NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Dünya azərbaycanlıları “Şərq qapısı”na yazırlar…

...

Kamal Fətəlizadə 1991-ci ildə Ordubad şəhərində anadan olub. O, hazırda Səudiyyə Ərəbistanı Krallığında yaşayır. Orada fəaliyyət göstərən neft şirkətində mühəndis olaraq çalışır. 
2008-ci ilə qədər Naxçıvan şəhərində yaşayan həmsöhbətim orta məktəbi burada bitirib: “2012-ci ildə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) təhsil almaq üçün Bakı şəhərinə köçmüşəm və ali təhsili bitirdikən sonra 2020-ci ilə qədər Bakı şəhərində yaşayıb “bp Azerbaijan” şirkətində müxtəlif vəzifələrdə çalışmışam. 2017-2019-cu illərdə Birləşmiş Krallıqda Proseslərin təhlükəsizliyi və itkilərin qarşısının alınması üzrə The University of Sheffielddə magistr təhsili almışam, 2020-ci ildə Tbilisi şəhərinə köçüb “bp Georgia” şirkətində mühəndis vəzifəsində işləmişəm”. 
Kamal bildirir ki, yaşadıqları kompleksdə azərbaycanlı ailələr də var. Davamlı olaraq əlamətdar günlərdə yığışıb bayramlarımızı bir yerdə qeyd edir və milli adət-ənənələrimizi digər millətlərin nümayəndələrinə nümayiş etdirirlər. Dinimiz və bir çox bayramlarımız eyni olduğundan buraya öyrəşmələrinin asan olduğunu qeyd edən həmsöhbətim deyir ki, Azərbaycan kimi dünyanın ilk neft quyusunun qazıldığı ölkənin vətəndaşı olaraq neft ölkəsi olan Səudiyyə Ərəbistanı Krallığında işləmək və bu ölkənin də neftçıxarma işini öyrənmək bu sahədəki biliklərini daha da dərinləşdirir. İşlədiyi şirkətin beynəlxalq şirkət olduğunu bildirən Kamal burada 70-ə yaxın ölkənin nümayəndəsinin çalışdığını və onlara Azərbaycan adət-ənənələri ilə tanış olmağın maraqlı gəldiyini deyir: “Həmçinin övladlarımın oxuduğu beynəlxalq məktəbdə hər il ənənəvi beynəlxalq gün (“international day”) olur və həmin gün biz digər azərbaycanlı ailələrlə birlikdə Azərbaycan stendi hazırlayıb dəyərlərimizi və mətbəximizin ləziz nümunələrini başqa xalqlarla paylaşırıq. Biz burada bizimlə birlikdə yaşayan insanlarla təkcə milli adət-ənənələrimizi deyil, həm də qalib ölkə olmağımızın sevinci paylaşır Vətənimizlə qürur duyuruq. Buradan doğma Naxçıvanımızın ən qədim mətbuat orqanı olan 104 yaşlı “Şərq qapısı” qəzeti vasitəsilə qədim yurdun insanlarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, yeni-yeni zirvələr arzulayıram! 
 

Nəşr edilib : 31.12.2025 11:06