NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Döyüş yoldaşları İsmayıl haqqında qürurla danışırlar

...

İsmayıl Mehman oğlu Vəliyev

(24.03.1996-08.11.2020)

İsmayılın anası rəhmətə gedib. Həmin vaxt İsmayıl IV sinifdə oxuyurdu. Müəllimləri razılıq edirdilər. Lap balaca vaxtından mənə “ana” deyərdi. Anası sanki öləcəyini hiss etmişdi. Uşaqlara mənə “nənə” yox, “ana” demələrini öyrədirdi... İsmayılın özündən balaca bir qardaşı da vardır.
Anası rəhmətə getdikdən sonra mənə daha çox bağlandı.
Dərsdən gələn kimi ilk olaraq məni axtarırdı. Tez nə bişirdiyimi soruşurdu. Deyirdim ki, ana qurban, əynini dəyiş. Sonra yemək axtararsan. Deyirdi ki, ana, bərk acmışam.
İsmayıl həm mehriban, həm də ağıllı uşaq idi. Anasının ölümü İsmayılı daha tez böyütmüşdü.
Hərbçi olmaq ən böyük arzusu idi. Bu arzu onu hərbi liseyə apardı. Həm Naxçıvanda, həm də Bakıda təhsil aldı. 
Balaca vaxtından bir videoyazısı da var. Bir nəfərə deyir ki, mən böyüyüb erməniləri qovacağam. Həqiqətən də, dediyini etdi... Döyüş yoldaşları tez-tez ziyarətimizə gəlirlər. İsmayıl haqqında qürurla danışırlar. Onun şir kimi döyüşdüyünü deyirlər.

İsmayıl Aprel döyüşlərində də iştirak edib. Amma bu haqda bizə heç nə deməyib. Sonra xəbər tutduq. Yoldaşları dedilər. Hətta həmin döyüşlərdə yaralanıb da. Aprel döyüşlərindən sonra baş leytenant hərbi rütbəsi vermişdilər. Bir gün şəkil paylaşmışdı. Paqonlarını gördüm. Dedim, bu nədir? Dedi ki, ana, yenicə rütbəmi artırıblar.
Sonuncu dəfə danışanda da çox təmkinli idi. Deyirdi ki, ermənilərin yaşadıqları yerlərə giriblər. Deyib-gülürdü. Oktyabrın 3-də danışdıq. Kimsə arxadan ona: “Sən gedə bilmərsən”, – deyirdi. Soruşdum ki, İsmayıl, nə deyirlər? Dedi ki, ana, başımda bir az yara var. Deyirlər ki, sən döyüşə gedə bilmərsən. Amma mən getməliyəm. Getdi və şəhid oldu. 

Nəşr edilib : 07.01.2025 21:07