NAXÇIVAN :

02 Yanvar 2025, Cümə axşamı

Dünya onlardan danışır

...

Vətənin övladı olmaq, xalqın qəhrəmanına çevrilmək üçün Vətəni sevmək, onun uğrunda fədakarlıq göstərmək kifayətdir. Kim olursan ol, əgər sən işini vicdanla görürsənsə, deməli, sən bu xalqın qəhrəmanısan. Torpağını və vətəndaşını sevən hər bir azərbaycanlı öz çalışdığı masanı səngərə çevirib bax elə oradaca Vətənini necə sevdiyini sübut edir. Bir neçə gün əvvəl baş verən təyyarə qəzası zamanı biz bunu bir daha gördük və yaşadıq. Hava hücumuna məruz qalan təyyarənin kapitanı öz sükanını müdafiə qalxanına çevirib səmada mübarizə apardı. Ən yaxın hava limanına eniş icazəsi verilməyən sıradan çıxmış təyyarəni öz canını riskə ataraq endirməyi bacardı. Gənc azərbaycanlı xanımın “Hər şey yaxşı olacaq” sözləri təyyarədəki sərnişinlərin ümidinə çevrilirdi. Onun isə son sözləri oldu.

Göylərə həkk olunan “Hər şey yaxşı olacaq” kəlməsi kiminin duyduğu son kəlmə olsa da, kimisi üçün ümid oldu. Azərbaycanlı pilotun səmadakı cəsarəti hücumun gün işığına çıxmasına səbəb oldu. O, öz canını riskə atıb həm insanların həyatını xilas etdi, həm də hava gəmisinin Xəzərin sularına qərq olub sirrə qədəm qoymasının qarşısını aldı. Bəli, onlar bu xalqın Milli qəhrəmanı olmaq haqqını öz peşəsini layiqincə yerinə yetirməklə qazandı. Onlar sübut etdilər ki, Vətəni təkcə səngərdə qorumurlar.

          Dörd il öncə Vətən müharibəsindəki azərbaycanlı əsgərin cəsarətindən heyranlıqla bəhs edən dünya mediası indi də onlardan danışır: göylərin cəsarətli oğulları və qızından. Ömrünün bahar çağında həyata doya bilməsə də, “Hər şey yaxşı olacaq”, – deyən azərbaycanlı qadından, cəsarəti ilə hər kəsi heyran edən gənc pilotdan və ona həyat dərsi keçən müəllimindən. Azərbaycanın Milli Qəhrəmanlarından...

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 29.12.2024 21:29