ bilmirdim. Sanki həmin gün beynim dumanlanırdı. Bundan əlavə, digər tamaşaların məşqlərinə getsəm də, desəm də, gülsəm də, bu monotamaşanın fikri məni buraxmırdı. Onu deyim ki, bu monotamaşa oynadığım bütün tamaşaların şah əsəri oldu. Həmin tamaşada görünən Əfqanə xanım əsl Əfqanə idi. Qaydaya uyğun olaraq akyorlar canlandırdığı obrazın xarakterinə bürünür, deyirik, gülürük. Amma bu dəfə onu edə bilmirdim.
– Həmin monotamaşanın ən təsirli tərəflərindən biri isə yaşananların sizin həyatınızdan bir parça olmağı idi.
– Tamaşanın ilk başlarında, pərdə açılanda bir yuxu ilə başlayır. Uşağın xəstələnməyi və bu səbəbdən dünyasını dəyişməsi yer alıb... Həqiqətən də belə oldu. Mən öz körpəmi xəstəlikdən itirdim, beş yaşında... Buna görə də tamaşada belə cümlə işlətmişdim: “Biz hər şeyi yenidən danışmalıyıq, sənin beş yaşında dayandığın yerdə”. Həmin hadisə baş verməmişdən öncə mən elə bilirdim böyüməmişəm, insanlar yaşlanmır. Amma bu andan sonra öyrəndim ki, insanlar hər yaşda yaşlanırmış. Mən bunu övladımı itirəndən sonra başa düşdüm. Monotamaşada mənim dediklərimin hər biri, hər bir cümləm övladımı itirdikdən sonra həyatımda başıma gələnlər idi. Orada da deyirəm... “Yox, ola bilməz. Mən dəli olmamışam”. Onu itirəndən sonra mən yaxınlarıma deyirdim ki, mən onu görürəm, onunla söhbətləşirəm, danışıram, gülürəm. Amma mənə psixoloji problemlərim var kimi baxırdılar. Gözləyirdim, hər kəs yatandan sonra mən onunla danışırdım. Çünki heç kəs mənə inanmırdı, mənə qəribə baxırdılar. Onu da qeyd edim ki, dünyasını dəyişən övladımın adı Kərəmdir.
Bəs, Əfqanə xanım bu ağrılı, acılı günlərin öhdəsindən gəlməyi bacarıb necə ayağa qalxa bildi? Onu həyata bağlayan nə idi?
– Səhnə. Sanki həmin vaxtlarda səhnə məni qucaqladı, yenidən həyata qaytardı. Gələn ay onun dünyasını dəyişdiyi vaxtdır. Mən onu payız fəslində itirdim, tamaşa da həmin fəsildə baş tutdu. Bu, sadəcə, bir təsadüf idi. O qədər incəliklə hər şey biri-birinə bağlandı ki... Payız fəslini heç vaxt sevmirəm, çünki bu fəsil mənim əlimdən körpəmi aldı. Həmin fəsildə, körpəmin məndən ayrıldığı çağda səhnəyə çıxıb özümlə üzləşdim. Səhnə, kitablar, ssenarilər, əsərlər məni yenidən həyata qaytardı. Mən səhnə ilə həmin uçurumun kənarından dönmüşəm. Onu da deyim ki, mən həmin monotamaşanı bu səhnəyə borclu idim və oynamalı idim.
Bu monotamaşanı qələmə alarkən bir ana kimi fikirləşməyə çalışdınız, yoxsa, aktrisa kimi?
– Təbii ki ana kimi. Səyyad müəllim mənə dedi ki, hər hansı bir dramaturqdan bir əsər götürüb onun üzərində tamaşanı qur. O insanlara daha yaxşı təsir bağışlayar, nəinki özün yazasan. Düşündüm ki, yox... Nəticəsi nə olur, olsun mən bunu etməliyəm. Bir paylaşımda yazmışdılar ki, sən bütün körpəsi dünyadan köçmüş anaların acı fəryadı oldun. Mən ancaq onu deyə bilərəm ki, Allah heç bir valideynə övlad dağı yaşatmasın, heç bir ananı da övladı ilə sınağa çəkməsin. Tamaşamda bunu da qeyd etmişdim ki, “Hər bir ana övladı üçün bütün dünyanı qarşısına almağa hazırdır, lakin bəzən bütün dünya var gücü ilə bir ananın qarşısında dayanır, və geriyə bir “SƏSSİZ FƏRYAD” qalır”.
Rafiq TƏHMƏZ
Digər xəbərlər