NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Dünya İqtisadi Forumu: Azərbaycanın dünya iqtisadiyyatında etibarlı və fəal tərəfdaşlıq imicinin ifadəsi

...

Azərbaycan malik olduğu resurs və yerləşdiyi əlverişli coğrafi ərazidən səmərəli istifadə etməklə irəli sürdüyü mühüm təşəbbüslərlə, irimiqyaslı layihələrlə beynəlxalq iqtisadi münasibətlər sistemindəki yeri və rolunu xeyli gücləndirməkdədir. Təsadüfi deyil ki, son illərdə dünyanın bir sıra aparıcı təşkilatları ölkəmizlə fəal əməkdaşlığa can atır, öz sıralarında respublikamızı görmək istəyən siyasi, iqtisadi platformaların sayı artır. Bu xüsusda dünya iqtisadiyyatının mənzərəsinin müəyyənləşdirilməsi, münasibətlərin nizama salınması baxımından mühüm əhəmiyyət daşıyan Dünya İqtisadi Forumunu da qeyd etmək olar. Prezident İlham Əliyevin mütəmadi olaraq DİF-in illik toplantılarına dəvət olunması, ölkəmizin beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi, yeni dövrün çağırışları prosesində vacib aktor olduğunu sübut etməklə respublikamıza, aparılan məharətli diplomatiyaya olan güclü etibar və etimaddan xəbər verir.

Azərbaycan-DİF əlaqələri tarixi köklərə və müasir çağırışlara söykənir

Dünyanın reytinqi yüksək olan aparıcı beynəlxalq iqtisadi forumu hesab edilən DİF 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus Şvab tərəfindən təsis olunub, dövlət və hökumət başçılarının, yüksəkvəzifəli biznesmenlərin, elm və din xadimlərinin iştirakı ilə keçirilən geniştərkibli illik iclasdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün məhz belə adlandırılır. DİF-Azərbaycan əlaqələrinin tarixi ötən əsrin 90-cı illərinə təsadüf edir və Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1995-ci il yanvarın 27-31-də dahi şəxsiyyət həmin forumda iştirak edərək münasibətlərin təməlini qoyub və hazırda Prezident İlham Əliyev mövcud ənənəni uğurla davam etdirir. 2007-ci ildən bəri hər il ölkə başçısının Davos İqtisadi Forumuna dəvət alması, Azərbaycanın forumda uğurla təmsil olunması Cənubi Qafqaz liderinin regional siyasi, iqtisadi gücünün, beynəlxalq əməkdaşlıqlardakı etibarlı tərəfdaş imicinin göstəricisidir. İrəli sürülən ideyaların dəstəklənməsi qazanılan yüksək etimadın nəticəsidir ki, 2013-cü il aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçıları Azərbaycana gəliblər. “Dayanıqlı dinamizm” devizi altında paytaxt Bakıda keçirilən forum çərçivəsində iqtisadi vəziyyəti proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə ediblər. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab Bakıdakı həmin forumu yüksək qiymətləndirib: “Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır. Bu, ilk növbədə, ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olmuşdur. Eyni zamanda bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır. Azərbaycan informasiya texnologiyaları, maliyyə, tikinti sahələrində çox qabaqcıl bir ölkədir”.

Dünya İqtisadi Forumunda iştirak Azərbaycan üçün təkcə beynəlxalq tədbirdə təmsil olunmaq deyil, eyni zamanda ölkənin iqtisadi potensialını, strateji layihələrini və inkişaf prioritetlərini qlobal ictimaiyyətə təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin panel iclaslarda çıxışı və dünya siyasətçiləri, beynəlxalq şirkət rəhbərləri ilə ikitərəfli əməkdaşlığa dair müzakirələri ölkənin regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirir. Bu diskussiyalarda, əsasən, enerji təhlükəsizliyi, iqtisadi şaxələndirmə, nəqliyyat-logistika imkanları, “yaşıl enerji” və post-müharibə dövründə həyata keçirilən bərpa və inkişaf layihələri diqqət mərkəzində saxlanılır. Forum çərçivəsində müzakirəyə çıxarılan məsələlər Azərbaycanın illərdir, apardığı xarici və daxili siyasi xəttin, reallaşdırdığı layihələrin, proqramların başlıca hədəflərindəndir. Bu xüsusda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə diqqəti çəkmək olar. Dövlət sənədində “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”, “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”, “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetləri yer alıb ki, bu da yeni dünya düzəninin formalaşması prosesində Azərbaycan-DİF maraqlarının, böyük mənada, kəsişməsi deməkdir. Respublikamızın Avrasiyanın nəqliyyat xəritəsinin mərkəzində yerləşməsi, Avropa və Asiya arasında ticarət körpüsü yaratması, eyni zamanda bu müstəvidə yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi layihəsi, sözsüz ki, respublikamızın dünya iqtisadi sistemindəki mövqeyini xeyli gücləndirəcək. Həmçinin COP-29 mötəbər tədbiri çərçivəsində atılan uğurlu addımlar, ölkəmizin irəli sürdüyü “yaşıl gündəlik” konsepsiyası, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” elan olunması və buna müvafiq hədəflərin müəyyənləşməsi yaxın gələcəkdə Davos iqtisadi platformasında Azərbaycanın milli maraqlarına uyğun yeni yanaşmaların, modellərin daha çox müzakirə predmetinə çevriləcəyinə əminlik yaradır. Bu sayədə növbəti bir neçə ildə ölkəmizin iqtisadiyyatına yeni investisiyaların yönələcəyini və beləliklə də, mövcud dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadi modelin daha möhkəmlənəcəyini proqnozlaşdırmaq olar.

Təqdirəlayiq hal həm də ondadır ki, Davosda təmsil olunan Avropa ölkələri Azərbaycanla birgə əməkdaşlığa can atan əsas tərəf kimi özünü göstərir, müxtəlif platformalar vasitəsilə enerji hasilatını artırmaq üçün təşəbbüslərlə çıxış edir. Məhz 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında  “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun, eləcə də ondan qabaq və sonra bir sıra ölkələrlə qarşı tərəflərin təklifləri əsasında iqtisadiyyat, enerji, nəqliyyat sahələri üzrə əməkdaşlığa dair sənədlərin imzalanması da belə deməyə əsas verir. Azərbaycan tərəfindən bu təşəbbüslərin davamlı dəstəklənməsi qurulan əlaqələrin qısa zamanda əhəmiyyətli nəticələr verməsinə səbəb olub. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, indi bu miqdar 13 milyarda çatdırılıb. Hazırda respublikamız 16 ölkəyə təbii qaz nəql edir ki, həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə çıxışı zamanı da Avropanın təbii qazla təminatı məsələsinə xüsusi toxundu və gələcəkdə ixracatın daha da artacağını vurğuladı. Sitat: “Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa İttifaqı Komissiyasının Prezidenti Bakıya səfər etdi və biz enerji sektorunda strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Biz Avropaya qaz təchizatının həcminin iki dəfə – ovaxtkı 8 milyard kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılığımızı bildirdik. Beləliklə, 3 ildən artıq bir dövrdə biz bu rəqəmi, təxminən, 13 milyard kubmetrə çatdırmışıq və həcm artacaqdır”.

Azərbaycan həm müharibə, həm də sülhün qalibi kimi

56-cı iclasın fəal  iştirakçısıdır

Davosda təşkil olunan Dünya İqtisadi Forumunun sayca 56-cı iclasında 130-dan artıq ölkədən 3 000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla, 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Özlüyündə bu geniş təmsilçilik forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynadığını göstərir. Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini əhatə edir. Eyni zamanda beynəlxalq müstəvidə və cəmiyyət daxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin araşdırılması, insan kapitalının inkişafının təşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əmək bazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsas istiqamətlər sırasında yer alır.

Dövlətimizin başçısı builki forum çərçivəsində qarşı tərəflərin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq,  Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso, Braziliyanın “BTG Pactual” şirkətinin sədri Andre Esteves, “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, digər dövlət rəsmiləri, o cümlədən bir çox beynəlxalq şirkətlərin rəhbəri ilə görüşlər keçirdi. Dialoqlarda respublikamızın postmüharibə dövründə regionda yaratdığı yeni reallıqlar, ikitərəfli əlaqələrin gələcək inkişafı, iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əməkdaşlıqların dərinləşdirilməsi, qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar barədə fikir mübadilələri aparıldı, qarşılıqlı maraqdoğuran məsələlər müzakirə edildi. Dünya İqtisadi Forumunda yaşanan ən mühüm tarixi hadisələrdən biri də sözsüz ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisi üçün “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimi oldu. Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycanın dəvət olunması Azərbaycan-ABŞ strateji tərəfdaşlığının və ölkəmizin dünyada sülhün təşviqində oynadığı rolun təcəssümüdür. Eyni zamanda forum çərçivəsində Prezident İlham Əliyevlə Donald Tramp arasında görüş də keçirildi ki, bu hazırki dönəmdə iki ölkə münasibətlərinin gedişatının müzakirəsi, gələcək birgə fəaliyyət və ələlxüsus da Cənubi Qafqazda mövcud sülh şəraiti, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi baxımından vacib əhəmiyyət daşıdı.

Builki forumun Azərbaycan üçün özünəməxsusluğu həm də ondan ibarətdir ki, respublikamız təkcə müharibənin qalibi kimi deyil, həm də regiondakı mövcud sülhün memarı, yeni əməkdaşlıq trayektoriyası müəyyən edən əsas tərəf kimi təmsil olundu. Bu baxımdan, dialoqlarda sülhün gətirdiyi yeni əməkdaşlıq mühitinin qlobal iqtisadiyyata müsbət təsirlərinin müzakirəsi də yaddaqalan oldu. Dövlət başçımızın yanvarın 20-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşündə bərpa olunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Görüş zamanı bugünkü reallıqlar fonunda Naxçıvana dair məsələlərin xüsusilə nəzərə çəkilməsi Azərbaycan dövlətinin bu bölgəmizlə bağlı irəli sürdüyü təşəbbüslərə beynəlxalq ictimaiyyətin diqqətini, dəstəyini artırmaq, regiona yeni investisiyaların cəlbinə imkanlar açmaqdır. Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında da Cənubi Qafqazdakı mövcud vəziyyəti yüksək qiymətləndirdi, mövcud sülhü tarixi nailiyyət adlandırdı: “Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz”.

Ümumilikdə, onu qeyd etmək olar ki, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumu zamanı müxtəlif mövzulu panel iclaslarda iştirakı, çıxışları, çox sayda ikitərəfli görüşlərin təşkili Azərbaycanın həm siyasi arenada, həm də iqtisadi münasibətlərdə qazandığı uğurun nəticəsi, nüfuzun göstəricisidir. Eyni zamanda bu ənənə ötən illərdə dövlət başçımızın forum çərçivəsində səsləndirdiyi fikirlərə, irəli sürdüyü təşəbbüslərə göstərilən hörmətin, etimadın, verilən dəyərin ifadəsidir. Azərbaycanın Davos İqtisadi Forumuna bəxş etdiyi töhfələrlə yanaşı, DİF-in də respublikamız üçün faydaları kifayət qədərdir. Bu beynəlxalq tədbir ölkə iqtisadiyyatına yeni xarici sərmayədarların qazanılması, eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqların ümumbəşəri maraqlara çevrilməsi baxımından olduqca önəmli yerə və rola malikdir. Bütün bu və digər mühüm amilləri nəzərə alaraq əminliklə deyə bilərik ki, 56-cı Davos Ümumdünya İqtisadi Forumu da ölkəmizin beynəlxalq aləmdə, iqtisadi münasibətlər sistemində nüfuzunun artmasına, dünya iqtisadiyyatında etibarlı və fəal tərəfdaşlıq imicinin daha da möhkəmlənməsinə, eyni zamanda bölgədə gələcək irimiqyaslı layihələrin icrasına hərtərəfli dəstəyin güclənməsinə töhfələr verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 21.01.2026 12:52