NAXÇIVAN :

11 Mart 2025, Çərşənbə axşamı 00:13

Dövlətimiz gənclər və idman sahəsinə hər zaman dəstək göstərir

...

Azərbaycan Respublikasında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır.

Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı idman ölkəsi kimi dünya arenasında tanıtmışdır. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı cənab İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırmışdır. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmış və bu proses davam etdirilməkdədir. Bunun nəticəsi olaraq Bakı şəhərində və bölgələrdə ən mötəbər idman yarışları təşkil olunmuşdur. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə, ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənməkdədir. Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilk olaraq tarixə düşmüşdür. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynamışdır.

Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda 21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu oyunlarda 50 ölkəni  təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır. Bir daha gördük ki, Cənab Prezidentimiz sayəsində Azərbaycanda keçirilmiş idman tədbirləri ölkəmizin qüdrətini, tarixini, mədəniyyət və incəsənətini, gözəlliyini bütün dünyaya təqdim etdi. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bugünkü tarixi qələbələrimiz bütün idman ictimaiyyətinin ölkəmizin inkişafı naminə səfərbər olması da uğurlu siyasətin nəticəsidir. “Mən, həqiqətən, şadam ki, Azərbaycanda idman və Olimpiya hərəkatı artıq həyatımızın bir hissəsinə çevirilib, idmançılara və veteranlara diqqət yüksək səviyyədədir. Əminliklə vurğulamq lazımdır ki, respublikamızda davamlı və sürətli inkişaf fonunda idman sahəsində də böyük işlər görüləcək və yeni zirvələr fəth olunacaqdır”. Cənab Prezidentin uzaqgörən bu ifadələri, doğrudan da, illər öncə əminliklə vurğuladığı bu istəklər reallığa çevrildi. Azərbaycan idman sahəsində dünyada yetərincə uğur qazandı və yeni zirvələr fəth etdi. Buna misal olaraq 2024-cü ildə Fransanın Paris şəhərində baş tutan Yay Olimpiya və Paralimpiya oyunlarında idmançılarımızın uğurlu nəticələr əldə etməsidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də fərqlənənlərin əməyi dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.

Uğurlu siyasətin nəticəsi olaraq ölkəmizdə əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. İdmanın inkişafı təkcə hansısa idman yarışında iştirak edib, nailiyyət qazanmaqdan ibarət deyil, həm də bədən tərbiyəsi və idmanla məşğul olmaq, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində mühüm rol oynayan bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncama uyğun olaraq bədən tərbiyəsi və idmanın gündəlik həyat tərzinə çevrilməsi, böyüməkdə olan gənc nəsil üçün idman alətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Naxçıvan şəhərinin bir sıra ərazilərində açıq hava idman qurğuları əhalinin istifadəsinə verilmişdir.

Bundan başqa, Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikanın bütün rayonlarında olduğu  kimi, Naxçıvan şəhərində də mövcud bədən tərbiyəsi və idman müəssisələri yenidən qurulmuş və maddi-texniki bazaları möhkəmləndirilmiş, həmçinin yeni tikilən təhsil müəssisələrində ən müasir standartlara cavab verən idman zalları və açıq idman meydançaları yaradılaraq lazımi idman qurğuları ilə təchiz edilmişdir. Bu gün muxtar respublikada idman sahəsi daim  diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlb edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına, sağlam gənc nəslin yetişməsinə imkan yaradır. İdmanın inkişafına göstərilən dövlət dəstəyinin nəticəsidir ki, idmançılarımız həm ölkə daxilində, həm də ölkədən kənarda, beynəlxalq səviyyəli yarışlarda iştirak edərək muxtar respublikanı layiqincə təmsil edərək beynəlxalq səviyyəli  mükafatlar qazanmışlar.

        Sonda bunu deyə bilərəm ki,  idmanın kütləviliyini təmin etmək üçün ölkədə təbliğat mexanizmi düzgün qurulmuş, maarifləndirmə tədbirləri gücləndirilmiş və günün tələbləri səviyyəsinə qaldırılmışdır. Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan  Naxçıvan Muxtar Respublikasında idmanın bütün növlərinin inkişaf etdirilməsinə,  kütləviliyinə, bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsinə nail olunmuşdur.

   Vüsal MƏMMƏDZADƏ

  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı

Nəşr edilib : 02.02.2025 14:30