"Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şa...
18:13 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
Günümüzün çox hissəsini sosial şəbəkələrdə keçirdiyimiz müasir dövrdə elə sosial şəbəkələrdən qaynaqlanan problemlərlə də tez-tez üzləşməli oluruq. Xüsusən uşaqların telefondan istifadəsi bəzən, hətta onlarda özünə xəsarət yetirmə kimi hallara belə gətirib çıxara bilir. Əvvəlcə başlığa çıxardığımız bullinq sözünə nəzər yetirək. Zorakılıq, təhqir və alçaltma mənalarını daşıyan bullinq, əslində, bir və ya bir neçə şəxsin digər bir şəxsi məqsədli şəkildə təhqir etməsi, zorakılıq göstərməsi və ya alçaltması ilə xarakterizə olunan təcavüzkar davranışdır. Bullinqin bir neçə növü var; lakin bugünkü əsas mövzumuz kiberbullinqlə bağlıdır.
Kiberbullinq nədir? Psixoloji cəhətdən insanlarda, xüsusən uşaq və yeniyetmələrdə hansı fəsadlar doğura bilər? Buna pedaqoq-psixoloq Günay Quliyeva aydınlıq gətirdi: Kiberbullinq, adından da bəlli olduğu kimi, əsasən, rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər və hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyır. Əsasən, bir deyil, bir neçə dəfə təkrarlanan davranışdır. Bu davranışlar müxtəlif cür ola bilir. Bunlara sosial mediada kiminsə haqqında yalanlar yaymaq və ya utancverici şəkilləri yerləşdirmək, mesajlaşma platformaları vasitəsilə zərərli mesajlar və ya təhdidlər göndərmək, kimisə təqlid etmək, yaxud onların adından başqalarına pis mesajlar göndərmək və sair aid etmək olar.
Belə halların insanlara mənfi təsirlərindən bəhs edən müsahibim diqqətimizə çatdırır ki, bullinq psixoloji, emosional və fiziki zərər verməklə yanaşı, həm də zərərçəkmişdə ciddi fəsadlar doğura bilər. Belə ki, kiberbullinqə məruz qalan şəxs əksərən başqaları tərəfindən gülüş obyektinə çevrildiyindən hətta intihar etmə səviyyəsinə belə çata bilir.
Günay xanım vurğulayır ki, kiberbullinq bizə bir çox cəhətdən təsir etmək imkanına malikdir. Buna rəğmən onun təsirlərini aradan qaldırmaq mümkündür və insanlar özlərinə inamlarını və sağlamlıqlarını yenidən bərpa edə bilərlər.
Öncə valideynə, yaxud etibar etdiyi yaxın bir şəxsə müraciət etməni vacib sayan müsahibimin sözlərinə görə, daha sonrakı addım mütləq rəsmi şikayət olmalıdır. Əgər kiberbullinqlə qarşılaşırsınızsa, təsirlərindən qurtarmaq məqsədilə müəyyən tətbiqləri silmək məsləhətdir.
Əsas nəticələr göstərir ki, bullinqə məruz qalan yeniyetmələr arasında təhsildən yayınanlar da çoxdur. Həmin şagirdlər məktəbə qarşı olan həvəslərini itirirlər. Bullinq törədən və bullinqdən zərərçəkənlərin ailələrində də tərəflərin bir-birinə qarşı zorakılığı müşahidə edilir. Müşahidələr göstərir ki, ailədə düzgün tərbiyə edilməyən, diqqət və qayğı göstərilməyən uşaqlar ya bullinqi törədən ya da zərərçəkən olur. Nəticədə isə həmin şagirdlər məktəbdə zəif nəticələr göstərir və evdəki mənfi hallar məktəbdə də davam edir. Burada, təbii ki, yenə də əsas rol valideynlərin, müəllimlərin və psixoloqların üzərinə düşür.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər